Memar – Əlibəy Novruzi

zərbaycan memarları silsiləsinin növbəti qəhrəmanı çox hörmətli, yaradıcılığı və şəxsiyyətinə pərəstiş etdiyim Əlibəy Novruzidir. Belə böyük insanlar haqda yazmaq hər nə qədər şərəfli olsa da, bir o qədər də məsuliyyətlidir. Çalışacağam Əlibəy müəllim haqda, gördüyü işlər, yaratdığı əsərlər və s. haqda əlimdən gəldiyi qədər məlumat verim.

Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva memarlıq institutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967-69 –cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda ad-san qazanır.

Belə ki, memarın bu illərdə apardığı elmi tətqiqatlar nəticəsində külək və memarlıq həcmlərinin qarşılıqlı əlaqəsindən əmələ gələn aerodinamik proseslərin mahiyyətini aşkara çıxarıb. O, dəlikli strukturların küləyi səmtləşdirmək xüsusiyyətini aşkarlayaraq aerodinamika sahəsində kəşfin, yaşayış evlərinin və tamaşaçı zalının mexaniki qurğularsız təbii havalandırılması sahəsində ixtiraların müəllifi olmuşdur.

Bu kəşflər memara hələ gənc yaşında görünməmiş şöhrət gətirdi. Memarın bu layihə əsasında çəkdiyi sxem dünya memarlıq jurnallarının üz qabığını bəzəyir, memara, onun memarlığa gətirdiyi yeniliyə geniş mövzular ayırırlar. Hətta qərb mətbuatında müəyyən dövr üçün Novruzi haqda Korbuzyedən çox yazılırdı. Hansı ki, həmin dövrdə mikroiqlim məsələsi memarlıqda ən aktual məsələlərdən biri idi. Bu kəşf elmi əsər kimi bir çox dillərə tərcümə olunub və hər yerdə xüsusi termin kimi “Novruzi tipli evlər” kimi vurğulanırdı.

Belə aerodinamik binaların əsas xüsusiyyəti küləyin memarlıq həcmi ilə tənzimləməkdən ibarətdir. Memarın maraqlı fəlsəfəsi var – onun fikrincə təbiətdə insanın əleyhinə olanları insan öz xeyri üçün istifadə etməlidir. Belə ki, bu tip binalar yüksək təzyiqli küləyin qarşısını alır, eyni zamanda az küləkli havalarda da külək yaradır. Beləliklə, həm isti havalarda həm də soyuqda bu tip binlar şəhər iqlimini yaşayış üçün ideallaşdıracaqdı. Bununla yanaşı bu tip yaşayış binaları və tamaşaçı zalları heç bir qurğu tələb etmədən özü-öz havasını dəyişəcək təbii ventilyasiya ilə təmin olunur ki, bu da elektrik enerjisinə böyük qənaətdir.

Bu tip binalardan əvvəl iqlimə uyğunlaşdırılmış 2 tip binalar var idi. Ya şimala diaqonal şəklində düzülmüş binalar, ya da şimala istiqamətlənmiş paralel binalar. Bu tip binalar küləkdən qorunsa da, əslində küləyi daha da gücləndirirdi. Novruzi tipli binalar isə küləyi ideala uyğunlaşdırır, rahat iqlim şəraiti yaradır. Bundan başqa binalar konstruksiya və qruluşuna görə 2 qrupa bölünürdü – adi binalar və Korbuzye tipli binalar. Novruzinin kəşfi ilə dünya artıq üçüncü nəsil binları tanıdı.

Amerikalı aerodinamika alimi Paulo Kastro “Fluid Mechanics” əsərində yazır:

–         “Fransada eksperiment olaraq Novruzi tipli 20 mərtəbəli terraslı bina tikildi. Novruzinin yazdığı elmi işləri təcrübədə özünü tam doğrultdu. Hətta ən sakit havalarda belə”

Novruzi bununla da 3 il dalbadal SSRİ –nin “İlin Ən Yaxşı Memarlıq Layihəsi” müsabiqəsinin qalibi oldu. Və memar bu səs-küylü ixtiradan sonra dissertasiya da yazır – “Küləyin Binada Hərəkəti” mövzusunda. Bu ixtira dünyada nəinki memarlıq jurnallarında həm də elmi jurnalların böyük diqqət ayırdığı mövzuya çevrilir.

Buna baxmayaraq, Nazirlər Kobinetində Novruziyə qarşı ittihamlar qalxır və ixtiranın yoxlanması üçün gizli təyyarə aerodinamika şöbəsinə göndərilir amma layihə bu yoxlanışdan üzüağ çıxır. Bu Novruzinin qəbələsi idi. Hətta həmin alimlər bu mövzuda elmi çıxışlar da edirlər.

