7-ci baxış

əmişə fikirləşirdim ki, incəsənət ixtisası üzrə təhsil alan tələbələr 4-cü kursda mütləq klassik əsər üzərində işləməli, kurs işini və ya diplom işini klassik ənənələrə dayanaraq icra etməlidir. Xoşbəxtlikdən bu mənə qismət oldu. ADRA  ilk dəfə olaraq bu il ənənədən kənara çıxaraq, 4-cü kursu tamamilə diploma ayırmadı, 1-ci semestri mikrorayon layihəsi və onun tərkibində ayrıca inzibati bir binanı layihələndirməyi tapşırıq kimi bizim qrupa verdi. Və bununla mikrorayondan əlavə inzibati binanı klassik layihələndirmək fürsəti ələ düşdü.

Təsadüfən bu ərəfələrdə iş yoldaşım və dostum Hüseyn Rəmzi ilə birgə şəhərin məşhur restoranlarından birinin ikinci binasını layihələndirmək təklifini aldıq. Bina klassik olmalı idi. Və fürsətdən istifadə edib bu layihəni həm real tikilməsi, həm də kurs işimdə istifadə etmək üçün işlədim.

Restoran iki zaldan – şou və toy zalından ibarət və hər biri müvafiq olaraq 600  və 1000 m2 olmalı idi. Binanın yerləşəcəyi yer boş olsa da qonşu həyətlərin əraziyə girinti-çıxıntıları biraz problemlər yaratdı, amma istəyimizi tam olaraq həyata keçirməyi bacardıq. Həyət, qaraj, holl, iki foye, iki zal, işçi və digər zonalar çox rahat şəkildə əraziyə yerləşdirildi.

Əvvəlki klassik eskizlər məqaləmdəki eskizlər yəqin ki sizə tanışdır. Burada düşünülən ilk fikrin kağız üzərində əksidir. Təbii olaraq, eskizdən dəqiq klassik qayda-qanunları gözləmək olmasa da əsas konsepti eskizdə göstərdim. Yalnız sifarişçi eskizi bəyəndikdən sonra fasadın tam ortoqonal layihəsi üzərində işə başladım. Sifarişdən aydın idi ki, bura şoudan əlavə həm də toy keçirilməsi üçün nəzərdə tutulub. Deməli bina toy xarakterinə uyğun klassikada olmalı idi.

Bildiyiniz kimi klassik xarakterlər əsas iki hissəyə bölünür – kobud və incə xarakterli. Bu haqda sütunlar məqaləsindən daha ətraflı məlumat toplaya bilərsiniz. İncəliyin rəmzi olaraq binanın baş fasadını ionik sütunlarla qurdum.

Ümumiyyətlə klassika işləyirsinizsə, bilməlisiniz ki, XXI əsrdə əsl klassikadan söz gedə bilməz. Çünki fasadda ənənələrə tam riayət etsən də, konstruksiya baxımından təbii ki, klassik ənənlər yararsız olar. Və müasir kanstruksiya ilə klassik fasad əldə etmək olmur. Daha dəqiq, məsələn, sütun indiki dövrdə dekorativ olsa da klassik dövrdə əsas daşıyıcı konstruksiya idi. Karnizlər damın sərhəddi, karnizlərin altındakı kiçik kranşteynlər isə tektonika – yəni, binanın tavanını saxlayan tirlərin bədiiləşdirməsi idi. Daha sonra, sütunun bazası, pəncərə çərçivəsi, arkaların üstündəki açarlar və s. və ilaxır hamısı kanstruksiyanın tələbi ilə fasadda görsənirdi.

Binanın ortoqonal fasadı və planı

Yəni onların hər biri funksional idi. Lakin klassik dövr quru həcmlərdənsə daha bədii, zövqlü cizgiləri tələb edir. Və beləliklə bütün sütun növləri, bər-bəzəklər, dekorativ görünən elementlər sənətkarlar tərəfindən yaradılırdı.

Fikrimin əsas qayəsi ondan ibarətdir ki, – müasir dövrdə klassik bina işləyirsənsə, mütləqdir ki, o dövrün konstruksiyasına bələd olasan. Layihədə çalışmışam ki, mümkün qədər buna riayət edim. Bundan əlavə klassik ənənə mümkün qədər bədii mütənasibliklər tələb edir ki, bunu da bacardığım qədər düzgün həll etməyə çalışmışam. Binanın əsas daşıyıcı ritmi aktava olsa da burada həm də prima, böyük seksta- qızıl bölgü, kvinta, kvarta, kök altda 2 mütənasibliyi və digər çalarlarla kompozisiyanı daha da rəngarəng etməyə çalışdım.

Binanın üstündəki mələklər sevgi mələkləridir və onlar toyu olan sevgililəri gül-çiçəklə qarşılayırlar. Binanı sağ və soldan qoruyan məleykələrin fəlsəfəsi ondan ibarətdir ki, toy günü heç bir şər qüvvə sevgililərə yaxın gəlməsin, şənlik əhval-ruhiyyəsi onlara da keçsin.

Binanın fasadı əvvəlki mövzularımdan birində söz açdığım – fibrobetondur ki, bu da öz gözqamaşdırıcı bəyazlığı ilə bir mərtəbəli binanı daha da ecazkar göstərəcək. Bir mərtəbəli olmasına baxmayaraq, fikir verin, normal insan boyu sütunun yalnız baza hissəsi boydadır. Bu da binaya daha da əzəmət verir, evliliyin xarakterinə uyğun ali hisslər doğurur.

Binanın kəsikləri və planın təsnifatı

Günbəz hissə hər iki zala keçid rolunu oynayan hollun üzərinə düşüb ki, hər iki zala gələn sevgililər səmavi, ilahi enerjidən qidalansın. Belə ki, günbəz səmadakı ali enerjini göydən yerə çəkən ən ideal formadır. Necə ki, məscid layihələrində bundan istifadə olunur, həm də bu cür ali hisslərin olduğu toy məkanlarında da günbəzin özünəməxsus yeri var.

Mikrorayona isə elə də çox diqqət ayırmadım, sadəcə konsepti çəkdim. Çünki şəhərsalma, mikrorayon tipli layihəni bir neçə ay ərzində heç bir memarlıq və dizayn tələbəsi kamil şəkildə çəkib çatdıra bilməz, bu özünü aldatmaq olar, baxmayaraq ki, bizdən tələb olunan bu idi. Təbii ki, bundan qat-qat yaxşısını etmək olar, amma belə olan halda əsas restoran layihəsi kölgədə qalardı. Burada isə mikrorayonun yerləşəcəyi boş ərazinin inkşaf planının konseptual həlli var. Hündürmərtəbəli binaların, məktəb və bağçaların, ictimai mərkəzlərin yerləri və s. göstərilib.

Kurs işinə uyğun olaraq iki kəsik, fasad, plan və perspektivalar hazırladım. Layihəni müəllimlər heyyəti və rektorumuz çox hörmətli – Ömər Eldarov bəyəndi və 10 balla qiymətləndirildim. Fikrimcə tələbə üçün ən böyük hədiyyə sənətdə öz sözünü demiş böyük insanların layihəni müsbət qarşılamasıdır, hər kəsə təşəkkürlər…

QEYD: renderdə köməkliyi əvvəlki layihələrdə olduğu kimi Vaqif Kərimov yerinə yetirdi, fürsətdən istifadə edib bir daha minnətdarlığımı bildirirəm.

QEYD 2: fotoları çəkməkdə göstərdiyi köməkliyə görə isə Aygün Bunyatovaya təşəkkür edirəm