Memarlıqda Dövrünü Qabaqlamaq

emarlıq, incəsənət elə bir sahədir ki, bununla məşğul olan insanlar gərək digər insanlardan hər zaman bir addım öndə olsunlar və 5 addım sonranı fikirləşsinlər. Buna sənət aləmində dövrünü qbaqlamaq deyilir. Təəssüf ki, dövrünü qabaqlayan dahiləri çox hallarda ətrafdakı insanlar ya başa düşmür, ya da daha pis halda inkar edirlər. Yalnız on illər keçdikdən sonra belələrini müasir insanlar başa düşməyə başlayır və onları dahi adlandırır.

Bu məqalə ilə dahi adlandırdığımız memarın fonunda, dövrünü qabaqlamağın nə demək olduğuna tamaşa edəcəyik. Söhbət, haqqında dəfələrlə söz açdığım modernist fransız memarı Le Korbuzye və onun layihələrindən gedir.

Korbuzye XX əsrin ən böyük memarlarından biridir və müasir üslubların formalaşmasında əvəzsiz rola sahibdir. Nəinki müasir bina kompazisiyaların, eyni zamanda onu müasir tikinti qaydaları və konstruktiv inqlabın müəllifi adlandırmaq olar.

Ümumiyyətlə hər bir üslub özündə dövrünün konstruksiyanın imkanlarını əks etdirir. Məsələn, klassik dövrün memarlığına baxsaq, hər pəncərənin kənarında sütun görmək olardı, bunun funksiyası, pəncərə açırımının üst hissəsini saxlayan arka və ya daşıyıcı tirin ağırlığını binanın özülünə ötürmək idi. Arkaların ən üst hissəsində isə “açar” adlandırdığımız dekorativ hissə də, ümumi konstruksiyanı saxlamaq funksiyasını daşıyırdı və s.

Əgər XX əsr üçün müasir üslub yaratmaq istəyirdinsə, mütləq idi ki, konstruktiv yenilik tapasan və Korbuzye buna nail olmuşdu. Hal-hazırda da tikintidə çox istifadə olunan dəmir-beton konstruksiyanın müəllifi Korbuzye olmasa da, onun memarlığa verdiyi “5 prinsip” adlandırdığımız yenilikləri modern memarlığın inkşafını sürətləndirdi.

Diqqətinizi çəkmək istədiyim məqam isə onun layihələrinin tikintisi başa çatdıqdan sonra çəkilmiş fotoşəkilləridir. Buradakı fotoların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada memarlıq maşınlarla bir yerdə verilib.

Ümumiyyətlə maşın və memarlıq layihələndirməsində bir çox oxşarlıqlar var. Məsələn, hər ikisində, qapı, pəncərə, interyer, eksteryer, mebel, işıqlandırma, funksionallıq və s. var. Bundan başqa maşınlar da memarlıq kimi sənayenin, texnalogiyanın və cəmiyyətin inkşafı ilə paralel inkşaf edir və onlara təsirsiz ötüşmür. Bu baxımdan, digər bütün əşyalardan daha çox maşınlar Memarlığa yaxındır. Bu səbəbdən bu iki ünsürü bir-biri ilə müqayisə etmək olar.

Fikir verin, burada hər iki ünsür dövrünün müasir dizaynıdır. Amma maşın hal-hazırda bizə olduqca qədim görünür, onadan fərqli olaraq 1926-28 –ci illərdə tikilmiş Korbuzyenin Villa Steinlayihəsi isə daha müasir görünür. Sanki bu binanın tikinti tarixi bir neçə ilə dayanır, 85 ilə yox.

Bax demək istədiyim də budur. Layihənin müəllifi dövrünü 100 il qabaqlayıb (inanıram ki, binanın 100 illiyində də bu layihə bizə müasir görünəcək). Maşını dizayn edən dizayner memar qədər dahi olmadığından, onun layihəsi qocalıb, bina isə 85 ildir hələ də növcavan vəziyyətdədir, hətta indi tikilən bir çox binadan da gözəldir.

Çox təəssüflə qeyd etmək istərdim ki, hal-hazırda ölkəmizdə baş verən proses tam əksinə işləyir. Avropa memarı 100 il dövrünü qabaqlayıb cəmiyyəti 100 il qabağa çəkdiyi halda, bizim “müasir memarlarımız” 200-300 il əvvəlin Avropa memarlığını düzgün olmayan tərzdə təkrarlayaraq cəmiyyərti özləri ilə geriyə çəkrilər. Bu isə cəmiyyətin inkşafına mənfi təsir göstərir. Belə olan halda, kolleqalarım olan gənc memarlara yalnız irəliyə baxmağa çağırıram.

Əlavə məlumat kimi deyə bilərəm ki, Korbuzyenin necə deyərlər maşınlarla arası əla idi. İlk dəfə o maşınların mühərrikini qabağa keçirmişdir. Elə məhz buna görə də, memarın dünyaca məşhur olan kitabı – “Towards a new Architecure” kitabının üz qabığında qədim memarlıq fonunda maşının ön mühərrikinin yerləşdiyi hissəsi əks olunub.

Və onun 1929-cu ildə dizayn etdiyi “Le Corbu car Prototype” modeli. Heç vaxt tamamlanmasa da, öz dövrü üçün yeni orqanik cizgilər demək idi və o gələcəyin maşın dizaynlarına öz təsirini verməkdəydi.


Hər dövrdə Memarlar cəmiyyəti inkşaf etdirir, müasirlərini 50-100 il qabaqlayaraq onları özləri ilə irəli çəkir. Onların gələcəyə yönəlmiş dizaynları cəmiyyətə ilham mənbəti olur və yeni dünyanın yaranmasına təkan verir.