1987-ci ildə Moskvada SSRİ memarlarının qrultayı keçirilir, bu qrultayda Qarbaçov da iştirak edirdi. Qrultayda çıxış edən memar maraqlı təklif irəli sürür. Memarlıqda materiallara 40% qənaət etməkdənsə ölkədə bu qənaətlə binaların başa gətirməyə baş sındıran çoxsaylı memarların azaldılması və onlara ayrılan məbləğin memarlığa ayrılmasını təklif edir. Doğrudan da memarları yox memarlığı inkşaf etdirmək çox daha vacib məsələdir və bu günümüzdə də aktualdır.

1981-ci ildə Əlibəy müəllim Sumqayıtda baş memar olarkən SSRİ kimya sənaye naziri əslən erməni olan  Kostandyan bütün ittifaq kimya zavodlarının tullantılarının yandırılması üçün Sumqayıtda xüsusi ərazilər salınması qərarını qaldırır. Hamıya məlumdur ki, Sumqayıt şəhəri Bakıdan şimalda yerləşdiyinə görə Şəhərin bütün çirkli havası şimal küləkləri ilə Bakıya daxil ola bilər. Bu qərardan sonra Novruzi Moskvaya məktub yazaraq bildirir ki, – Belə olan halda Bakıda hava normadan 100 dəfə artıq çırklənəcək və hətta paytaxtda dünyaya gələn hər iki uşaqdan biri anormal doğulacaqdır. Bundan sonra həmin qərar qəti sürətdə rədd edilir.

Yuxarıdakı şəkildə XXI əsrin ən ideal şəhər tipi – Bakının peyk şəhəri üçün layihə təklifini görürsünüz

Memarın fikrincə – “Şəhərsalma planlaşdırılması qədimlərdən bu günə qədər dəyişməz olaraq qalır. Eyni yollar, eyni küçələr, eyni mərkəzlər və s. Müasir şəhərlər problemləri isə nəqliyyat sıxlığı, havanın çirkliliyi və s. –dır. Bunun səbəbi XX-XXI əsrin texniki inkşafı ilə əlaqədardır. Hansı ki, bu qədimlərin “at” hesabı planlaşdırması ilə uyğun gəlmir. Biz nə qədər küçələri enlətsək də, yeraltı, yerüstü keçidlər yaratsaq da bu problem qalır. Yuxarıdakı şəkildəki layihə XXI əsr üçün 200 000 nəfərlik şəhər planlaşdırmasıdır. Bu layihədə nəqliyyat qovşaqları, çox get-gəlli yollar yoxdur, ancaq evlərə və dayanacaqlara gedən dairəvi yollar vardır. Şəhərin diametri 1,5 km –dir və o 3 mərtəbəli yeraltı platformadan ibarətdir ki, bu da şəhər ərazisini 4 dəfə artırmağa imkan yaradır. Bu mərtəbələrdə şəhərə lazım olan bütün binalar – məktəb, bağça, ictimai mərkəzlər və s. təbii işıqlanma ilə yerləşir. Bu layihə müstəqil şəhərdir. Genişlənmir və buna ehtiyac da yoxdur. Ətrafı isə meşəliklər və parklarla əhatələnmişdir.

Yuxarıdakı layihə belə adlanır – sadəcə “Bakı Buxtası”. Memarın layihəsi haqda fikirləri bunlardır:

–         Bakı şəhəri isti iqlimə malik olsa da burada şəhər çimərliyi yoxdur. Hətta Abşeronda gəzərkən dənizi hasarlara görə seyr etmək çətinləşir. Xarici ölkələrin bir çoxunda şəhər çimərliyi mövcuddur, Bakı üçün də sahildən 300-400 m kənarda, uzunluğu 3-5 km, eni 300-400 m olan süni ada yaratmaq olar (maraqlısı budur ki, memar Bakı üçün bu layihəni Dubayın süni adalarından əvvəl fikirləşib). Ada əsasən çimərlikdən, dənizlə birbaşa əlaqəli zonalardan və parklardan ibarət olmalıdır. Belə layihə başa gələndən sonra Bakıya buradan seyr edəndə artıq onun yeni siması özünü göstərəcək. Bakının hündür binaları, relyefi və s. daha qabarıq nəzərə çarpacaqdır. Bu layihənin çoxfunksionallığı həm də ondadır ki, buxtanın suyu da təmizlənəcək və adanın yaradılmasında tonlarla tullantıdan istifadə olunacaqdır.

