Eskiz 4-cü hissə (klassik memarlıq)

emarlıq eskizdən başlayır. Bu fikirlə eskizlər silsiləsində olan əvvəlki postlardan artıq tanışıq. Buna görə “eskiz sənəti”ni dərindən bilmək, öyrənmək lazım olduğunu da yaxşı bilirik. Bu səbəbdən öz praktikamı sizinlə bölüşməyi özümə şərəf bilirəm :) Bu yazıda sizə klassik memarlığa dair eskizlərdən nümunələr və çəkmək üçün hansı mərhələlərin keçdiyindən bəhs edəcəm.

Klassika bildiyimiz kimi memarlıq üslubları içərisində ən ideal üslüb sayılır. Məhz buna görə klassik memarlıq eskizləri də digərlərindən seçilməlidir. Başqalarından fərqi, memarın istifadə etdiyi elementlərin savadlı həlli ilə yanaşı həm də əl qabiliyyətinin gözəl olmasındadır. Yalnız belə olduqda klassikaya yaraşan memarlıq eskizi əldə etmək olar.

Dəfələrlə qeyd etdiyim kimi eskizlər iki hissəyə ayrılır, hamıya aydındır ki, sifarişçi üçün çəkilən eskizlərin yüksək səviyyədə olması vacibdir. Bu səbəbdən məhz sifarişçilər üçün çəkilən eskizlərə istinad edərək çəkdiyim klassik memarlıq eskizlərinin hansı mərhələlərdən keçməsinə nəzər salaq.

Hər şeydən əvvəl onu qeyd etmək yerinə düşərdi ki, çalışın elementləri haradansa köçürməyin, çəkin və memarlıq elementlərini bir-birinə uyğunlaşdırmağa çalışın. Əgər pəncərə sizə yad görünsə, onu başqa növ xarakterli pəncərə ilə əvəzləyin. Və ya sütunları düzgün seçməyə fikir verin. Ancaq heç bir ədəbiyyatdan və ya fotoşəkildən istifadə etməyin, təkcə kağız, karandaş və beyninizdəki memarlıq bazasından istifadə edin. Yalnız bu zaman memarlıq hissiyatı sizdə formalaşa bilər, göz nizamı, əl qabiliyyəti və beyinin qurub yaratdığı möcüzələr üzə çıxa bilər :)

İndi isə aşağıdakı şəkillərə baxaq və belə eskizləri çəkmək üçün hansı mərhələlərdən keçmək lazıdır olduğuna diqqət edək:

İlk olaraq kiçik eskizlə binanın hansı həndəsi formada olmasını müəyyənləşdirin. Şəkildə də gördüyünüz kimi karandaşla müqayisədə çox kiçik də olsa bu eskizin ilk addımı sayılır. Bununla yanaşı beyində bu formaya uyğun həcmi artıq yarı hazır və ya tam hazır şəkildə canlandırın.

Daha sonra A4 formatda kağızda (istənilən ölçüdə kağız ola bilər, amma A4 olduqca rahat olduğu üçün buna üstünlük verirəm) böyük şəkildə, kağıza düzgün yerləşdirilmiş “qutu”nu çəkin.

Əgər bina klassikdirsə çox hallarda simmetrik olacaq, belə olan halda binanın bir tərəfində kompazisiyanı karandaşla dəqiqləşdirib çəkin.

Əgər kompazisiya ürəyinizcə oldusa onu binanın ikinci tərəfində də qurun. Və qalan yerləri də doldurun, nizama uyğun olaraq boşluqlar buraxa və ya hansısa elementlərlə zənginləşdirə bilərsiniz.

Bir çoxları fikirləşir ki eskizdə xəttkeşdən istifadə etmək qabiliyyətin aşağı olmasından irəli gəlir. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, heç bir rəssam xəttkeşin verdiyi dəqiq effekti əl ilə ala bilməz. Əgər bizim eskiz sifarişçiyə təqdim olmaq üçün çəkilirsə, deməli yüksək səviyyədə olmalıdır. Bir çox hallarda hətta eskizə baxan insan bunun əl ilə çəkildiyinə inanmayacaq, bu memar üçün müsbət haldır. Memarlıqda səliqə-səhman hər zaman müsbət haldır.

Burada xəttkeşin köməkliyi ilə flomaster qələmlərlə karandaş çəkilən yerlərdən düz xəttlər aparırıq. Öncə binanın bir tərəfini sonra isə yerdə qalan hissəni.

Yerdə döşəmənin çəkilməsi eskizi daha canlı edir və onu sanki biraz daha yığır, məntiqlilik yaradır. Əgər perspektivadan düzbucaqlı formasında bina çəkiriksə yerdəki döşəmənin birləşmə xəttləri də binaya paralel olsa çox inandırıcı görünər.

Paralel olaraq binaya kölgələr verməyə başlamaq olar. Kölgələmə prosesindən əvvəl kağızı yaxşıca pozmaq lazımdır ki qələmin altnda qalan səliqəsiz karandaş xəttləri itsin. Pozanla təmizlədikdən sonra xəttlər çox caibədar görünəcək, sanki kompyuter proqramından çıxmış kimi.

Kölgələmə zamanı işığın ən uyğun düşmə bucağını müəyyənləşdirin, ön fasada düşən işıq ən gözəlidir. Belə etdikdə fasadı saxlayaraq yan tərəflərin kölgələrini çəkin.

Eskiz çəkərkən ən uğurlu döşəmə mərmər kimi parlayan və binanı özündə əks etdirən döşəmə hesab edilir. Bunun üçün binanın hər tinindən şaquli istiqamətdə yarımxəttlər çəkin. İstər-istəməz döşəmə gözə xoş gələcək.

Binanın kölgəli hissələrinin döşəmədəki əksini tünd, işıqlı hissələrini isə nisbətən az rəngləyin, bu halda əksolunma daha məntiqli görünəcək.

Pəncərələri tünd kölgə ilə versəniz məsləhətlidir, sanki binanın içi vizual olaraq canlanır. Təbii ki, şüşə effekti də gərəklidir, bunu şəkildə gördüyünüz kimi xüsusi işıq effekti ilə almaq olar.

Eskizin daha da yığılmasını və canlı baxılmağını istəyirsinizsə mütləq fonda ağaclar çəkin, bir də bulud silueti. Binanın müstəvidən qarşıya çıxması üçün kontur xəttləri boyu səma və ya ağac rəngi ilə fonu tündləşdirin, onda bina daha qabarıq, önə çıxmış görsənəcək

Ən sonda isə bina üçün seçdiyiniz rəngləri tətbiq etməyə başlayın, divarları və pəncərənin rəngini verdikdən sonra artıq eskiz tamamanmış olacaq.

Bəlkə də memar və ya rəssamlar müəyyən qüsurlar tuta bilər, amma nəzərə almaq lazımdır ki, bu sadəcə eskizdir və sifarişçilər çox hallarda heç də rəssam və ya memar olmur, onlar adi isanlardır və bu eskizlər onları valeh edəcək ;)

QEYD: İradınız olarsa buyurun, məmnuniyyətlə dinləməyə hazıram. Bundan əlavə, daha gözəl və canlı eskizlər çəkmək isə öz yaradıcılığınızdan asılıdır, bu yolda sizə uğurlar :)