100

100… Qulağa xoş səslənir, elə deyilmi? Bir əsrdə 100 ilin olması, bütün valyutalarda əsas böyük rəqəmin 100 rəqəmi ilə ifadə olunması, maksimum faiz nisbətinin 100 olması və s. Bəs görəsən bloq postların sayının 100-cüsünə çatmaq nəyi bildirir? Yaşın ötməsi, müdrikləşmək və ya sadəcə vaxt itkisi? Yox… Məncə bu izaholunmaz bir həzzdir. Özündən hissəcikləri kəlimələrə çevirib insanlarla bölüşmək… Bəli, bununla da 100-cü məqaləmi sizinlə bölüşürəm :)

2010-cu ildə ilk məqaləmi yazanda təsəvvür etməzdim ki, bu məqalələrin ardı gələcək və məhz bu məqalələr məni tamam başqa insan edəcək. Kənardan sadə görsənə bilər, amma daxilə enəndə hər məqalə üçün fikirlərin düşünülüb tapılması, onların cilalanıb yazılması, fotoların hazılranması, araşdırmalar, cızma-qaralar və s. kimi əmək tələb edən işlər insanı çox dəyişərmiş.

Bu 3 illik müddət ərzində müxtəlif otellərə gedib onları gəzmək, haqqlarında tənqini məqalələr hazırlamaq, Memarlıq incilərimizi təhlil etmək, müxtəlif tədbirlərdə iştirak etmək və ya bəzilərinin təşkilatçısı olmaq, Memarlığa fərqli baxış yaratmaq uğrunda fərqli söz deməyə cəht etmək və s. bütün bunlar hamısı Memarın sahib ola biləcəyi çox dəyərli mənəvi mülkdür.

Bu dövr ərzində bloqa görə bir çoxları ilə dostlaşdım və bir neçə düşmən qazandım, amma heç zaman düzgünü deməkdən qorxmadım, qorxmayacağam da. Çünki düzgünlüyün verdiyi həzzi heç nə əvəz etmir. Xoşun gəldiyi şeylərdən yaz, buna görə pul alma, ürəyin istəyən kimi yaz, heç kimə kəlimələrini satma. Bax budur həzz. Ürəyini boşaltmaq, virtual həmfikirlər tapmaq, insanlarda ilham oyatmaq. Bundan yaxşı nə ola bilər?

İndi isə getməyə hazırlaşıram. Təhsilimi xarici ölkədə davam etmək arzusundayam. Amma bu o demək deyil ki, fəaliyyətimi dayandırmaq məcburiyyəti ilə üz-üzəyəm. Yox, əksinə, düşünürəm ki, hələ indi başlayıram ;)

Bir dəfə “ölməzdən öncə edilməli işlərin siyahısı” kimi bir list əlimə düşmüşdü. Ordakı bəndlərdən birində “öz şəxsi bloqunuzu yaradın” kimi maraqlı cümləyə rast gəldim. Niyə də yox? Siz də öz bloqunuzu yaradın və əmin olun ki, dünyada yaddaqalan nəsə edirsiniz.

Bütün oxucularıma dərin təşəkkür edirəm. İlk başlayanda məqalələri yalnız özüm üçün yazsam da, sizlər daha çox motivasiya mənbəyim oldunuz, bundan sonra da olacaqsınız. Hər kəsə 100-lükdən təşəkkürlər edirəm :)