Damlar

Memarlıq elementlərinin ən vaciblərindən biri tikilinin dam hissəsidir.

Bir çoxları “niyə bizdə avropasayağı hündür damlar yoxdur?” deyir. Səbəb birinci növbədə
küləkdir. Damlar həm funksionallığa, həm fasadın kompazisiyasına və ən çox iqlimə uyğun olmalıdır.

Bakı iqlimi küləkli olduğu üçün damlar yastı olur, həm də burada yağıntılar nisbətən az olduğuna görə dik damlara ehtiyac yoxdur. Bakıda minimum dam 18 dərəcə, maksimum isə 45 dərəcə olmalıdır.

Əgər təbii keramikadan dam istəsəniz mütləq 35 dərəcədən çox olmalıdır ki üstündəki yük onu sındırmasın, keramika nisbətən kövrək olur.

Yağıntıların çox olduğu, küləksiz, dağ yamacı yerlərə getsəniz orda dik damlara rast gələrsiniz. Burada yağııntı çox olduğundan qarın sürüşməsi üçün damlar daha hündür qurulur, bu həm də istiliyi təmin etməyə yararlıdır.

Ümumiyyətlə damları “tikililərin papağı” adlandırırlar. Qışda evin tavanı ilə damın arasında qalan hava evi isti saxlayır. Bəzən həmin hissəyə isti hava vururlar ki ev daha da isti olsun. Havalar qızandan sonra isə mütləq çardağın havasını dəyişmək lazıdır ki damda köhnə hava karroziya yaratmasın. Bunun üçün dama kiçik pəncərələr qoyurlar.

17-ci əsrdə Hardouin Mansart adlı Fransa memarı yenilik edir. Damı ayrıca otaq kimi istifadə etəməyə başlayır. Memarın adından götürülmüş mansart onun dövründən başlayaraq bina üçün çox funksiyalı elementə çevrilir.

Əgər mansrt hissəni otaq kimi istifadə etmək istəsəniz ən əlverişli variant kimi divarı 1,1 m hündürlükdə hörüb damı onun üstündə qurmaqdır. Beləcə künclərə yataq, divan qoymaq olar.

Düz damlar da var ki əslində bizə düz görsənir amma orda da mütləq minimum 2 dərəcə maillik olmalıdır ki ağırlıq dama təsir etməsin. Düz damları adətən əlverişli olsun deyə terras kimi də istifadə edirlər. Çox vaxt həyət kimi, baseyn, istirahət guşəsi və s. düzəldib istifadə edirlər. Bəzən damı pandus edib yerə çatdırırlar, bu həyətin davamı kimi istifadə olunur (onu nəzərə alın ki damda bitkilərin suyu, onların kökləri binanı dağıda bilər, bunun qarşısı alınır amma bahalı vasitələrlə).

Damlarda simmetriyanın pozulması da ola bilir. Bu adətən şimala baxan hissənin daha yastı, cənuba baxan hissənin isə daha dik olmasıdır ki bu da şimaldan gələn güclü küləyin dam vasitəsilə sürüşdürülüb aradan çıxarılması kimi qəbul oluna bilər. Ümumiyyətlə şimala baxan fasadlarda küləyə qarşı kobud səddlər məsləhət görülmür, fasad daha yumuşaq, sürüşkən formalarla həll olunur.

Damlardan ən yaxşı istifadə etmək istəyirsinizsə, dam örtüyü boyunca günəş batareyaları yerləşdirin (təbii ki istiqamət cənuba baxan hissəyə olsun ki günəşdən daha çox enerji almaq olsun). Bir panelin qiyməti 3000-5000 dollar arası dəyişir. 3 panel orta ölçülü ev üçün kifayət qədər bəs edər. Bu ömürlük elektrik vergisindən azad olmaq deməkdir.

Çində, Yaponiyada qədim vaxtlardan damlırın özünəməxsus forması həm onların iqliminə uyğun gəlir, həm də elmi-fəlsəfi dünya görüşlərinə. Uzaq şərqin yağıntılı iqlimi olduğu üçün belə damlar yağış sularının rahat axmasına xidmət edir. Eyni zamanda Feng Shui fəlsəfəsinə əsasən enerjinin dam vasitəsilə göydəki enerji qatına ötürülməsinə inam yaradır.

QEYD: Binalarda dam, yeganə elementlərdəndir ki həm memarın həm də mühəndisin birgə işi hesab edilir. Gözəllik, fünksionallıq həm də möhkəmlik yüksək səviyyədə həll olunmalıdır.

QEYD 2: Kazım Ağabəyovun leksiyalarından bəhrələnib əlavələr etdim.