Memar Rəhim Seyfullayev

u günlərdə Azərbaycanın nadir istedada malik, ustad memarı Rəhim Seyfullayevin qonağı oldum. Memarla tanışlığım çoxdankı arzum idi. Çox səmimi insan olan Rəhim müəllim haqda, onun həyat və yaradıcılığından faktları sizinlə bölüşmək istərdim. Memarı tanımaq təkcə digər memarlar üçün yox həm də ölkə vətəndaşları üçün vacibdir. Müəllifi Rəna Əfəndizadənin “Memar – Rəhim Seyfullayev” kitabını oxuduqdan sonra memar haqda araşdırmalar edib sizinlə bölüşmək qərarına gəldim.

R. Seyfullayev 16 fevral 1944-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik universitetində memarlıq təhsili almışdır. 1970-ci illərdə Norilsk şəhərinə köçür və 10 il orada həyat yoldaşı (Nailə Seyfullayeva) ilə birgə memarlıq və interyer sahəsində fəaliyyət göstərir. SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü olur. 1982-ci ildə vətənə qayıdan memar Bakının baş rəssamı vəzifəsinə dəvət olunur. 1999-cü ildə R.Seyfullayev Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu seçilir. 2002-ci ildə isə Azərbaycanın əməkdar memarı adına layiq görülür.

LAYİHƏLƏR:

Layihələr haqqında öz fikirlərimlə yanaşı kitabdan alınmış hissələri də yerləşdirəcəyəm. Ancaq çox söz deməyə ehtiyac duymuram, çünki hər layihə özü öz haqqında onsuzda danışır.

Fəvvarələr meydanı 1980-cı illər.

Memarın ən böyük işlərindən biri Bakıda Fəvvarələr meydanı layihəsidir. 80-cı illəri əhatə edən dövrdə Bakının piyada zolağının işlənib hazırlanması, güclü bədii gözəlliyə malik mərkəzin yaradılması, insanların ünsiyyət mühitinin formalaşması uğrunda böyük işlər görülmüşdür. Memar meydanın tərtibatında axışqanlığı, səmtləşməyi, ünsiyyət məkanı, məkanın oxunaqlığını və ümumiyyətlə “mühit” yaratmağa nail oldu.

Memarın fikrincə Şəhərin bədii dəyəri təkcə binaların memarlığı ilə yox həm də “yerin memarlığı” ilə də ölçülür. Bu səbəbdən meydanın terrasvari kompozisiyası, fəvvarələrin bədii gözəlliyi, meydan boyu binaların zirzəmi və birinci mərtəbələrinin interyer həlləri özünəməxsus işlənmişdir.

Memar daim düşünmüşdür ki, piyadaları sevmək gərəkdir. Bunun üçün onlara ən rahat və bədii estetik tələbatlarını ödəyəcək piyada zolağı yaratmaq lazımdır. Memar dövrünə görə çox çətinliklərlə rastlaşsa da istəyini (qismən olsa belə) yarada bilir. Təbii ki, dövrünə görə imkanların zəif olması və qarşıya qoyulan maneələri aşmaq hər yaradıcı insana nəsib olmayan Tanrı vergisidir. Təəssüf edirəm ki, meydanın yenidənqurulmasında memarla heç bir məsləhətləşmə olmayıb və elə buna görə də meydan indiki halı ilə əvvəlki yaradıcı müdrikliyini özündə daşımır.

Gənc Tamaşaçılar Teatrı 1986-cı il.

Binanın yerində köhnə, olduqca kiçik teatr binası yerləşdiyinə görə layihəni yenidənqurma kimi adlandırmaq olar. Lakin tamamilə dəyişdirilmiş bina sıfırdan qurulmuş layihəni xatırladır. Həmin dövrdə ölkə rəhbərliyi yeni layihələrin tikilməsinə icazə verməyəcəyini düşünən şəhər idarəsi Moskvaya bunun sadəcə bərpa işi olmasını söyləyir. R. Seyfullayev bu layihəni memar Sənan Salamzadə ilə birgə layihələndirib.

