ADRA – Kadabra

Bu yazımı mənfi obrazlı cadügar qarının sehri ilə şedevr layihənin biyabırçı hala gətirilməsinin nağılını danışacam.

30-cu illərdə layihəsi verilmiş bir bina var. O bina indi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA-nın) binasıdır. Təəssüf ki, binanın müəllifi barədə heç bir ədəbiyyatda məlumat və ya hansısa qeyd yoxdur. Amma onun yaradıcısı, ona ruh verən memar kimi Yusif Qədimovu binanın memarı adlandırmaq olar. 2010-cu ilə qədər binanın görünüşü məhz Y.Qədimovun rekonstruksiya layihəsi əsasında bərpa olunmuş görünüşdə idi. 2010-cu ildə ADRA təmir olunanda bu korpus da təmirə verildi. Daha doğrusu tilsimə salınıb indiki halına gətirildi. İlkin görünüşü (2010-cu ilə qədər) konstruktivizm üslubunda, eyni zamanda funksionalizm elementləri ilə zəngin maraqlı formada idi. Nəzərə alsaq ki, memar Qədimov həm də Milli Təhlükəsizlik Nazirliyinin binasının müəllifidir, aydın olur ki, memar 20-ci əsr dəst-xəttinə yüksək səviyyədə bələd olan insandır. Tikildiyi dövrün üslubunu binada saxlamağa qadir oldu.

Binaya 3-cü görünüşü 2010-cu ildə memar Fəxrəddin Miralayev verib. Fəxrəddin müəllim də öz növbəsində klassikanı olduqca yaxşı bilən, bir çox rekonstruksiya layihələrinin müəllifidir. Binaya verdiyi yeni görünüş adi insanların çox xoşuna gəlir. Sanki insanların diqqətini özünə cəlb etməyi bacarıb. Amma tez-tez vurğuladığım bir fikir var – Əsl layihə adi insanların yox, mütəxəsislərin xoşuna gələn layihədir. Bu fikri nəzərə alsaq və baxsaq ki, digər memarların heç birinin bu variantdan xoşu  gəlmir, üstəlik klassika baxımından bir çox səhvləri özündə saxlayan bina indiki görünüşü ilə heç də mükəmməl deyil. Hansı ki, klassik bina kompazisiyası mükəmməl olmalıdır. Onda heç bir artıq-əskik olmamalıdır.

Binadakı səhvlərdən bir neçəsinə diqqət yetirək. Ən böyük çatışmazlıq bəzi yerlərdə mütənasiblik amilidir ki, təəssüflər olsun onu bu şəkildə izah etmək mümkün deyil. Hansı ki, mütənasiblik klassikanın ürəyidir.

Binanın yan tərəflərinə fikir verin. Yad baxılır, əvvəlki xarakterini saxlayır. Sanki kostyum geyinmiş DJ-i xatırladır.

İnteryeri klassikadan tamamilə uzaqdır. İçəridə maraqlı həcmlər var. Əsl funksionalist tərzdə mürəkkəb həcmli interyer. Amma mövcud interyer klassikaya heç yaraşmır.

Sütunlara fikir verin, o cür ağır kütləni qaldıra bilməyəcəyi təəssüratı yaradır. Gücsüz, zəif insanın özündən ağır yük qaldırmasına bənzəyir. Fikrimcə sütunlar əvəzinə 6-7 modulluq 2 atlant daha obrazlı görünərdi.

Bina H.Əliyev prospektində yerləşir. Son dövrlərdə bu prospektə aparılan təmir, yenidənqurma işləri çərçivəsində ADRA bu vəziyyətə salındı. Öz əvvəlki görünüşü ilə, indiki boğucu prospekt daha gözəl görünərdi.

Təbii ki, yaxşı tərəfləri də var. Məsələn binadakı bəzi ornamentlər göz oxşayır və ya binaya əlavə çardaq mərtəbəni əlavə etməkləri müsbət haldır, baxmayaraq ki, çardaqda geniş dəhliz işıqlanmadan məhrumdur. Dəhlizin sağ və sol tərəflərində kiçik otaqlar yaradılıb, otaqlardan 2 qat enli olan dəhliz isə təbii işıqlanma ilə təmin olunmur.

Fasada yazılan akdemiyanın adı isə diqqətlə baxanda belə seçilmir.

Ən gülməli məqam binanın arxa tərəfi əvvəllər necə idisə indi də o cür qalmasıdır. Binanın əvvəli klassik arxası isə kontruktivdir.

QEYD: fikir verin əvvəlki şəkildə (təxminən 4-5 il əvvəl çəkilmiş şəkildə) prospekt necə yaşıllıqlarda zəngindir. Amma indi… hər şey göz qabağındadır.