Mikayıl Hüseynov

Bu həftə Azərbaycanın görkəmli memarı Mikayıl Hüseynovun doğum günü oldu. Bu münasibətlə Azərbaycanın fəxri sayılan, dahi memar M.Hüseynov haqqında tarixi faktları, layihələrini və s.-ni sizinlə bölüşəcəm.

Memar 1905-ci il, aprel ayının 19-u Bakı şəhərində dünyaya gəlmişdir. Ali təhsilini 1922-29 –cu illərdə Politexnik universitetində, Mühəndis Memar ixtisası üzrə bitirmişdir. Bundan sonra sərbəst yaradıcılığa başlayan memar öz yaradıcılığı ilə Bakını XX əsr üçün dünyanın digər paytaxtlarından da yüksək səviyyəyə çatdıra bilmişdir. Layihələrinə baxanda Bakının ən məşhur binalarının müəllifi olduğunun şahidi olacaqsınız.

Dövlət və Respublika mükafatı laureatı, SSRİ xalq memarı, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Memarlıq doktoru, Professor – Mikayıl Hüseynov, dövrünün ictimai və mədəni xadimi kimi daim fəallığı və məhsuldar yaradıcılığı ilə seçilib. Ömrünün təqribən 50 ilini memarlığa həsr edən memar iki Lenin ordeni, iki Qırmızı əmək bayrağı ordeni və SSRİ-nin başqa orden və medalları ilə təltif olunub.

Memarın layihələrinin çox az hissəsinin internetdə olmasını nəzərə alıb məndə olan materialları sizinlə bölüşmək istərdim. Təəssüf ki, layihələrin bəziləri artıq sökülüb, çoxusu isə əvvəlki görkəmini itirib, ona görə də bir çox layihənin sovet dövründən qalmış fotoşəkilləri yerləşdirəcəm:

layiheler

Layihələrin maketləri:

L m

Əvvəlki mövzularımda da geniş yer verdiyim memarın yüksək sənətkarlıqla layihələndirdiyi  bağ evi.Təəssüf ki bu cür şedev əsərə sahib çıxa bilmədik.

m h

Mikayıl Hüseynov eyni zamanda bir çox heykəllərin postamentlərinin də müəllifidir. Bir çox layihələrini “qəlb və sənət dostu” Sadıq Dadaşovla və heykəltəraş Fuad Əbdürrəhmənovla birlikdə layihələndirib.

heykelleri

Memarın məşhur şəxslər ilə foto şəkilləri:

meshurlarla

1979-cü ildə buraxılmış müəllif Bağırbəyovun “Mikayıl Hüseynov” adlı kitabdan memarla müəllifin intervyusunu sizlərlə bölüşmək istərdim:

Sizin memarlığı özünüzə peşə seçməyiniz hər şeydən əvvəl nə ilə bağlı olub?

–         Bu sənəti mən hələ uşaqkən sərbəst olaraq seçmişəm. Belə ki, hələ uşaq yaşlarımdan kibrit dənələrindən, plastilindən, ağac qırıntılarından müxtəlif “konstruksiyalı binalar” tikərdim. Indiki kimi yadımdıarı, 10 yaşım tamam olanda qohumlarım mənə Leonardo Da Vinçi haqda kitab və İtaliya şəhərlərinin mənzərələrini əks etdirən filmoskop bağışladılar. Mən uzun illər nə o kitabdan nə də ki, filmoskopdan ayrıla bilmədim. Bu iki hədiyyənin özü də mənim memarlıq sənətinə olan sevgimi daha da qüvvətləndirdi… İllət ötdü Bakı Politexnik İnstitutunun inşaat şöbəsi, sonra da sərbəst fəaliyyət.

Yaradıcılığınızda hansı sənətkarın təsirini hiss etmisiniz?

