Kitab

rtıq Milanda magistr təhsili almağa başladım. Bu gün 1 həftəni başa vurdum. Düşünürəm ki, burada gördüklərimi öyrəndilərimi sizlərlə bölüşmək borcumdur. Belə ki, hər həftə sonu çalışacağam dərslərdə baş verənlər haqda və ya yeni mühitdə ümumi gördüklərim haqda nəsə yazım.

Sizə danışım dərsdən.. İlk dərs, tələbələri qruplara bölmək oldu. Məqsəd, daha professional müxətəsislər yetişdirməkdir. Çünki Memarlıq komanda işidir və məcbursan ki, komanda ruhunu özündə inkşaf etdirəsən. Bu hissi avropalıların universitet illərindən etibarən Memarların canına hopdurmağa çalışmaları diqqətimi çəkdi. Çünki Memarlıq sırf komanda işidir. Tək Memar olmaq sadəcə mümkün deyil. Bir çox insan ilk vaxtlar tək işləməyə üstünlük verir. Bu isə böyük səhvdir. Komanda işi Memarlıqda daha vacibdir.

Hər qrupda 3 nəfər olduq və iş bölgüsü apardıq. Sözün düzü hər kəs üçün bu sistem yeni olduğu üçün kim nəyi bacardı etdi.

Mövzu belə idi: 3 məşhur Memarın heç bir yerdə tanınmayan eskizi tələbələrə verilir. Üçündən birini seçib eskizləri öz fikirlərinlə inkşaf etdirməlisən. Təsəvvür gücünü işə salıb Memarın nə demək istədiyini araşdırmalısan. Əlbəttə bunun üçün ilk əvvəl Memarın özünü öyrənməlisən.

Eskizlərdən biri, çox da yaxşı tanımadığım amma araşdırdıqdan sonra çox sevdiyim fransız Memarı Laurent Beaudouin oldu (Memarın eskizi məqalənin ilk fotosudur).

İlk baxışdan çox informasıyanın olmaması çətin kimi gəlsə də, işlədikcə görürsən ki əslində belə daha yaxşıdı. Beləcə daha çox əlavələr etməyə imkanın olur və kopyadan daha çox yaradıcılıqla məşğul olursan.

Eskizdə ilk addımlarımızı sadə yolla getdik, xəttləri izləyib əsas formanı beynimizdə qurmağa çalışdıq. Daha sonra araşdırmalar edib Memarın dəst-xəttini öyrəndik, Memarlıq yolu ilə tanış olduq. Xoşbəxtlikdən bu yol bizimki ilə yaxın yollardır, beləcə gördüyümüz işdən daha çox həzz almağa başladıq :)

Aşağıdakı eskizlərdə, Memarın cızma-qarasına daha dəqiq xəttlər əlavə etdik, sonra onu proqrama uyğun olaraq 3 mərtəbəli etdik, daha sonra eskizdən təsəvvür etdiyimiz kimi ora həyət və səma əlavə edib ilkin formanı aldıq.

Layihənin mövzusu kitabxana idi. Layihə üçün adı da təsadüfi seçmədik. Belə ki, ilk qrupumuzun üzvləri suriyalı, türk və azərbaycanlı idi. Hər 3 ölkənin dilində də kitab elə kitabdı. Bu səbəbdən layihənin adını “Kitab” təyin etdik.

Aşağıda Memarın eskizinə uyğun kitabxananın ilk eskiz variantını görə bilərsiniz. Burada əsas panorama Memarın eskiznə uyğundur və məntiqi olaraq layihənin digər formaları özünü göstərməyə başlayır.

Bu variantda əsas məqsəd bizə lazım olan panoramanın fonunda kitabxana üçün lazım olanları layihəyə əlavə etmək oldu. Məsələn, belə məkanlar üçün lazım olan təbii işığın içəriyə kənar divarlardan, bəzən isə tavandan qəbulunun həlli yollarını araşdırdıq. Təmiz havalanma üçün şərti dövriyyə sixemini qurduq və s.

Sözün düzü ilk variant bir neçə saatlıq eskiz idi və məni bir o qədər də qane etmədi. Pnaoramaya uyğunlaşmaq adına binanı stadiona oxşatmaq olmazdı. Bu səbəbdən layihəyə əlavə və dəyişikliklər edib aşağıdakı variantı təyin etdik və bunun üzərində qaldıq.

Bu variantın əsas ideyası Memarın da öz layihələrində istifadə etdiyi günqırıcı fasad panellərini layihəmizə gətirmək, onu öz fəlsəfə və dizaynımızla təqdim etmək oldu. Belə ki fasad panelinin əsas fəlsəfəsi informasiya dalğalarının vizual görüntüsünü əldə etmək idi.  Bunun mənası odur ki, əsirlər boyu kitablarla milyonlarla informasiya ötürülür və biz bunu nomumental abidə kimi fasad materialına çevirib çoxfunksiyalı element əldə edirik.