Memarın layihələri hər dövrdə özünü qabaqlamış forması ilə fərqlənir. Hələ sovet dövrünün birtipli layihələri tikilən dövrdə memarın layihəsi əsasında tikilən binalar öz qeyri-adiliyi, yenilikçiliyi ilə diqqəti cəlb edir. Bir çox hallarda bu yenilikçilik sifarişçilər tərəfindən qabul edilmirdi. Görünür bu, memarın dövrünü qabaqlamasından irəli gəlir. Qəbul etmək olar ki, memar layihələri ilə dövrünü ən az 50-100 il qabaqlayıb. O, ən əsas problemlərdən biri olan – ekologiya probleminə bütün layihələrində kifayət qədər yer ayırmışdır, buna görə inanıram ki, yaxın gələcəkdə “Novruzi tipli binalara” maraq daha da güclənəcək.

Layihələrinə fikir versəniz memar daha çox piramidaşəkilli formaya üstünülük verir. Bunun səbəbini soruşduqda o belə cavab verir:

–         Tarix boyu piramidalar, piramidaşəkilli binalar memarlara ilham vermişdir. Piramidalarla yanaşı Qız Qalası da insanlara ilham mənbəyidir. Mən Qız Qalasına ən yaraşan formanın piramida olduğuna inanıram və qalanın yanında piramidaşəkilli bina layihəm var. Eyni zamanda piramidaşəkilli forma neft buruqlarını xatırladır ki, bu da ikinci tərəfdən Bakıya yaraşan formadır.

Təəssüf ki, memarın bir çox layihəsi kağız üzərində qalıb. Buna səbəb əsasən “özümüzünkülər”in bu layihələrə biganə yanaşması olub. Ancaq ölkəmizdə gənc memarın əməyi qiymətləndirilməsə də, digər ölkələrdə memara böyük maraq, ehtiram olub. Memarın 1966-cı ildə, 24 yaşında kəşf etdiyi inqilabi yeniliyini bizimlikər jurnalda “maraqsız məqalə” adlandırıb çap etməmişlər, amma həmin layihə Moskvada aerodinamikanın ən böyük mükafatına layiq görülmüşdür. Bu yaxınlarda memar batmış gəmilərin qaldırılması mövzusunda yeni bir üsul kəşf edib, amma bizdə layihəni qeydiyyatdan keçirə bilməyib, bunu xarici ölkədə etməli olub. Çox təəssüf edirəm ki, bu cür dahilərə ölkədə diqqət son dərəcə zəifdir.

Amma memarın fikrincə layihələrin kağız üzərində qalması müəəyən mənada layihə üçün yaxşıdır. Çünki, 1960-cı ildə Lenin prospektində 9 mərtəbəli yaşayış binası vermişdir. Həmin vaxt evləri 2,6 m terraslarla “çıxarmaq” qrarı qəbul olunub, bundan əlavə inşaatçılar, idarələr də sakinlərlə birlikdə binaları eybəcərləşdirirdilər. Buna görə də memarın fikrincə “kağız daşdan çox yaşayır”.

Əlibəy müəllim iki Beynəlxalq Akademiyanın akademikidir, Dövlət mükafatçısı, Əməkdar elm xadimi və Respublikanın əməkdar memarıdır. Lakin memar bu adlardan imtina etmişdir və səbəbini belə əsaslandırır:

– Mən bu adları SSRİ dövründə almışam, o da dağıldı. Bu adları Stalin yaratdı ki, ziyalıları öz əlində saxlaya bilsin. Heç bir başqa ölkədə bu cür adlar yoxdur, bu yaltaqlıqdan başqa bir şey deyil. Fikrimcə Avropalaşırıqsa bu adlardan da imtina etməliyik. Amma “Dövlət mükafatı”ndan imtina etməmişəm, bu çox dəbdəbəli səslənir.

Kitabları:

– 1999-cu ildə memarın ilk kitabı işıq üzü görür – “Svilizasiya”. Bu kitabı oxumuşam və hər kəsə oxumağı məsləhət görürəm. Qeyri-adi təsir bağışlayan kitab, söhbət, dialoq şəklindədir və 89 ümumbəşəri mövzuya aid suallara cavab verən memar hamısına dəqiq faktlar və elmi sübutlarla cavab verir.

Sivilizasiyadan bir neçə sətr:

1. Sivilizasiya anlayışı nəyi ifadə edir?

– Müasir mənada sivilizasiya cəmiyyətin maddi, mənəvi və elmi texniki inkişaf səviyyəsini ifadə edir.

9. “Qızıl Tənasüb” nə məna verir?

– Qızıl tənasüf obyektləri  planda və fasadda bir-birinə nisbətən yerləşmə məsafəsidir … Kompozisiyada belə nisbət daimi cəlbedicidir … Qızıl tənasübü incəsənətdə ilk dəfə tətbiqi Leonardo da Vinçi tərəfindən olduğu göstərilir. Ancaq göründüyü kimi bütün Böyük Piramidalar kompleksinin kompozisiyasının əsasını qızıl tənasüb təşkil edir.

