Memarlığın Ssenarisi

emarlıq layihəsinin ərsəyə gəlməsində yaradıcı prosesin rolu danılmazdır. Bu proses tikintidən də vacibdir. Çünki, onsuz da, istənilən Memarlıq layihəsinin inşaat, tikinti işləri olur və onu necə həll etməyin konkret qayda-qanunları var. Əsas məsələ onun sonda əsil Memarlıq nümunəsi olmasıdır. Bunun üçün Memar ilk növbədə yaradıcı prosesi düzgün həll etməlidir.

Hər Memarın özünəməxsus yaradıcılıq metodu var və heç kim heç kəsə bunu necə qurmaq lazım olduğunu deyə bilməz. Rəssam kimi, heykəltəraş kimi Memar da daxilindən gələn yaradıcılıq enerjisini kağıza eskiz formasında tökməli, miqyasa salmalı və professinal işçi layihəsini hazırlamalıdır.

Yaradıcılıq prosesinin isə hər Memara xas, özünəməxsus tərzdə olmasına nümunə olaraq demək olar ki, məsələn, bir çox Memar layihəyə perspektiv eskiz çəkməklə başlayır, bəziləri maket qurmaqla, planın eskizini hazırlamaqla və ya digərləri ilk növbədə kəsiyin eskizi çəkməklə işə start verir. Kim necə edirsə etsin sonda yaxşı layihə ərsəyə gələcəksə bunun fərqi yoxdur.

Layihənin yaxşı formada ərsəyə gəlməsinin isə təbii ki, bir neçə sınaqdan keçmiş yolu var. Bu məqaləmlə sizə Memarlığın ssenarisinin yazılması barədə söz açacağam. Amma əvvəlcədən qeyd edim ki, bunu qayda, qanun olaraq düşünməyin, sadəcə yaradıcı prosesini daha maraqlı və səmərəli etmək üçün təcrübədən çıxmış “məsləhət” kimi dəyərləndirin.

Belə ki, əvvəlki məqalələrdə də söz açdığımız kimi Memarlığın mərkəzində insan amili dayanır və Memarlıqda hər şey insana xidmət edir (etməlidir). Belə desək – “İnsan istifadə edə bilirsə bu Memarlıqdır, istifadə edə bilmirsə İnşaat”.

Memarlığın ssenarisini yazmaq deyərkən, xəyalındakı insan amilini kağızındakı Memarlıqla birləşdirmək nəzərdə tutulur. Layihəsini verdiyiniz istənilən mövzunu xəyal edin. Və oranın insanlar tərəfindən istifadəsini gözünüzün önündə canlandırın. Məsələn, restoran layihələndirdiyinizi düşünün və oraya müştəri qismində gələn sevgililəri xəyal edin:

–         İki sevgili soyuq qış ayında küçədə biri-birilərinə tutunaraq gəzir və sığınmaq üçün yer axtarırlar (deməli layihədə restoranın uzaqdan cəlbediciliyi üçün restoranının adı yazılan reklam lövhəsi olmalıdır. Bunun üçün yer təşkil edin). Cütlüklər restorana daxil olurlar. Hər ikisi üst geyimlərini girişdə çıxarırlar (girişə yaxın qarderob yerləşdirmək lazımdır). Qız əlini yumaq üçün ayaqyoluna getmək istəyir (kişi və qadın ayaqyolusunu layihədə giriş hissəyə yaxın yerləşdirmək lazımdır). Hər ikisi masa arxasına keçirlər (masaların hər sayda olan qrup üçün yerləşdiriləcəyini nəzərdə tutun. 2,4,6 və ya daha çox saylı qrupların yer tapması üçün bir neçə masa yerləşimi variantlarını hazırlayın). Qəhrəmanlarımızın romantik şam yeməyinin fonunda musiqi sədaları lap yerinə düşər (deməli Memar daha bir iş görməli və zala bir də kiçik səhnə yerləşdirməlidir. Eyni zamanda musiqiçilərin hazırlanma otağını və s.-nı səhnənin arxasında yerləşdirməlidir). Sevgililər rəqs etmək istəyə bilər. Musiqi varsa kiçik rəqs meydançası da yerinə düşər (layihədə bunu da nəzərə alın). Oğlan səhərdən bəri cibində gəzdirdiyi üzüyü qıza şam yeməyində və ya eyvanda bütöv ay altında təqdim etmək istəyə bilər (romantika bir yana, yemək yeyilən yerlərdə eyvanın olması yaxşı haldır. Çox yeyən insanlar təmiz havaya çıxmaq istəyə bilər, yeməkdən sonra siqaret çəkmək istəyən ola bilər və s.). Yeməkləri ofissiantın gətirməsini düşünsək, personal otağı (qadın və kişi ayrı, hər birində soyunub-geyinmə otağı, S/Q və duş) olmalıdır, yeməklərin hzırlandığı mətbəx, müdir otağı, qabul məntəqəsi (reception) və s. kimi məkanlar yaradılmalıdır.

