Bakı və brutalizm

Mövzunun adındakı iki söz təəssüf ki bir birinə uyğun gəlmir. Çünki brutalizm ümumiyyətlə Azərbaycana gəlib çıxmayıb. Bunu dövrünün memarlarının səhvi də adlandırmaq olar, bu cür üslubda “əsərlər” yaratmayıblar. Amma bu üsluba çox yaxın olan tikililərə rast gəldim ancaq onlar brutalizm dövründən qalan tikililər yox əsasən 80-ci illərin sovet tikililəri olduğundan onları tam brutal üslubun nümunəsi adlandərmaq düzgün olmaz.

Əvvəldən söz verdiyim kimi Bakıdakı brutal tikililər haqda araşdırma etməli idim. Məlum səbəbdən çox da dolğun nümunələr tapmasam da bu üsluba xas fraqmentlərin işləndiyi binalara rast gəldim və bunları sizinlə bölüşməyi özümə borc bilirəm.

Ayna Sultanova adına parkın yaxınlığında bir yaşayış binası. Binanın sağ tərəfinə baxanda brutalizmə xas fraqmentlər diqqətimi çəkdi. Bina köhnə olsa da rəng və həcm onun cazibəsini saxlıyıb.

Azərbaycan Geodeziya Mərkəzi. Binanın yuxarı və arxa hissəsində yenə brutal fraqmentləri görmək olar. Ümumiyyətlə gözəl binadır.

Əl oyunları sarayının arxasında da kobud çıxıntı diqqətimi çəkdi. Müəyyən qədər brutal fraqment adnaldırmaq olar. Təəssüf ki digər bir çox bina kimi bu binanı da alkapon adlanan alüminium materialla örtüblər.

Ən çox xoşladığım  və bu üsluba ən çox uyğun gələn bina. Respublika Arxiv binası (buranın restovrasiyasından sonra hələ istifadəyə verilmədiyindən bina haqda o qədər də geniş məlumat verə bilmirəm amma açılışdan sonra bura haqda xüsusi məqalə hazırlamaq istəyirəm).

QEYD: dünya şöhrətli memar Le Corbusier maraqlı fikir söyləyibmiş- “ümumiyyətlə binaları üslub çərçivəsinə salmaq lazım deyil”.