Rənglərin 5 növü

rancesca Valan adlı İtaliyanın məşhur rəng dizayneri var. Hansı ki, son dövrlər bir çox müasir binaların və interyerlərin rəng həllinin layihələndirməsi bu xanıma həvalə edilir. Xoşbəxtlikdən magistr təhsili boyu bu xanımdan rənglər və onun sirrləri haqda dərs almaq qismət oldu. Bu yazımla ondan öyrəndiyim rənglərin növləri barədə danışmaq istərdim.

Bu mövzu olduqca diqqətimi çəkir, çünki hamı – Memarlar, dizaynerlər hətta rəssamlar belə rənglərdən hər gün istifadə etsələr də çox vaxt onların rəsmi olaraq hansı kateqoriyaya aid olduğunu bilmirlər. Bəli, bu o qədər də ölüm-qalım məsələsi deyil. Rəng elə bir şeydir ki, onu hissiyyatla da həll etmək mümkündür.

Amma bir məsələ var ki, bilikli dizayner seçəcəyi rəngi beynində qurduğu sxemə əsasən düşünərək tapmağa çalışarsa, bu ona əlavə ideyalar verər. Nə isə, artıq biliyin heç nəyə ziyanı yoxdu. Getdik…

Rənglər əvvəla iki əsas kateqoriyaya bölünür:

–         İkonik

–         Sintaktik rənglər

İkonik rənglər o rənglərdir ki, onlar obyetdən və materialdan asılıdır. Yəni materiala, obyektə bağlıdır, onlardan ayrılmazdır.

Sintaktik rənglər isə o rənglərdir ki, tam əksi, obyekt və materialdan asılı olaraq dəyişilə bilər, sadə yolla desək obyekt müəllifin istəyinə görə istənilən cür boyana bilər.

Bu kateqoriyalar da özlüyündə bir neçə qola ayrılır.

İkonik:

–         İkonik funksional rənglər

–         Tarixi rol oynayan rənglər

–         İkonik materialın rəngləri

Sintaktik:

–         Sintaktik ümumi

–         Sintaktik abstrakt

İkonik Funksional rənglər: Bu funksional tələblərə görə yaranan rənglərdir. Məsələn, yanğınsöndürən balonun qırmızı rəngi. O hər zaman daha diqqətçəkən olması üçün qırmızı rəngdə olur.

Tarixi rol oynayan rənglər: o rənglərdir ki, zamanında öz obyektinin əsas rəngini müəyyən edib. Məsələn, Ferrari maşını üçün öz qırmızı tonu tarixi rol oynayan ikonik rəng hesab edilir, yaşıl Ferrari təsəvvürolunmazdır.

İkonik materialın rəngi: o rənglərdir ki, materialın dəqiq öz təbii rəngidir. Məsələn, təbiətdəki bütün rənglər və ya taxtanın, dəmirin öz təbii rəngi saxlanmaqla dizayn edilmiş obyektlər.

Sintaktik ümumi rənglər: Hər hansısa ikonik mahiyyət daşımayan istənilən rənglənmiş obyekt. Məsələn, adi maşında qırmızı rəng. Bu Ferrari deyil və onun üçün bu qırmızı rəng də əhəmiyyətli deyil. O bütün rənglərdə istehsal olunur və satılır. Və ya boks əlcəyi. Burda maraqlı məqam yaranır. Bu sintaktikdir yoxsa ikonik? Əlbəttə ikonikdir. Funksional və ya tarixi olmasından asılı olmayaraq o rəngin əlcəkdə olması təsadüfi deyil. Amma əlcəyin materialı olan dərini ayrıca qırmızı rəng rəngləyib hansısa sənaye dizaynında istifadə etsək, o sintaktik olar. Çünki dərinin öz rəngi qırmızı deyil. Qeyd etdiyim kimi eyni rənglər obyektə (əlcəyə) və ya materiala (dəriyə) görə öz tutduğu vəzifəsini dəyişə bilir.

Sintaktik abstrakt rənglər: o rənglərdir ki, onlar obyektin ikonik rəngini dəyişərək abstrakt rənglə rənglənir. Məsələn, yaşıl rəngdə geyinmiş Şaxta Baba, göy alma və ya Çəhrayı Panter.

Dünyada gördüyünüz bütün rənglər bu 5 qrup daxilində bölünür. Ümid edirəm əlifbanın ilk hərfləri kimi bu informasiya sizdə rənglər haqda ümumi fikir formalaşdırmış oldu. Ümumiyyətlə rənglər mövzusu olduqca dərindir. Çalışacağam bu mövzuya tez-tez toxunum və bildiklərimi, öyrəndiklərimi sizinlə bölüşüm.

Məsləhətim isə elə indi kompyuterinizdə bu rəng kateqoriyalarının adlarına uyğun qovluqlar açın və internetdən hər birinin özünə uyğun fotolar tapıb hərəsi üçün ən azı 2 ədəd olmaqla fotoları həmin qovluqlara yükləyin. Beləcə indicə oxuyub bitirdiyiniz məqalə beyninizə birdəfəlik həkk olunacaq. Nə isə aydın deyilsə suallarınızı şərhlərdə cavablandırmağa hazıram