Qara Qarayev abidəsi üçün layihə təklifi

eçən semestr Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yeni proqram qəbul olundu. Proqrama əsasən memarlarla heykəltəraşlar bir iş üzərində işləməli idilər. Proqramın mahiyyəti tarixən memar-heykəltəraş iş birliyini bakalavr və ya magistr pilləsindən möhkəmlətmək idi. Tələbələr üçün bu prosesi erkən öyrənmək çox yararlıdır.

Akademiya adından cəmi bir nəfər memar tələbə, 3-cü kurs bakalavr və 2-ci kurs magistr heykəltəraşlara rəhbərlik etməli idi. Bu təklif mənə çox hörmətli xarq rəssamı, professor Tokay Məmmədovdan gəldi. Onunla işləmək, məsləhətlərini dinləmək, dahi memarlarla birgə çalışmış heykəltəraşla bir memar kimi ünsiyyətdə olmaq mənim üçün böyük şərəf idi. Tək başına 12 tələbə ilə çalışmağın çətinliyi qrup yoldaşım Nurlan Məmmədovu da bu layihəyə dəvət etməyimi zəruri etdi. Çalışğan tələbə olan Nurlanla birlikdə 10 balakavr və 2 magistr tələbəyə memarlıq qanunları, heykəlin şəhər mühitində düzgün yerləşdirilməsi və s. haqda məsləhət və tapşırıqlar verməli, ərazi müəyyənləşdirməli, ölçü işləri aparmalı və maket düzəltməli idik.

Tələbələr içərisində ən çox mövzu və çalışqanlıq baxımından seçilən magistr tələbə Sabit Zamanovla birgə çalışdığım dahi bəstəkar Qara Qarayevin heykəli üçün məsləhətçi layihəni sizinlə bölüşmək istəyirəm.

Hər bir layihə kimi bu layihənin də ilk öncə yerləşəcəyi yeri seçmək vacibdir. Bizim yerimiz Kukla teatrı ilə üzbəüz yerləşən bağ oldu. Hansı ki, heykəl “kitayski” köhnəlmiş fontanların yerində ucaldımağı nəzərdə tutulub. O bağ şəhərin çox gözəl yerində yerləşir və ora üçün mərkəzləşmiş sənət incisi gərəklidir. Bu məqsədlə heykəli burada yerləşdirməyi qərara aldıq.

Ərazinin şəhərin bir çox görkəmli yerlərinə istiqamətlənmiş çıxış və girişləri var. Bu vacib amildir, çünki bəzi heykəllər 2 və ya 3 tərəfdən bağlanmış ərazidə yerləşir ki, bu cür heykəllərin cəmi bir neçə yerdən maraqlı baxış nöqtəsinə ehtiyacı olur. Bizim ərazi isə dörd bir tərəfdən baxış nöqtələri ilə zəngin ərazidir. Buna görə də heykəl hər tərəfdən baxımlı olmalı idi.

Bağ ənənəvi olaraq sulu, fontanlı, sərin ərazi olduğu üçün biz kompozisiyada su elementini işlətməyi qərara aldıq. Bu, həm də ətrafdakı klassik binaların boğucu fonunda seyrə sərinlik, şuxluq gətirəcəkdi. Eyni zamanda bağda istirahət edənlər güclü maşın səslərini su səsi vasitəsilə nisbətən az və ya heç eşitməyəcəklər.

Qarayev heykəlini işləyərkən ən əsas bir amal var idi – bəstəkarın xarakterinə xələl gətirməmək və onu düzgün qabartmaq. Bu heykəltəraşlıq və memarlıqda ən vacib məsələlərdən biridir ki, işlənəcək mövzunun xarakteri əsərdə tam əsk olunsun. Qarayevin musiqisi isə bildiyimiz kimi ağır, vahiməli, sərtliyi ilə fərqlənir. Eyni zamanda müdrikliyi, humanistliyi və ideallığı ilə. Biz bütün bu cizgiləri heykəldə, onun postamentində və ən əsası ümumi kompozisiyanın mütənasibliklərində verməli idik.