Əvvəlki teatrın çox kiçik olmasına görə binanı pasaj kimi önə çıxarmaq həm daxili məkanın genişlənməsinə həm də maraqlı piyada yolunun təşkilinə imkan yaradır. Bina postmodern üslubundadır. Ağır sütunlarla yerə oturmuş bina şüşəli fasadı ilə xüsusi zərifliyə malikdir.

Ümumiyyətlə, əvvəlki məqalələrimdə də qeyd etdiyim kimi pasajın ölkə iqilimimiz üçün çox yararlı əhəmiyyəti var. İqlimimiz yayda isti, qışda isə sərt soyuqluğu ilə tanınır. Pasaj yayda kölgəli, qışda isə yağıntılardan qorunan piyada zolağı təşkil edir. Kiçik məsləhətim, Bakı üçün layihələndirilən binalarda pasajdan geniş istifadəni məsləhət görərdim.

Xoşbəxtlikdən Gənc Tamaşaçılar Teatrının yenidənqurma layihəsini 25 ildən sonra yenidən R.Seyfullayev və S.Salamzadəyə həvalə edilir. Yenidənqurmadan sonra teatrın sonuncu mərtəbəsində müasir restoranın yaradılması və interyerinin tam yenilənmiş bədii obrazı ustalıqla layihələndirilmişdir. Hazırki bina öz gözəlliyi ilə şəhərə xüsusi sərinlik, dinamiklik və gözəllik qatır.

Bakı “Nigah sarayı”nın layihəsi 1988-ci il.

Memarın ən sevdiyim idealarından biri Azərbaycanın nigah ssenarisinin hazırlanması, bunun üçün xüsusi Nigah sarayının yaradılması idi. Çox təəssüf edirəm ki, bu layihə baş tutmadı. 20 il ərzində normal nigah qayda-qanunlarımız, köhnə adət və ənənələrimizlə birləşib vahid ssenari əsasında xalqın ümumi mentalitetinə qarışa bilərdi.

Nigah sarayı Puşkin küçəsində yerləşən və yanğından sonra yararsız hala düşmüş köhnə dəyirmanın yerində ucaldılmalı idi.

Layihəyə əsasən nigah bağlayanlar əfsanəvi aşiqlərin heykəlləri ilə bəzədilmiş yoldan keçib binaya daxil olurlar. Binanın həcmi iki paralel divar formalaşdırır. Onlar şüşə və dəmirdən lövhələrlə bəzədilmişdir və üzərində dünya məhəbbət əfsanələrindən, şerlərindən mətnlər yer alacaqdı.

Ümid edirəm tezliklə bu mövzuya yenidən qayıdılacaq və memar ideyalarını tətbiq edə biləcək.

Nizami 10 ünvanında yerləşən ofis binası 1998-2000 illər

Öz ölçülərinə, foma və rənginə görə diqqəti cəlb edən bina. Binada ən çox onun müdrikliyini bəyənirəm. Müasir digər binalardan fəqli olaraq ətraf mühitlə düşmən yox dost kimi yerləşdirilmişdir. Qədim, çox da hündür olmayan binaların olduğu məkanda bina layihəndirmək əlavə çərçivələr daxilində işləmək deməkdir. Qədim binaların mərtəbə sayı, karniz hissələri, memarlıq cizgiləri, layihənin diqqətlə işlənməsini tələb edir. Təbii ki, memar bu işin də öhtəsindən maksimal gözəlliklə gəlmişdir.

4-5 mərtəbəli binalarla uyğunlaşmaq üçün memar binanın 6-cı mərtəbəsni qismən içəri çəkir və burada böyük terras, istirahət üçün məkan əldə edir. Eyni zamanda böyük tağ vasitəsilə bina qonşu qədim bina ilə üzvi sürətdə birləşir. Bu birləşmə böyük ustalıq və orjinallıqla həll edilmişdir. Binada dolğun göy və ağ daşların sintezi ona xüsusi cazibədarlıq bəxş edir.