Üstəlik bu panel aşağıda böyük hissələrlə başlasa da, yuxarıya qalxdıqca ölçüsü kiçilir. Bunun məqsədi sonsuzluq effektini almaq və vizual effekti gücləndirməkdir. Binaya aşağıdan göz səviyyəsində baxarkən, gözün foksu nisbətən yaxın məsafəni görür və hiss edir. Amma vizual olaraq kiçilib “yalançı perspektiva”ya gedən panel izləyicini çaşdırır və XXI əsr Memarlığını yaradır.

Bu panellər kitabxanaya lazım olmayan birbaşa gün işığının qarşısını alır. içəriyə yalnız səhərin şərq günəşi və axşamın qərb günəşi daxil olur ki, bu da qırmızımtıl gün işığının panellərlə birləşib interyerdə fantastik işıq-kölgə oyununu yaradır.

Kompozisiyanı daha maraqlı etmək üçün U şəkilli planlamaya kiçik dəyişiklik edib, binanın sol tərəfini 20 dərəcə yana doğru çevirdik. Beləcə binaya geniş baxış bucağı əldə etdik, iqlim baxımından əlverişli forma aldıq və şəhərsalma baxımından düzülüş çərçivəsindən çıxaraq daha müsir kompozisiya əldə etdik.

Binada başqa maraqlı tərəflər açıq məkanlardır. Məsələn sol tərəfdə binaya əsas girişin üstübağlı açıq məkan olması Memarlıq baxımından maraqlı boşluq yaradır. Bunun eynisinin sağ tərəfdə 2-ci mərtəbədə yer alması həm binanın kompozisiyası baxımından əlverişlidir, həçm də yeni həyat tərzi yaradır. Belə ki, bir çox insan sakit məkanda oxumağı sevmir, belə yerdə fikri daha çox dağılır. Onlar üçün şəhər uğultusunu eşidə biləcəkləri açıq hava kitabxanası yaratıdıq. Onunla aşağıdakı eskizdən tanış ola bilərsiniz.

Burada insanlar otura bilər, uzana bilər, ayaqüstə durub təmiz hava qəbul edə bilər. Eyini zamanda bunları edərək kitab oxuya, siqaret çəkə, kofe içə bilər və s. Yaşıllıqlarla əhatələnmiş, üstübağlı, açıq məkan tam insanların istifadəsinə verilir.

Aşağıda növbəti interyer görüntüsü ilə tanış ola bilərsiniz. Bura üstübağlı oxu zalıdır. Məkanı fərqli edən sadəcə sağ tərəfdə oturacaqların və işıqlanmanın bar tipli olmasıdır ki, bunu da yeni istifadə qaydası adlandırmaq olar. Qalan hər şey tam sistematik, axışqan şəkildə fəaliyyət göstərir.

Memarın də öz yaradıcılığında üstünlük verdiyi monumentalizm cizgilərini biz bu layihəyə binanın Holl hissəsində gətirdik. Belə ki, əsas pilləkəni heykəlvari edib, rəngini şux seçməklə, həm özümüzdən əvvəlki ənənəyə sadiq qalmağa çalışdıq, həm də maraqlı interyer əldə etdik. Burada tünd boz rəngdə beton divar, iki mərtəbə hündürlüyündə böyük pəncərə, orijinal rəngində yarımparlaq beton döşəmə və rəngli, parlaq reception-pilləkən kompozisiyasını eskiz etdik.

Binanın kəsik və planı ilə aşağıdan tanış ola bilərsiniz. Bu sadəcə dizayn planlarıdır və orda qapı, pəncərə, otaqların adlarını axtarmayın :)

Otaqları sadəcə olaraq belə deyə bilərəm ki;

1-ci mərtəbdə (h=3m), sol tərəf əsas Giriş, Holl, Reception, Pilləkən; ortada ofislər (binanın həyətini görə biləcək şəkildə yerləşdirilib); sağ tərəfdə böyük kitab mağazası

2-ci mərtəbədə (h-3m), sol tərəfdə Pilləkən, Holl, Oxu zalı; ortada ofislər; sağ tərəfdə kiçik kitabxana zalı və açıq hava kitabxanası yer alır

3-cü mərtəbədə (h=5m) isə, sağ tərəfdə Oxu zalı; ortada Ofislər; sağ tərəfdə isə Restoran yerləşir

Eyni zamanda plana fikir versəniz, binanın kompozisiyasına dayaz və forma baxımından çağdaş dekorativ hovuz əlavə edib məkanları bir neçə yerə böldük.

Beləcə Memarın addımları ilə gedib nə demək istədiyinə nəzər saldıq. Bununla da qrupun bəyənilən işləri sırasına düşdük