Sabit durmadan Qarayevin eskiz heykəllərini işləyir, ən ideal formanı axtarırdı. Həmin vaxt memar olaraq mənim qarşımda isə şəhərsalma, ərazi tərtibatı, landşaft memarlığı, ideal mütənasibliklərin tapılması kimi məsələlərin həlli dayanırdı. Qərara alındı ki, heykəl ayaq üstə dayanmış formada qurulsun. Bu, geniş ərazinin tam mərkəzində dayanacaq heykəl üçün qülləvarilik bəxş edəcəkdi ki, bu da kənarda yerləşən binalar arasında vizual əlaqəni möhkəmlədəcəkdi.

Heykələ xarakter verilərkən adətən şəxsin ümumi obrazını təşkil edən elementlər, aksesuarlar və s.-dən istifadə olunur. Qarayev dedikdə ilk ağla gələn iri eynəklər, fonda piano, not kağızları və karandaş-qələm olur. Biz bunların hamısını heykəlin portretinin fonunda əks etdirdik. Sabit ustalıqla pianonun xırda siluetini tərtib etdi və hər tərəfdən baxış üçün maraqlı görünəcək formalar tapdı. Ümumi poza və işlənəcək elementlər son günə qədər işlənib daha da ideallaşdırılsa da ümumi olaraq nəzərimizdə tamamlanmışdı. İndi isə işin ən çətin, maraqlı və vacib hissəsi qalmışdı. Fontan, postament dizaynı və heykəllə bərabər ümumi kompozisiyanın ərtafla, qonşu binalarla uyğunlaşan, ideal mütənasibliklərin tapılması.

Fasaddan görünüşün eskiz silueti

Fontanın dizaynında bir neçə məsələni ön plana çəkdim – bağın ümumi formasına uyğun olaraq dairəvi forma, şəxsin, ümumi kompozisiyanın xarakterinə uyğunluq və çoxfunksionallıq.

Birinci və ikinci məsələ, bağın dörd bir tərəfdən baxışına uyğun, landşaftla ümumiləşmiş dairəvi forma idi. Bu, mövcud köhnə formanın təkrarı idi, lakin tam yeni tərtibatda. Daha sərt, kəsilmiş xətlər və işıq-kölgə ilə əzəmət əldə etmiş forma.

Üçüncü məsələ isə su hövzəsinin yarıdan kəsilərək pillələrlə qalxması idi ki, bu da musiqiçilərin, şəhər sakinlərinin və qonaqlar üçün  heykəlin ətrafında şəkil çəkdirilməsinə şərait yaradacaqdı.

Postamentin dizaynı isə tam sadə, amma olduqca sərt olmalı idi. Bu səkkiz tini olan sadə həndəsi formadır. Yarıdan suya girmiş hissəsi ilə sərtliyi daha da qabarıq təsir bağışlayacaqdı. Sanki torpaqdan çıxmış və Qarayevin musiqilərinə uyğun sərt notları, sürəti və əzəməti əks etdirir. Mürəkkəb işlənmiş fontan hissəsi ilə heykəl arasında keçid rolunu oynayan postamentin sadəliyi 3 hissəli simfonik musiqidən ilham alınaraq tərtib edilmişdir. Belə ki, 3 hissəli simfoniyalarda 1-ci hisənin ağır girişi, 2-ci hissənin sakitliyi, dinləndiriciliyi və 3-cü hissənin kluminasiyası, finalı əks olunur. Fontan giriş hissə və zavyazka, postament hadislərin yüngül inkşafı, heykəl kluminasiya, portret isə finalı simvolik olaraq əvəzləyir.

Postamentin ümumi mütənasibliyi qızıl bölgü ilə həll edilib. Yəni postamentə fasaddan baxanda eni ilə uzunluğunun nisbəti 1,618 –dir. Eyni zamanda heykəldə ad yazılması üçün ayrılmış hissənin də eni ilə uzunluğu bu nisbətə bərabərdir. Yazının yerdən hündürlüyü də ümumi kompozisiya ilə qızıl bölgüdədir.

Ümumi kompozisiyada da bir çox ideal mütənasibliklərdən istifadə etdim. Aşağıda kompozisiyanın eskiz silueti və bütün əsas hündürlüklər əks olunub.

Ümumi hündürlüklər arasında bir neçə Qızıl Bölgü var. Məqsəd, abidə ilk baxışdan müdriklik, əzəmət simvoluna çevrilsin. Burada a-nın b-yə nisbəti qızıl bölgüdür. Və ya “qırmızının” – “göyə” nisbəti.