İçəri şəhərdəki ofis binası 2000-2003 illər

Memarın görkəmli layihələri içərisində İçərişəhərdə gördüyü işlər xüsusi yer tutur. Belə qədim tarixi irsi olan məkanda layihə vermək hər memarın ustalıqla bacaracağı iş deyildir ki, Rəhim müəllim bunun da öhtəsindən layiqincə gəlməyi bacaran memardır.

Layihə ağlay adlanan Bakı daşı və şüşə ilə əhatələnir. Burada binanın memarlıq cizgiləri və daşla qədimliyi, şüşə və dəmir sürahilərlə isə müasirlik sintez olunmuşdur. Binanın daxili məkanlarının tərtibində də İçərişəhərə gözəl seyr nöqtələri açılması nəzərdə tutulmuşdur.

Bina XI əsr Azərbaycan memarlığının incisi olan “Sınıq Qala” minarəsi ilə eyni meydançadadır. Müəllif minarəni kompozisiyaya daxil etməyi bacarmış, ona xüsusi seyr nöqtələri yaratmışdır.

İçərişəhərdə mehmanxana layihəsi 2000-2003 illər

Mehmanxana layhəsi də həmçinin İçərişəhərə yad baxılmayan, ətraf tikililərlə uyğunlaşan müdrik layihələrdəndir. İşıq-kölgə oyunu ilə vurğulanan binanın maraqlı plastikası ona heykəlvarilik bəxş edərək həcmini İçərişəhərin həcminə yaxınlaşdırır. Erker və eyvanların dəqiq tapılmış rəsmi və mütənasiblikləri mehmanxananın daxili məkanını genişləndirərək onun həcmini zənginləşdirir.

Bina çox da iri olmasa belə İçərişəhərin ümumi həcmi ilə üzvi şəkildə birləşir. Binada kəsilmiş xəttlər, arkalar, üzlük material və sürahilər layihəyə xüsusi ağırlıq, sanballılıq qatır. İncə və kobud məqamlar binaya sanki qədim obraz verərək onu ətraf mühitlə qardaşlaşdırır..

Bayılda yaşayış kompleksinə dair layihə təklifi 2004-cü il

Bu tipli  yaşayış kompleksləri müasir dövr üçün çox əlverişli və səmərəlidir. Təəssüf  ki həyata keçməyən bu layihənin eyni tiplisini memar Nəriman İmaməliyev “Mayak” yaşayış kompleksində həyata keçirir.

Belə komplekslər adətən dəniz kənarında xüsusi ayrılmış sahədə yerləşdirilir. Ayrıca torpaq sahəsi alıb bağ evi layihələndirmək və tikdirmək üçün çox uzun başa gələn prosesdənsə, b cür hazır villalardan birini almaq daha sərfəlidir.

Bakı ş. Nərimanov prospektində yaşayış evi

Hal hazırda tikintisi davam edən kompleksə 3 bina daxildir. Bina indiki görkəmini almaq üçün çox mərhələlərdən keçmişdir. 2004-cü ildə bu yerə aid konkursdan sonra variantlar artsa da konkursdan əvvəl, 1996-cı ildən ərazi üçün memar ən azı 4-5 layihə variantı təklif etmişdir.

Ən kamili sayılan indiki variantda bəzi ideyalar xüsusilə xoşuma gəlir. Bu layihə ilə tanış olmazdan əvvəl, öz kurs işimdə bəzi ideyalar haqda fikirləşmiş, yaşam üçün daha rahat variantlar düşünmüş və onları tətbiq etmişdim. Memarın bu layihəsi ilə tanışlıqdan sonra isə atrıq təcrübədə belə ideyaların istifadə olunmasını görmək məni daha da həyəcanlandırdı. Məsələn, binada hər mənzilin loja tipli terrasının olması, mənzərəyə köklənmiş planlaşdırma, iqlimin dəqiqliklə nəzərə alınması və s. Doğrudan da kompleksə daxil olan binalar yaşayış tələblərini tam ödəyərək, rahat yaşam üçün gözəl imkanlara malikdir.

