İnteryerdə təbii materiallar – II hissə (təbii taxta elementi)

izlərə bu həftə 2011 Baku Build inşaat sərgisində gördüyüm ekskluziv mebellərdən söz açacağam. Ümumiyyətlə isə “interyerdə təbii materiallar” başlığı altında yazdığım məqalələrdə əsasən təbii materialların önəmini vurğulamaq istərdim (1-ci hissə – “İnteryerdə təbii qaya elementi“). Hamıya artıq aydındır ki, süni və keyfiyyətsiz materiallar son dövrlər dizayn sektorunda kifayət qədər özünə yer tutub. Bunların isə insana mənfi təsirləri hamıya aydındır. Bu səbəbdən təbii materialla üstünlük verən şirkətləri hər zaman dəstəkləyir və onların təklif etdikləri məhsulları sizinlə bölüşəcəyəm.

Haqqında bəhs edəcəyim məhsulu Tutto Bello şirkəti təklif edir. Şirkət bir çox mebel və məhsullar təklif etsə də sərgidə vurğulanan məhsul təbii taxtadan hazırlanmış ev əşyalarından ibarət idi. Təbii ki, bu cür orijinal mebellər diqqətimi çəkməyə bilməzdi. Çünki yeni mebellər ecazkarlıq, saflıq, rahatlıq baxımından bütün tələblərə cavab verir və interyerə köhnə, gözü yoran mebellərdən tam fərqli bir baxış bucağı təqdim edir.

Məhsullar Tailanddan idxal olunur  və hamısı yerli insanların əl işləridir. Hazırlanma texnalogiyası, mərhələləri və istifadə olunan ağac materialı barədə istehsalçı hüquqlarına görə heç bir məlumat əldə etmək mümkün olmadı, ancaq yerli ağac kötüklərindən calaq olmadan yonulub hazırlanması göz qabağındadır.

Məhslulun bir neçə mənfi cəhəti var:

– Məsələn, açıq havada istifadəyə yararlı deyil,

– Gün işığından həssasdır,

– Səthə su təmas etməməlidir,

– Oda qarşı xüsusi qoruyucuları yoxdur (10-15 dəq. yanma müddəti),

– Şirkət bu məhsullara zəmanət vermir və s.

Ancaq bu çatışmazlıqlar məncə alıcını qorxutmamalıdır. Çünki material sırf təbii olaraq hazırlanır və istifadəyə verilir. Xüsusi qatqılarla daha dözümlü mebellər əldə etmək olardı, amma məhsul böyük ehtimalla öz təbiiliyini itirəcəkdi.

Üzəri sadəcə “kos nano tex” – xüsusi lakla üzlənir. Daxilində heç bir karkas sistemi quraşdırılmayıb ki, bu da məhsulun bütövlüyünə zəmanət verir. Ancaq stullara xüsusi dönmə sistemi quraşdırılıb. Olduqca rahat stol-stulları var. Bundan başqa təbii ağacdan digər əşya və aksesuarlar da təklif edilir. İçki qabları, kül qabı, şəkil çərçivələri və s.

Qiymətlər isə təbii ki, məhsuldan asılı olaraq dəyişir. Ümumi demək olar ki, məsələn, stol-stul dəsti təxminən 2800-3200 manata başa gəlir. Fikrimcə interyerdə orijinal, öyrəşilməmiş, ekskluziv görünüş əldə etmək üçün bu məhsullar olduqca yararlıdır. Daha çox bağ evlərində istifadə etmək gözəl olardı. Eyni zamanda bu mebellər ultra-modern interyerdə də xüsusi incəsənət yaratmağa imkan verir. Bir sözlə almağı, istifadə etməyi məsləhət görürəm.

QEYD: şirkət personalının müştəri ilə mehriban danışmasına baxmayaraq, heç gözləmədiyim halda şirkətin sifarişçi ilə məsuliyyətsiz davranışının şahidi oldum. Ümid edirəm bundan sonra şirkət satıcı-alıcı münasibətlərinə daha həssas və peşəkar yanaşar.