Unudulmuş yerlər

övzunun adı müsabiqənin adından götürülüb, Böyük Britaniyada hər il keçirilən “Forgotten Places” müsabiqəsindən. Bu gün sözügedən müsabiqəyə dostum Sara ilə bir neçə ay öncə hazırladığımız layihədən söhbət açacağam. İdeyalar, qarşımıza çıxan problemlər və həlli yollarını bölüşəcəyəm.

Belə ki, müsabiqənin əsas mövzusu şəhər mühitini canlandırmaq üçün unudulmuş yerlərdə yeni ictimai mərkəzlərin qurulması və şəhər mühitini insanlar üçün cəlbedici etməkdən ibarətdir. İngiltərənin Wolverhampton şəhərində keçirilən müsabiqəyə, orada yaşayan Sara öz professorları ilə birgə, layihələndirmək üçün köhnə, istifadəsiz qalmış qarajı seçdi və bununla da layihəyə start verdik.

Həmin avtodayanacaq binası üçün ictimai istifadə yeri layihələndirmək lazım idi. Bura çoxfunksiyalı mərkəz, kompleks rolunu oynayacaqdı. İşə başlamazdan əvvəl çox yaxşı olar ki, layihənin veriləcəyi şəhərə yollanasınız, bunu xarici ölkə üçün layihə verən dostlara məsləhət görürəm. Çünki bunsuz layihənin nə olacağını bilmək çox çətindir. İqlim və mədəniyyət haqda, insanlar haqda, günəş haqda təsəvvür formalaşdırmaq üçün mütləq layihənin yer aldığı məkana gedib nəfəs almaq, oranı yaşamaq, hiss etmək laızmdır. Təəssüf ki, işlərimin çox olması ucbatından həmin məkana gedə bilmədim, bu da qarşıma çox çətinliklər çıxardı. amma dostum Saranın həmin şəhərdə yaşaması olduqca köməyimə çatdı, belə ki o maraqlandıran bütün suallarımı cavablandırdı. Bu cavablardan sonra, düzdü, layihədə çox dəyişikliklər oldu, amma ən azından səhvlərə yol verilmədi.

Sizə şəhər haqda danışım; Wolverhampton elə şəhərdir ki, İngiltərənin çox yerində olduğu kimi burada da insanlar gün işığına həsrətdir. Belə ki, burada rənglər daha solğundur, layihənin public space (ictimai mərkəz) olmasını nəzərə alıb diqqət çəkmək üçün şux rənglərdən istifadə etmək qərarına gəldik. Eyni zamanda binanın yerləşdiyi yerə yaxın incəsənət mərkəzinin olmadığını da nəzərə alsaq, bu binanın funksiyasını incəsənət yönümlü nəsə edə bilərik. Başqa bir tərəfdən, insanların təbiətə toxuna bilmələri üçün şərait yaratmalı idik. Beləliklə, artıq mövzumuz bəlli olmağa başladı:

– Təbiət və istirahət guşəsi

– İncəsənət yönümlü kompleks və

– Yaradılan incəsənətin insanlarla bölüşülməsi məqsədilə məkan qurulmalı idi.

Təbiəti binanın üzərinə çıxarmaq qərarına gəldik. Buna bizi vadar edən ideya o oldu ki, insanlar təbiətə toxunaraq ətraf mühitdən ayrılsınlar, şəhər mühitindən kənarlaşsınlar. Buna nail olmaq üçün insanları mütləq şəhərin bina hündürlüyündən yuxarı çıxarmaq lazımdır ki, burada olan insan ancaq yerdə ot, kənarda ağac və yuxarıda səma görsün. nə başqa bir bina nə də maşınların və şəhərin uğultusunu eşitsinlər. Ancaq bu yolla insanlar şəhər mühitindən uzaqlaşıb özlərini təbiətin qoynunda hiss edə bilər.

Binanın dam hissəsini təpəliklərlə həll edib, insanların otluq üzərində uzanıb, oturub istirahət etməsini təşkil etmək qərarına gəldik. Bu ideya bizi məqsədimizə çatdırırdı, amma qarşıya çıxan bir problem oldu, şəhərin normadan artıq yağıntılı olması. Bu o deməkdir ki, burada otluq olsa da ilin çox hissəsində heç kim orada uzanmayacaq, oturmayacaq. Bunun qarşısını almaq üçün bir neçə funksiyaya xidmət edən Memari element dizayn etməli olduq, bu qurğu həm,

– Kənardan cəlbedici olmalı idi. Öz şux, kontrasverici qırmızı rəngi ilə binanın üzərində yer alıb uzaq məsafələrdən insanları özünə çəkməli idi və

– Yağış sularının qarşısını almalı idi. Deməli bu Memari elementin üzərində şəffaf materiallarla yağış sularının qarşısını almaq olar. Amma materialın şəffaf olması mütləqdir ki, gün işığının qarşısı alınmasın və günəşli havalarda metal elementin cazibədar kölgələri istirahət məkanına düşsün.

Ancaq yenə də otluq ideyası mübahisəlidir, yağış olmasa da rütubət və nəmlik dərəcəsinin çox olduğu şəhərdə bununla kifayyətlənmək olmazdı. Bu səbəbdən həmin otluq üzərində enli taxta skamya formalı oturacaqlar yerləşdirməklə, burada insanların oturmaları, uzanmaları üçün şərait yaratdıq (aşağıdakı eskiz sadəcə taxta versiyasının ibtidai eskizlərindən biridir).

Bu məkan tək dincəlmək məqsədli yox, həm də müxtəlif bayramların, şənliklərin keçirilməsinə xidmət etməli idi. Üstə gəl, burada açıq hava kinoteatrı da quraşdırılıb gecələr insanlara pulsuz kino xidməti də verə bilərdi.

Binanın üstünə çıxmaq üçün isə bir neçə variant var:

– Binanın daxilindən pilləkənlərlə

– Binanın daxilindən liftlə

– Binanın fasadından pandusvari yolla. Bu yol həm təkərli arabalarının dama çıxmasına kömək edəcək, həm də yolu uzadaraq gəzinti vaxtını artıracaq. Eyni zamanda kontrast element və bina üçün eyvan rolunu da oynayacaqdı. Beləliklə bu da növbəti çoxfunksional Memarlıq elementi kimi ümumi ideyanın işləməsinə xidmət edəcəkdi.

Binanın əsas funksiyası isə, burada incəsənət emalatxanalarının yer almasıdır. Belə ki, sadə şəhər sakinləri buradan istifadə edərək, rəssamlıqla, heykəltəraşlıqla və s. tətbiqi incəsənət növləri ilə məşğul ola biləcəklər. Onların öz istehsalı olan incəsənət nümunələrini satışa çıxarmaları üçün binın həyətində yer alan köhnə avtodayanacaqda art-bazar dizayn etmək ideyası yarandı. Bura həm insanların satışla məşğul olmasına, həm istirahətə, həm də turistləri cəlb etməyə xidmət edə bilər.

Təəssüf ki, bu yarışda bizim təklifimiz yer tutmadı, amma buna baxmayaraq praktiki baxımdan çox şey öyrəndim, ən başlıcası da, iqlimi, ölkəni, insanı bilmədən heç bir layihəyə başlamamağı beynimə həkk etdim :)

QEYD: layihəyə davətə və hər cür köməklik göstərdiyinə görə Sara Ərəbliyə təşəkkür edirəm