İnsan formaları qədim zamanlardan bu günə qədər heykəllərdə, rəsmlərdə ideal nisbətlərlə yaradılır. Biz də Qarayev heykəlində bu ideal nisbətləri qoruyub saxladıq. Məşhur memar Korbuzyenin modern tərtibatı ilə qızıl bölgünü əks edən “Modulor“una uyğun olaraq bizim heykəlin də nisbətləri qızıl bölgüdür. Məsələn yerdən dizə qədər, göbəyə qədər, başa qədər olan məsafələr, tanrının yaratdığı ideal insan bölgüsünə uyğun gəlir.

Eyni zamanda tarix boyu yaradılan heykəllər üçün modul sistemi də olduqca vacib amildir. İnsan iki formada bölgülərlə ayrılır – 1-cisi harmonik bölgülər, qeyd etdiyim kimi, qızıl bölgü və musiqi ritmləri  ilə, 2-cisi isə modul bölgüləri ilə. Modul hər hansısa bədən üzvünün ölçülərinin digər bədən üzvlərinin ölçülərində təkrarlanması deməkdir ki, bu da insana xüsusi gözəllik verir. Məsələn, insan əlinin sifəti hündürlüyündə olmasını, qulaq hündürlüyünün burun hündürlüyü ilə eyni olmasını və ya iki göz arasındakı məsafənin bir göz uzunluğu qədər məsafədə yerləşməsini misal göstərmək olar.

Başın hündürlüyünün bədəndə neçə dəfə yerləşməsi amili modul sisteminin ən əsas tərkib hissələrindən biridir. Çünki bu, birbaşa obrazın təsir gücünü artıran amillərdən biridir. Məsələn 8 modulluq sistemlə yaradılan heykəllər nisbətən incə, zərif xarakterlidir (məs. Afrodita, Venera və s.) . 6 modulluq heykəllər isə əzəmətli, güclü heykəllərdə olur (məs. Herakl, Zevs və s.) . Bizim heykəl isə sadəcə ideal insan nisbətinə mailk olmalı idi. Ona görə də 7 modulluq sistemi xarakter və gözəllik baxımından uyğun bildim (hər modul 510 mm).

Təbii ki, bu mütənasibliklər yalnız heykəlin, kompozisiyanın ümumi hündürlükləri üçündür. Bundan əlavə heykəl işləndikcə daha xırda elementlərdə də (üz cizgilərində və s.) bu mütənasibliklər istifadə olunacaq. Ümumilikdə heykəl iki natura ölçüsündədir. Yəni adi insandan iki dəfə böyük. Bu geniş bağ üçün uyğun ölçü olmaqla yanaşı həm də, öz əzəmətini daha da gücləndirir.

Maket:

Hər hansısa bir layihəni təqdim edərkən onun maketi əsas götürülür. İşə baxan adam ilk növbədə onu təsəvvür etməlidir. Bunun üçün ən yaxşı yol isə maketdir. Sabitlə ərazini, binaların hündürlüyünü və s. ölçülər apardıqdan sonra maket hazırlamaq üçün  kağız üzərində əraziyə uyğun çizimləri hazırladıq. Maketi və eskiz heykəl variantını Sabit düzəltdi. Həmin maketin bir neçə görünüşünə baxdıqda sizdə də ümumi ideya barədə təsəvvür formalaşacaq.

Ümumi işi rektorumuz məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarov bəyəndi və layihə 10 bal ilə qiymətləndirildi.

Sonda isə qeyd etmək istərdim ki, Azərbaycanın istedadlı və dünya səviyyəsində sənətkarları həmişə olub. Bəziləri yaşayır bəzilərini isə yalnız biz yaşada bilərik, onları yad etməklə. Qarayev səviyyəsində dahi bəstəkarın şəhərimizdə abidəsinin olmaması ağlasığmaz qüsurdur. Bu səviyyədə sənətkarın heykəlinin olmadığı ölkə heç zaman öz mənəvi dəyərlərini xarici ölkələrdə təmsil edə bilməz, heç zaman öz musiqisinə, sənətinə və dəyərlərinə sahib çıxa bilməz. Ümidvaram Qara Qarayev heykəli nə vaxtsa ucaldılar və gənc nəsillər dahilərimizi daim xatırlayarlar.

Sabitlə birlikdə çalışmalarımızı dahi bəstəkar Qara Qarayevin əziz xatirəsinə həsr edirik. Allah rəhmət eləsin