16. Babilistan öz asma bağları ilə də məşhur olub. Həmin asma bağlar dünyanın yeddi möcüzəsinə aid olub. Onlar necə olub?

-Şəhəri baş qapılarından məbədə gedən küçənin hər iki tərəfində ucalan çox mərtəbəli terraslı evlərin pilləkənvari – damlarında salınan bağçalar uzaqdn havadan asılmış kimi görünürdü

54. Bəlkə Çin səddini hissə-hissə yox elə bir ucdan başlayıb axıra çıxıblar?

– Belə olsa idi, onda onun tikintisinə azı 5 min il (ildə 1 km o həcmdə tikinti aparılması fntastik sürətdir) vaxt lazım olardı və bu günə qədər heç yarısı tikilib qutarmazdı

65. Memarların dünya sivilizasiyasında hansı xidmətləri olub?

– Əgər Allah təbiəti və insanları yaradıbsa, sivilizasiyanı yaradan memarlar olublar, memarlıq bütün insan fəaliyyətinin əsasıdır…

69. Deyirlər memarlıq donmuş musiqidir, bu ifadə haradan yaranıb?

– Gözəl memarlıq musiqi kimi insana xoş əhval, ilham verir.

71. Məlumdur ki, incəsənətdə şedevrlər ilhamın cuşa gəlməyindən yaranır. Rəssamları, şairləri və başqa incəsənət adamlarını nə ilhamlandırır?

– Qadın gözəlliyinə vurğunluq və öz peşəsini sevmək.

– Növbəti kitabı isə “Bir Portretin Tarixçəsi” adlanır ki, burada bir rəssamın həyatının 3 illik səhifəsi əks olunur. Əsərin mərkəz xəttində “rəssamlıq, yaradıcılıq nədir?” sualı dayanır. Memar belə qənaətə gəlir ki, əsl yaradıcı insanın böyüklüyü onun fantaziyasının böyüklüyündədir. Hər kəs rəssamlıqla məşğul ola bilər, lakin əsl yaradıcı insanın əsəri baxan kimi dərk olunmamalıdır, insanı düşündürməlidir.

Yeri gəlmişkən Əlibəy müəllim həm də gözəl rəssamdır. Öz dəst-xətti ilə seçilən memarın rəssamlıq işləri də fərqli, düşündürücüdür.

Müxbirin memara sualının maraqlı cvabı:

–         Sizin 300-dən artıq memarlıq layihəniz, 150-yə yaxın rəsm əsəriniz, 2 kitabınız, kəşfləriniz, ixtiranız, dissertasiyanız var, konkurslarda, sərgilərdə iştirak etmisiniz, Rəssamlıq fondunun sifarişlərini vermisiniz, avarçəkmə və ovçuluqla məşğul olmusunuz, Misir abidələrinin tətqiqatçısısınız, “Svilizasiya”da bir çox əsas suala vacab vermisiniz. Bütün bunları necə çatdırırsınız?

–         “Mən həmişə özümü avara hiss etmişəm”

Bununla o qənaətə gəlmək olar ki, insan nə qədər öz üzərində çalışsa da azdır. Təəssüf ki, memarın bu ixtiraları, kəşfləri ölkəmizdə tanınmır, böyük kütlələrin bundan xəbəri yoxdur. Nəinki sovet dövründə hətta indi də bir çoxlarının bundan xəbəri yoxdur. Çox şadam ki, bu haqda növbəti məqaləni gənclərə istiqamətlənmiş platformada yazmaq mənə nəsib oldu. Sonda isə memarla görüşümüzdən xatirə şəkli yerinə düşər :)

Əlibəy müəllimə daim yaradıcılıq enerjisi, can sağlığı arzu edirəm, sözün əsl mənasında böyük insanlara hər zaman Tanrı özü yar olsun.

QEYD: Qeyd etmək istərdim ki, bu günlərdə “Əmlak Bazarı İştirakçıları” ictimai birliyindən çox gözəl təklif almışam. Belə ki, bundan sonra memarlarla görüşlərimin bir hissəsini intervyu şəklində aparacam və bu adıçəkilən ictimai birliyin “Əmlak Bazarı” adlı jurnalda dərc olunacaqdır. Sözügedən jurnalın növbəti tirajında Əlibəy Novruziyə ünvanlanan suallar və memarın cavabları ilə tanış ola bilərsiniz.

QEYD 2: Məqalədə, “Müasir Azərbaycan Memarları 2010”, “Alibek Novruzi”, “Svilizasiya” kitablarından və “Город (2011, noyabr saylı tiraj)” jurnalının intervyusundan istifadə etmişəm.