Təcrübəli memarlarla gənc memarların görüşü

zun müddətdən sonra yenidən bloq post yazmağıma çox şadam. Üstəlik bu yazım memarliq.com –un 3 yaşında ilk məqalədir və bu olduqca gözəl günə həsr olunmuş məqalə olacaq. Ümid edirəm uzun müddət yazmamağımı mənə bağışlayarsınız. Diplom işi, xarici memarlarla iş birliyi və s. kimi önəmli işlərin çoxluğu yazı-pozu işlərinə vaxt saxlamır, bundan sonra belə uzunmüddətli ayrılığın olmamasına çalışacağam :)

Keçək əsas mövzumuza – Təcrübəli memarlarla gənc memarların görüşünə. Çoxdandır gənc dostlarımı, artıq bu sənətdə böyük işlər görmüş nisbətən yaşlı nəslin nümayəndələri olan təcrübəli memarlarla tanış etmək istəyirdim. Bu təşəbbüsə ağsaqqal memarımız Əlibəy Novruzi də təkan verdi.

Təbii ki, belə görüş həm gənclər üçün həm də təcrübəli memarlar üçün  maraqlıdır, çünki gənc nəsil böyüklərdən onların təcrübəsini öyrənir və sənətdə düzgün istiqamət götürməyə bir az da yaxın olur. Yaşlı nəsil isə özlərindən sonra gələn nəsillə tanış olur, və ənənələri gələcək nəsillərə ötürmək imkanı qazanır. Bundan əlavə kolleqaların bir araya gəlib memarlıqdan və ya ümumiyyətlə nədənsə söhbət etməsinin yerini heç nə vermir. Təhsil, təcrübə bir yana, belə tanışlıqların da gənc memarlarda buraxdığı izlər heç vaxt yaddan çıxmır.

Bunları nəzərə alaraq 24 mart 2012 -ci ildə çoxdan arzulanan görüş nəhayət ki, baş tutdu. Memarlardan – Əlibəy Novruzi, Elbəy Qasımzadə, Nazim Vəliyev, Nəriman İmaməliyev, Fəxrəddin Miralayev, Elçin Əliyev, Zaur Qafarov, Nizami Qasımzadə və başqaları iştirak edirdilər. Gənclərdən isə Rəssamlıq Akademiyası və Memarlıq İnşaatın hal-hazırda tələbəsi olan və bu universitetlərin məzunu olmuş dostlarım iştirak edirdi. Hansı ki, hər birinin gələcəyinə çox ümid bəslədiyim dostlarım. Yaradıcılıqlarının ilk dövrlərində belə tanışlıqların onlar üçün xeyirli olmasına inanıram.

Hər iki nəsillə əlaqələrimin yaxşı olması, məni bu iki tərəfi bir-biri ilə görüşdürməyə sövq etdi. Və bu işdə Böyük köməklik göstərən memar Elçin Əliyev oldu. Yəqin ki, bu işi tək bacarmaq çətin olardı. Elçin bəy öz klubunda (Kişmiş klubda) tez-tez bu tipli görüşlər təşkil etdiyi üçün mən də onun təcürbəsindən yararlanmağa qərara aldım və təşəkkür edirəm ki, öz köməkliyini əsirgəmədi.

Görüş memarların ümumi yığıncaq yeri olan Kişmiş klubda baş tutdu. Təxminən 25-30 nəfər gənc və yaşlı nəslin nümayəndələri bir arada ümumi məsələləri müzakirə etdik, tanışlıqlar oldu və memar Fəxrəddin Miralayev gənclər üçün çox gözəl mühazirə ilə çıxış etdi. Yeri gəlmişkən mühazirənin mənə və gənc dostlarıma böyük əhəmiyyəti oldu, mövzu – Şərq, Azərbaycan tarixi memarlığı haqda idi, düşünürəm ki, bu tip mühazirələrin mütəxəssislər tərəfindən gənc memarlara tez-tez diktə edilməsi olduqca vacibdir.

Arzu edirəm belə görüşlər yenə olacaq. Memarlığı sevən, bu sənətə, sənətkarlara hörmət edən dostları gələn tədbirlərimizdə bizimlə bir arada görməyi ümid edirəm. Növbəti görüşlər haqda memarlığın Facebook səhifəsində elanlar yerləşdiriləcək.

QEYD: dəvət edə bilmədiyim həmkarlarımdan üzr istəyirəm, bu hələ ilk görüşdür. Ümid edirəm sonuncu olmayacaq. Kimin istəyi olsa müraciət etsin, növbəti tədbirlərdə sizi də görüşümüzdə görmək xoş olar.