Bu bir cütlüyün bir gecəlik restorandan istifadəsinin qısa ssenarisidir. Bu ssenari ilə artıq biz Memara restoranda nələrin layihələndirilməsi lazım olacağını təxmin etmiş olduq. Eyni restorana 4 nəfər dostun işdən sonra xüsusi otaqda yeyib-içmək qonaqlığı da əlavə oluna bilər və ya həyat yoldaşından ayrılıb bir qədəh içki içmək istəyən birinin bara qonaq olması və s. də. Bunları artıq siz fikirləşin.

Bundan əlavə restoranın bütün heyyətinin gözündə layihəyə baxın. Layihəsini verdiyiniz restoranı istifadə edən hər bir insan orada nəyi görmək istəyərsə hamısını bir yerə qeyd edib layihəsinzə əlavə edin. Ərzaq gətirənin, təmizliklə məşğul olanların, musiqiçiliərin, aşpazın və s.-nin gözündən öz layihənizə baxın. Fərqi yoxdur restoran, kitabxana, ticarət mərkəzi, nə layihələndirirsinizsə layihələndirin, mütləq belə ssenarilər qurmaqla layihənizdə nəyin çatışıb-çatışmamasını müəyyənləşdirin (Heç vaxt olmadığınız məkanları layihələndirmək istədiyinizdə, məsələn, hər hansısa idman növü üçün zal layihələndirdikdə, həmin idmanla məşğul olan insanlarla söhbət edin, bu tipli zallara dəfələrlə gedib-gəlin ki, məkanı yaşaya biləsiniz, yoxsa sonda mütləq çatışmazlıqlar olacaqdır).

Eyni zamanda Memarın qarşısına qoyulan ən vacib məsələni – təhlükəsizliyin təşkilini düşünün və özünüzə “Faciə zamanı Memarlıq özünü necə aparmalıdır?” sualını verin. Məsələn:

– Yanğın baş verərkən sürətlə qaçan insanların qarşısına çıxan divarlar çəkilib insanalara yol verməlidir, iti tinlər yarımdairəvi tinlərə çevrilib axışqanlığı təşkil etməlidir,

– Yanğınsöndürən cihazlar gecikmədən işə düşməlidir və hər küncə çatacaq tərzdə yerlşdirilməlidir,

– Bütün yanğın çıxışları avtomatik açılmalıdır,

– Qəza işıqları avtomatik yanıb insana yol göstərməlidir və s.

Bir növ Memarlıq obyekti, şüurlu insan kimi düşünüb qəza zamanı insana maksimum rahat və təhlükəsiz evakuasiya təşkil etmlidir – Memarlıq insanlara kömək etməlidir və Memar bunu eskizdən etibarən düşünməlidir. Unutmayın – Bütün problemlər Memarın problemidir. Onu Memar aradan qaldırmalıdır, inanın ki, başqa heç kəsdə Memar qədər bunu edə biləcək ali səlahiyyət yoxdur.

Bu tipli məşğuliyyətlər sizə həm əyləncəli yaradıcılıq prosesi həm də daha real düşünmə imkanları verəcək.