–         Aleksey Viktoroviç Şusevlə şəxsi tanışlıq, Sadıq Dadaşovla birlikdə onun məsləhət və tövsiyyələrini dinləmək mənim yaradıcılığıma təsirsiz ötüşməyib.

Ən çox sevdiyiniz memar və memarlıq məktəbi.

–         Bir çox dünya ölkələrini gəzmişəm, başqa-başqa dünya ölkələrinin memarlıq məktəbləri, üslubları ilə tanışam. Ən çox sevdiyim memarlıq məktəbi isə üslub və xarakterinə görə bütün digər məktəblərdən fərqlənən Sovet memarlıq məktəbidir.

Hansı layihənizi bəyənirsiniz?

–         Bundan sonrakı layihəmi. əvvəlkilər layihəyə tam cavab vermir. Layihə ilə o qədər də sələşmir. Nisbətən uğurlu olanlar isə – Moskvadakı Xalq Təsərrüfatı Nəaliyyətləri sərgisində Azərbaycan Pavilyonu və Nəriman Nərimanov adına metro stansiyasını göstərmək olar.

Müasir memarlıqda millilik probleminə münasibətiniz necədir?

–         Müasir memarlıqdan danışarkən unutmamalıyıq ki, bu günkü sənətimizin kökləri əsrlərimizin dərinliklərindədir. Heç bir texniki nəaliyyət, heç bir təzə tikinti materialı yüzilliklər boyu formalaşmış el memarlığının mütərəqqi cəhətlərini inkar etmir. Əksinə, burada hər şey bizim gözəl ənənələrimizə münasibətimizdən, professional səviyyə və düşüncəmizdən asılıdır. Biz xalq sənətimizdən həmişə öyrənirik, ondan faydalanırıq.

Təcrübəli sənətkar kimi gənc memarlara nəyi arzulayırsınız?

–         Hər şeydən əvvəl yüksək sənətkarlığı. İkincisi isə, doğma xalqının mədəniyyət tarixini, qədim el memarlığımızın mütərəqqi ənənələrini dərindən öyrənməyi arzu edirəm. Mənə belə gəlir ki, həqiqi sənətkarın gücü qüdrəti onun ilk növbədə milli ənənələrinə bağlılığındadır. Doğma ənənələrə bağlılıq – sənətkar palitrasının solmaz boyalarıdır. Bir də gənc memarlara tövsiyyə edirəm ki, dünya mədəniyyətini dərindən öyrənsinlər. Xarici ölkələrin tikinti sənətinin nəaliyyətləriylə yaxından tanış olsunlar. Hər bir mütərəqqi cəhətlərdən yaradıcılıqla istifadə etsinlər.

Memar 1992 -ci ildə, 87 yaşında vəfat edib. Allah rəhmət eləsin.

Memarın şərəfinə Simurq cəmiyyəti tərəfindən Mikayıl Hüseynov mükafatı təsis olunub. Bütün Azərbaycan memarlarına bu mükafata layiq olmalarını və onunla təltif olunmağı arzu edirəm.



Azərbaycanda memarlığın olmadığını iddia edənlər ümid edirəm ki, bu məqalədən sonra fikirlərini dəyişəcəklər. Bizim memarlıq irsimiz digər bir çox ölkələrlə müqayisədə çox fərqli və orjinaldır, sadəcə olaraq keçmiş gözəl ənənlərə sadiq qalmaq lazımdır. Nəyisə sıfırdan yaratmaq yox, bizdən əvvəlki nəsillərin bizə miras qoyub getdikləri yadigarlara sahib çıxmaq və onlardan bəhrələnmək lazımdır.

QEYD: təəssüf ki, slide-larda şəkillərin adını yazmaq mümkün olmadı. Hansı şəkil, layihə haqqında ətraflı sualınız olarsa buyurun şərhlərdə soruşun.

QEYD 2: material toplamaqda göstərdiyi köməkliyə görə Hüseyn Eyyubova təşəkkür edirəm.