Azərbaycan Memarları ilə yaxında tanışlıq – Rəhim Seyfullayev

zərbaycan Memarlığında son dövrlərdə olan problemlərdən biri də Təcrübəli Memarlarımızla gənclər arasında yaxınlığın lazımı səviyyədə olmaması, bu iki nəsil arasında sıx münasibətlərin gərəkli olan səviyyədə qurulmamasıdır. Halbuki, gənc olaraq təcrübəli sənətkarlarla söhbət etməyin, maraqlandıran sualları verməyın və birbaşa yaradıcı enerjini hiss etməyin yerini heç bir təhsil sistemi, təcrübə və s. verə bilməz.

Bu səbəbdən ötən il ilk dəfə olaraq gənc Memarlarla Təcrübəli Memarların kiçik görüşünü təşkil etdik və bu görüş hər iki nəsil arasında olan uzaqlığı aradan qaldırıb onların bir-biri ilə yaxından tanış olmaları, fikir mübadiləsi etmələrində böyük rol oynadı  və gənclər üçün Memarlığa, sənətə, dünyaya baxışında yeni nəfəs oldu.

Artıq heç şübhə yoxdur ki, bu tip görüşlərin tez-tez keçirilməsi labüddür. Bu səbəbdən Azərbaycan Memarlar İttifaqının, Yaradıcılıq Şurasının təşəbbüsü ilə bu tip görüşlərin tez-tez təşkili baş tutacaqdır. Silsilə halını alacaq belə görüşlərin mütəmadi hal alması yalnız tələbələrin, gənclərin və vətəndaşlarımızın maariflənməsi məqsədi daşıyır.

İlk görüş isə Azərbaycana, ölkəmizin paxtaxtı olmuş Bakıya böyük töhfələr vermiş görkəmli Memarımız – Azərbaycan Respublikası Əməkdar Memarı – Rəhim Seyfullayevlə baş tutacaqdır.

Tədbir, 1 fevral tarixində, Azərbaycan Memarlar İttifaqında, saat 19:00 –da keçiriləcək. Bu görüşə tələbə Memarlar, gənc Memarlar və ümumiyyətlə şəhər sakinlərimiz dəvət olunurlar. Hansı ki, yaşadığımız şəhərin qurucuları olan Memarlarımızı tanımağa haqqı olan insanlar, hər biriniz təbirimizin qonağısınız.

Elandan xəbəri olan Memar dostlarımızdan isə xahişim odur ki, bu görüş haqda maraqlanan hər kəsə məlumat versinlər. Əminəm ki, belə görüşlərin buraxdığı izlər heç zaman yaddaşımızdan silinməyəcək.