Dənizçi evi

arşımızda dizayn tarixi dərsinin final tapşırığının həlli var idi. Verilən tapşırığa əsasən, bütün semestr ərzində keçmiş olduğumuz dizayn obyektlərindən istifadə edərək layihə tərtib etməli idik. Layihəmin mövzusunu Dənizçi Evi seçdim.

Bu ev bir və ya iki nəfərin yaşaması üçün və balıqçılıqla məşğul olmağa tam yararlı olmalı idi. Buna görə semestr boyu öyrəndiyimiz yüzlərlə obyektdən ən az 6 ədəd olmaqla seçib bu evdə işlətməli idik.

Evin planına nəzər salaq:

Burada istifadə etdiyim obyektləri bir-bir görmək mümkündür, onların hərəsi haqda bir azdan ayrıca yazacağam. Diqqəti çəkmək istədiyim isə sadə evin funksional əlaqəsidir. Belə ki, girişdən daxil olduqda sağ tərəfdə S/Q (sanitar qovşağı) yer alır, ondan sonra mətbəx, daha sonra yataq otağı zonası, ondan sonra isə qonaq otağı zonası yer alır. Ev dəniz mənzərəsinə tuşlanıb. Kəsilmiş reliefdə yerləşən evin yan tərəfində sahilə enmək üçün pilləkən və evin altında qayığı yerləşdirmək üçün qaraj vardır.

Söhbət açmaq istədiyim ilk dizayn obyekti Allan Waxler tərəfindən 1988-ci ildə dizayn olunmuş çox maraqlı obyektdir. Belə ki, bu obyekt sayəsində evi divarla iki zonaya ayırmaq mümkündür. Divarda yer alan və mebelin formasında kəsilmiş dəlikdə, yataq-divan yerləşmişdir. Yataq-divan, altında təkərlər olan, divarın iki tərəfinə sürülə bilinən obyektdir. Beləcə gündüzlər qonaq otağı zonasında divan funksiyası daşıyan mebel, gecələr digər tərəfə itələnərək yatağa çevrilir. Həm də istənilən günlərdə yatağı evin qonaq otağı zonasına sürməklə səhəri gözəl mənzərə ilə açmaq da mümkün olur.

İkinci dizayn obyekti İtalyan Memar-dizayner Gio Pontiyə məxsus, 1950-ci ildə dizayn edilmiş Tavolino kofe masasıdır. Bu dizayn obyektini seçməkdə məqsədim odur ki, Memar burada təbii qaya parçasından istifadə edib və bu da evin ümumi ssenarisinə uyğun gələrək, dənizçiliyi, dənizdəki qayaları xatırladır.

Bu ssenarini davam etmək üçün 3-cü dizayn obyekti olaraq Memar-dizayner Gerrit Reitveld tərəfindən 1934-cü ildə dizayn edilmiş Krat Tafel stulunu seçdim. Yataq otağında istifadə ediləcək stul olduqca sadə və ucuz görünüşlüdür. Balıqçı evinin məzmununa tam uyğun gəlir amma eyni zamanda məşhur de-stijl üslubunun nümayəndəsi Memar tərəfindən dizayn edildiyi üçün, evdə xüsusi dizayn obyekti kimi diqqəti cəlb edir.

Eyni Memar tərəfindən 4-cü dizayn obyektim yenə eyni ildə dizayn edilmiş Zig-zag stuldur. Bu olduqca məşhur dizayn obyektidir və evin qonaq otağı hissəsində, fonda mənzərə ilə cazibədarlıq simvoluna çevrilir.

Sadəliyi və funksionallığı ilə olduqca bəyəndiyim 5-ci dizayn obyektim – 1860-cı ildə Robert Wagan tərəfindən dizayn edilmiş Peg adlı interyer layihəsinin maraqlı detalıdır. Bu otağın bütün divarı boyu davam edən asılqandır. Burada güzgü, stullar, geyim və s. gündəlik istifadə olunan əşyaları asmaq mümkündür. Nəzərə alsaq ki, balıqçı evində bu tip alətlər çox olur, fikrimcə bu obyekt evin sahibinin çox köməyinə dəyər.

Sahil üçün daha cazibədar və dəbdəbəli obyekt olan məşhur Memar Mies van der Rohe tərəfindən 1969-cu ildə dizayn edilmiş Archizoom stulundan evin 6-cı dizayn obyekti kimi istifadə etdim. Fikrimcə minimalist xarici görünüşə sahib olan binanın çöl mebelləri və detalları cəlbedici olsa layihə daha dolğun olar, bu səbəbdən Memarın bu dizaynından istifadə etdim.

Eyni zamanda binanın xarici görünüşündə öz detal gözəlliyi ilə seçilən və 1926-cı ildə Eilren Gray tərəfindən layihələndirilmiş Cap-Martin adlı villanın həyətə düşən pilləkənindən evin 7-ci dizayn elementi kimi istifadə etdim. Bu pilləkən öz layihələndirilmə səbəbi ilə mənim təkadamlıq balıqçı evimə tam uyğun gəlir. Belə ki, bu pilləkən təxminən 40 sm enindədir və sadəcə 1 nəfərin enib qalxması üçün nəzərdə tutulub. Məhəccəri də rahatlıq baxımından pilləkənin kənarından üfiqi istiqamətdə çıxaraq yuxarıya doğru qalxır və insanın ondan rahat tutması üçün doğru məsafədə yer alır. Pilləkənin belə ensiz olmasının üstün tərəfi onun tikilməsinə gedən əlavə xərcdən və vaxtdan xilas olmasından ibarətdir.

Son olaraq 8-ci dizayn elementi kimi Rem Koolhaas tərəfindən 1994-98-ci illərdə layihələndirilmiş Villa Lemoine evinin pəncərələrindən istifadə etdim. Bu pəncərələr xaotik görünüşlü görünsələr də, əslində Memar tərəfindən tapılmış modul əsasında düzülüb. Belə ki, insan gözü məişət şəraitində 3 fərqli yüksəklikdə olur. Ayaq üstə durduğumuz vəziyyət, oturduğumuz və uzandığımız vəziyyət. Üç sıra ilə davam edən və evin funksionallığına görə düzülmüş bu dairəvi pəncərələr dənizdə olan oksigen baloncuqlarını xatırlatdığı üçün evin ssenarisinə uyğun gəlir.

Beləcə balıqçı evində semestr boyu keçdiyimiz bütün tarix materiallarından cəmi 8-dən istifadə edərək yeni layihə ərsəyə gətirmiş olduq. Bu olduqca maraqlı məşğuliyyətdir. Bu yolla öyrəndiyin bütün materialları nəzərdən keçirib beynində götür-qoy edirsən, araşdırırsan və analizlər aparırsan. Bu isə öyrəndiklərinin beyninə həkk olunmasına kömək edir.

Məsləhətim odur ki, “1000 designs” tipli kitablardan alın, daha sonra, o kitabı gözü bağlı 10 dəfə fərqli səhifədən açın və hansı obyektlər düşdüsə onlardan istifadə edib klauzura çəkin. Və ya özünüz bir ssenari seçib ona uyğun obyektləri tapıb layihənizdə yerləşdirin. Əgər kitabınız yoxdursa internetin köməyi ilə də bunu etmək olar, əsas odur həvəsiniz olsun və elə bu dəqiqədən başlayın cızma-qaraya :)