Armani Hotel üçün yeni Restoran və Holl

ilanın ən seçilən otellərindən biri Armani markasına məxsus Armani Hotel-dir. Tapşırıq olaraq bu otelin dizayn üslubundan yararlanıb Milanda yerləşən məşhur binalardan birinin daxilində ikinci filial üçün Holl və Restoran dizayn etməyimiz tələb olundu.

Bu bina Milanın ən məşhur binalarından hesab edilən Torre Velasca -dır. Dizayn baxımından mübahisəli kompozisiyaya malikdir. Belə ki, bir çoxları üçün bu XX əsr konstruktivizmi, bəziləri üçün isə kobud görünüşlü, eybəcər binadır. Hər nə isə, əsas odur ki, daxilində çox maraqlı işlər görmək mümükündür. Hər mərtəbəsi başqa otel və şirkətə məxsusdur, hündürmərtəbəli və əla şəhər mənzərəsi var.

Binanın ən yuxarı mərtəbəsi – 25 -ci mərtəbə məhz belə bir dəbdəbəli otel üçün ayrılmışdı. Bu bizə həm eyvandan istifadə, həm də gözəl mənzərə verir. Mərtəbə planı ilə aşağıdakı şəkildən tanış ola bilərsiniz.

Plandan da göründüyü kimi sahəsi çox da böyük olmayan mərtəbədə 4 və ya 5 lüks nömrə nəzərdə tutulub. Əsas istifadə yeri isə restoran hissə olmalıdır. Bu istəyi nəzərə alıb, aşağıdakı planı eskiz etdim.

Burada Armani otelin əsas binasının dizayn fəlsəfəsi saxlanmaqla fərqli məkan yaradılması qarşıya qoyulan əsas məqsəd idi. Sözün düzü, bir Memar kimi tamamilə yeni dizayn fəlsəfəsi üzərində işləməyin tərəfdarı olsam da, tədris proqramına əsasən, öyrənmək naminə yenilik yox, mövcud nəyinsə yeni formalarını qurmalı idim.

Bu səbəbdən dizayn ruhunu saxlamaqla aşağıdakı məkanları yaratdım:

1. Giriş

2. Reception

3. Gözləmə yeri

4. Bar

5. Restoran

6. Lounge area

7. Terrace

Holl hissənin yerləşəcəyi yer məntiqi olaraq bəlli idi. Giriş, pilləkən və lift boşluğuna ən yaxın olan hissədə yerləşməli idi. İçəriyə daxil olan kimi istifadəçini, qəbul (reception) qarşılayır. Qəbul masasını ellipsşəkilli dairəvi etməklə və bu ellipsin mərkəzində onix mərmərlə üzlənmiş divar yerləşdirməklə, divarın digər tərəfini bar etmək mümkün oldu. Beləcə bir dizayn (ellipsşəkilli masa) və bir Memari toxunuş (divar) ilə çoxfunksional obyekt əldə etmiş olduq. Girişin sağ və sol tərəflərində gözləmək və cofe içmək üçün yerlər var. Burada şam yeməyinə dəvət etdiyin qonağını, nömrəsində hazırlaşan dostunu və s. gözləyə və bir fincan qəhvə içə bilərsən.

Aşağıdakı eskizlərdən Restoranın əsas görünüşləri ilə tanış ola bilərsiniz:

Bu eskizdən və plandan aydın görmək olar ki, simmetrik işlənmiş planın sağ və sol tərəflərində bütöv divan və üzbəüzdə masa və stul yerləşdirilmişdir. Bu, çox yayılmış bir üsuldur ki, bununla masaları birləşdirməklə restorana daha çox saylı qrupları qəbul etmək mümükündür. Tam mərkəzdə 4 nəfərlik masalar yer alır və Armani otelin dizaynına xas arakəsmələrlə bir-birindən ayrı yerləşdirilmişdir.

Pəncərəyə yaxın yerdə isə Lounge Area adlandırdığım yer vardır ki, burada geniş divan, divanın qarşısında dekorativ kamin kimi istifadə olunan kiçik masa yer alır. Bura siqar çəkib, viski içib, şəhər mənzərəsini seyr etmək üçün xüsusilə dizayn edilib.

Təəssüf ki, bu sadəcə bircə dərslik tapşırıq idi və bu layihəni tam detallarına qədər işləyib hazırlaya bilmədik. Ancaq fakt budur ki, kiçik layihə və xəyaldan ibarət olmasına baxmayaraq ideya bəyənildi və Memara yeni təcrübə yaşatdı. Məsləhətim isə odur ki, öyrənmək yolunda hansısa bir dizayn yolunu tutub onun fəlsəfəsindən dizayn edin. Yalnız ondan sonra görəcəksiniz ki, şəklinə baxdığınız dizaynı tam dərk etmisiniz. Dərsin mənası da elə bu idi