Fibrobeton

eçən il olduğu kimi bu il də inşaat sərgisində iştirak etdim və ən çox diqqətimi çəkən materialları sizinlə bölüşmək niyyətindəyəm. Qeyd edim ki, bu ilki 17-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi- Baku Build, 19-22 oktyabr tarixində baş tutdu və istər həcminə istərsə də peşəkar təşkilatçılığına görə olduqca müsbət təsir bağışladı. Təşkilatçılara fürsətdən istifadə edib minnətdarlığımı bildirirəm.

Materiallardan ilk olaraq isə Azərbaycanda yeni olan Fibrobeton haqda söhbət açmaq istərdim. Qeyd edim ki, məhsulu sərgidə “SilkWay Holding”in SWC (Silkway construction & industry) şirkəti nümayiş etdirirdi (şirkət haqda ətraflı məlumadı www.swfibrobeton.az saytından əldə edə bilərsiniz).

Material binanın fasad üzlüyü kimi istifadə olunur. Xatırlayırsınızsa əvvəlki yazılarımda eyni məqsəd üçün istifadə olunan penoplast üzlüklərin müsbət və mənfi cəhətlərinin olması haqda söz açmışdım. Fibrobetonla tanış olduqda isə materialın bir çox üstün cəhətləri xüsusilə diqqətimi cəlb elədi.

Məsələn, möhkəmliyi, ekoloji təmizliyi, uzunömürlülük cəhətdən qüsursuz olması materialı özünəqədərki digər materiallardan ayıran əsas xüsusiyyətlərdəndir. Möhkəmliyinə misal üçün adi betondan 10 qat daha güclü olmasını qeyd etmək istərdim. Bunun səbəbi materialın daxilindən şüşə liflərin keçməsidir ki, bu da adi betonda armaturun keçməsini xatırladır. Şüşə liflər fibrobetonu daxildən tor kimi saxlamaqla betondan daha möhkəm vasitəyə çevrir. Qeyd edim ki, şüşə liflər Alman texnalogiyası ilə Türkiyədə hazırlanır.

Fibrobeton panellər binaya dəmir konstruksiya ilə bağlandığı üçün divarla panellər arasında hava qatı qalır ki, bu da nəmişliyin olmamasına və divarda ventilyasiyanın saxlanılmasına şərait yaradır.

Panellər izolyasiyaedici xüsusiyyət daşıyır. İsti-soyuğu keçirməmək baxımından etibarlıdır (60 dərəcəyə qədər soyuğa davamlıdır), eyni zamanda səsin nisbətən izolyasiya olunması da fibrobetonun xüsusiyyətlərinə daxildir.

Tikinri materiallarımdan ən çox fikir verdiyim xüsusiyyət onun radiaktiv təsirinin olub-olmamasıdır ki, fibrobeton radiaktivlik cəhətdən tam etibarlıdır, buna görə də  ekoloji mahiyyət daşıyır.

Panelləri istədiyimiz rəngdə boyamaq olar. Öz rəngi “super bəyaz beton” olduğu üçün ağdır. Məhz ağ rənglə istifadə üçün bu materiala xüsusi diqqətim yaranıb. Ancaq yenə də istənilən rəngdə fasad boyaları ilə boyana bilər.

Materialın səthi hamar olduğu üçün çirklənmə baxımından digər daş üzlüklərdən nisbətən yaxşıdır. Üstəlik panellərə çirkə qarşı xüsusi maddə çəkildikdən sonra təmizlik baxımından daha da etibarlı olur.

Fibrobeton su keçirmir və paslanmaya davamlıdır. Odadavamlılığa qarşı etibarlıdır və buna görə xüsusi sertifikatı var. Maraqlı cəhətlərdənbiri də odur ki, materialın tərkibində şüşə liflərlə yanaşı Alman istehsalı olan selikon da vardır, beləcə panellər daha elastik olur ki, bu da zəlzələ zamanı çatlaq, qırıq kimi xəsarətlərin minimuma endirilməsinə kömək edir.

Üzlük materiallarda ən çox memarı narahat edən cəhətlərdən biri də üzlük panellərinin birləşmə yerlərinin bilinməsidir. Fibrobeton qəliblərə tökülüb hazırlandığı üçün fasadın istənilən səthi ölçüsündə sifariş verməklə daha geniş səthi əhatə edən panellər əldə etmək olar ki, bu da panel birləşən yerləin minimum və ya heç görsənməməsinə kömək edir. İstənilən formaya uyğun qəliblərin hazırlanması və hər cür memarlıq elementinin ərsəyə gətirilməsi də şirkət tərəfindən həyata keçirilir.

Fibrobetonun ömrü isə 60 ildir. Təbii ki, hər bir material kimi “dağıtmasan-dağılmaz” prinsipi ilə bunu da daha uzunömürlü istifadə etmək olar.

Materialın qiyməti isə təbii ki, layihədən asılı olaraq dəyişir. Ancaq orta qiymət (yalnız düz səthlərdə) 90-120 manat arasında dəyişir (hər kvadrat metrəsi). Qiyməti digər üzlük materiallarla müqayisədə bir qədər bahalı olsa da eyni zamanda keyfiyyət baxımından da digərlərindən dəfələrlə üstündür. Artıq gələcək layihələrimdən birində bu materialı istifadə etmək barədə düşünürəm. İstifadədən sonrakı təəssüratlarımı mütləq sizinlə bölüşəcəyəm.

QEYD: şirkətin nümayəndəsi Rüstəm Bağırova suallarımı cavablandırdığı üçün təşəkkür edirəm (şirkətin müştərilərinə xüsusi dəyər verməsini yüksək qiymətləndirirəm)