“Yanan bina” haqda

Və ya “növbəti yanan bina”. Bir Memar kimi bu hadisə ilə bağlı çox fikrimi soruşan oldu. Üstündən qısa vaxt keçdikdən sonra ümumi fikrimi bölüşəcəyəm.

1392462_1009137769098472_677912397730218815_n

Əvvəla bu hadisə hamı kimi məni də sarsıtdı. Fərqi yoxdur bu faciə həmvətənlərimə təsir edib ya yox, hətta ən uzaq ölkədə belə bu cür hadisə olsa insan sarsılır. Ələxsus da öz ölkəndə, yaşadığın yerin bir addımlığında faciənin reallığını tam dərk edirsən. Hadisə zamanı həlak olmuş həmvətənlərimin ailələrinə və yaxınlarına başsağılığı diləyirəm.

11261927_711542435638272_8863853035262777176_n

Gəzən söhbətlərdə hadisə zamanı rəsmi insan tələfatı sayından daha artıq itki olduğu deyilir. Fikrimcə hətta 1 nəfər belə xəsarət almış olsa idi bu hadisə öz təsirini itirməyəcəkdi. Əminəm ki, mənimlə razılaşarsınız. Ona görə bu mövzudakı iddiaları qatlayıb bir kənara qoyuram.

Memarlıq cəhətdən isə bu hadisənin bir başqa şoku var. Fotolardan da gördüyünüz həmin mənzərəni görmək, olduqca ağırdır. Xüsusilə Memar üçün. Adətən yanğın zamanı bir və ya 2 mənzilin xəsarət almasının şahidi olmuşuq, amma bütöv bir bina, özü də 16 mərtəbəli binanın göz önündə alışıb yanması, qısa aralarla insan tələfatlarını eşitmək insanın tüklərini biz-biz edir, ürəyini titrədir.

10474290_711543348971514_3770725414875915754_n

Yanma səbəbi kimi materialın düzgün seçilməməsi göstərilir. Daimi oxucularımın yadında olar. Təxminən 5 il əvvəl bu materialın ölkəmizə gəldiyi ilk günlərdə sözügedən material ilə tanış olmuşdum və araşdırma nəticəsində ziyanlı olmasını aşkar edib bu işlə məşğul olan şirkəti tənqid etmişdin. Məqalənin şərhlərində mübahisələri görə bilərsiniz. Bundan sonra çoxsaylı telefon zəngləri, hədə-qorxular aldım, amma yenə də sözümün axırına kimi gedə bildim. Həmin məsələdən sonra şirkət bağlandı (məqalə – Penoplast üzlüklər)

Daha sonra materialın kütləvi istehsalı və binalara icrası başlandı. İlk “bina yanğını” zamanı Azadlıq Radiosu müsahibə almışdı. Müsahibədən bəzi fikirləri yada salmaq istərdim – “Bu hadisə artıq baş verib və günahın hansı tərəfdə olması vacib deyil. Xoşbəxtlikdən heç kəs xəsarət almadı. Bu bir işarədir və əslində mənəvi yox, maddi ziyanla gəldi. Artıq bundan sonra ölçü götürülməli, müəyyən tədbirlər görülməlidir”. Yaxınlıqdakı eyni materialla üzlənmiş binaların sakinləri nə etməlidir sualına isə bu cür cavab vermişdim ki – “Əgər mən həmin binalarda qalsa idim, özüm öz əlimlə təhlükəli materialı evimdən söküb atardım”.

11265283_711543498971499_3232845527620437142_n

Üstündən 2 ay keçdi və bədbəxt hadisə baş verdi. Maddi ziyanla bərabər, mənəvi ziyan da yaşadıq. Artıq insanlar özləri öz əli ilə materialı sökməyə başladı. Eyni zamanda hökumət orqanları da bu işdə fəallıq göstərir.

11010297_712001982258984_5277002638697878576_n

İndiyə qədərki barəsində yazdıqlarım və xatırlatmalarım bir yana, bir Memar kimi ürəyimi parçalayan ikinci məsələ də var. Bu tipli təmir olunmuş binaların insanlar tərəfindən gözəl adlandırması olduqca narahat edir. Öz dövrünə uyğun tikilmiş binaları təmir edərkən, dövrünün Memari üslubunu, imkanalrını qoruyub saxlamaq əsas prioritetlərdəndir ki, tarix silinməsin. Baxdıqda, binaların sovet dövrü Memarlığına aid olduğu hiss olunsun. 300-500 il əvvəlki Memarlıqdan nümunələrlə təmir olunmuş hündürmərtəbəli binalar gülünc görünür. Axı hündürmərtəbəli binaların yaşı təxminən 150 ildir və onlar belə yarandığı vaxtdan klassik üslubda yox, müasir texnalogiyanın imkanları daxilində tikilirdi. Bundan əlavə təmir edilmiş binaların klassik üsluba yaxın durmayan mütənasiblikləri var, Memari cəhətdən bütün qanunların çeynəndiyi göz qabağındadır. Bir çox insan isə bunu gözəllik kimi görür. Bir Memar kimi düşünürəm ki, bunun özü də böyük faciədir. Təklif edirəm ki, üzlükləri sökülmüş binalar daha müasir və ya binaların öz orjinal görünüşü kimi yenidən təmir edilsin.

11268251_711543592304823_268094213316244911_n

Bunlardan başqa simvolikanın təsirlərindən danışmaq istəyirəm. Bu sözlərim hər nə qədər mücərrəd səslənsə də, doğrudan da göz qabağında olan həqiqətlər var. Simvolun düzgün seçilməməsi faicələrə yol aça bilir. Memari lənət deyilən anlayış var. Ölkə odlar yurdu olsa da, Alov Qüllələri fikrimcə şəhər üçün “Memari lənət” oldu. Məhz bu simvoldan sonra ardı-arası kəsilməyən yanğın hadisələrinin daha çox şahidi olduq. Memarlıq üçün ən böyük təhlükə alovdur. Alov qüllələrinin hər gün yanan fasadı Memari lənət kimi bütün şəhəri bürüyür.

Arzum budur ki, ölkəmiz Memarlıq cəhətdən düzgün yolda inkişaf edər və Memarlığın qarşısında duran birinci öhtəlik – insan təhlükəsizliyi təmin olunar. Memar qarşısında bundan müqəddəs borc yoxdur.

QEYD: üzərində adı olmayan fotoların müəllifi Elşən Babadır