Abşeronda 1 saylı villa 2004-cü il

Ümumiyyətlə Azərbaycanda həyata keçirilən layihələr içərisində ən çox sevdiyim layihələrdən biri məhz memar R. Seyfullayevin Abşeron – 1 saylı villa layihəsidir. Burada müasir memarlığın bütün tələblərinə riayət olunmuş, gözəl məkanda füsünkar mühit yaradılmışdır. Evin daxili məkanları ilə xarici həcmlərinin qurulma həlli yüksək ustalıqla həyata keçirilmiş, bədii obraz həlli ilə özünün müdrik görünüşünə sahiblənmişdir.

Evin arxa tərəfində açıq hovuz həyətə birləşmiş dənizlə üzvi şəkildə birləşərək vahid məqsədə xidmət edir – evi dənizlə birləşdirməyə.

Evin eksteryeri Bakı daşı və tünd qırmızı keramik daşla işlənmişdir. Burada incə keramik detal paytaxtda artıq bayağılaşdırılmış ağlayı daha canlı göstərir, gözəlliyinə gözəllik qatır.

Abşeronda 2 saylı villa 2005-ci il

Yuxarıdakı evin qonşuluğunda yerləşən bu bağ evi də öz gözəlliyi ilə insanı valeh edir. Bir mərtəbəli, çox da böyük olmayan (12×12 m) xüsusi əzəmətə malik bu villa memarın incəliklərə məxsusi yanaşmasının məhsuludur.

Evin mərkəzi geniş gümbəzdən ibarət qonaq otağı təşkil edir. Və gümbəzə gizli şəkildə birləşən mətbəx və yataq olatlarından ibdarətdir. Yenə dənizlə evin əlaqəsi bir tərəfi açıq şəkildə qurulmuş hovuz vasitəsilə yaradılıb.

Bağ 4 hissədən ibarətdir. 1-giriş, 2-bağça, 3-ev, 4-arxa həyət. Layihə yığcamlıq və rahatlıq baxımından ideal sayıla bilər.

Ev çox dəqiq işlənmiş interyerə malikdir. Sadə və səliqəli eyni zamanda mürəkkəbliyi ilə cazibədar olan interyeri memar həyat yoldaşı Nailə xanımla birgə layihələndirmişdir.

Qubada villa 2003-2004 illər

Villa dağın ətəyindən axan çaya baxdığı üçün layihə “River House” adlanır. Yaşayış üçün çox gözəl mövqedə yerləşən bu məkan Seyfullayevin layihəsi ilə daha da gözəl tamamlanır.

Dəqiq və düşünülmüş planlaşdırma sayəsində evin əsas otaqları çayı və dağları görəcək şəkildə yerəşdirilmişdir. Memarın layihədə əsas məqsədi landşaftla təbii şəkildə uyğunlaşaraq, onun içində itməmək idi.

Memarın da zarafatla dediyi kimi layihədə Bakı daşı ilə Quba daşı “evləndirilmişdir”. Burada Bakı daşının düz lövhələri ilə xırda çay çınqılının qarışığından daha ifadəli və yekcins səthlər əldə olunmuşdur.

Divar çərçivə layihəyə tamamlayıcı effekt verməklə yanaşı həm də məişət funksiyasını tanışır. Onun içərisindən tele və radio kommunikasiyaları keçirilmişdir.

Bakı Dənizkənarı parkın yenidən qurulmasına dair müsabiqə layihəsi 1988-ci il (birinci mükafat)

Bakının baş rəssamı vəzifəsində çalışan memar bu müsabiqə üçün özünün unikal təklifini verir və müsabiqədə qalibi seçilir. Həmin dövrdə Xəzər dənizinin yüksəlməsi məsələsi var idi. Memar Bulvarı terraslara ayırıaraq, birinci terrası qaldırmaq və onu ikinciyə doğru nisbətən endirmək variantını irəli sürür. Bunun sayəsində Bulvara çox maliyyə və əmək tələb edən torpaq tökülməsi işini nisbətən yüngülləşdirmək mümkün oldu.

Parkın zonalara bölünməsi üç terrasın yaradılmasını nəzərdə tutur. Yuxarıdakı, idman və hay-küylü oyunlar, habelə uşaq əyləncələrinə xidmət edir. Dənizə tərəf yaxınlaşdıqca daha çox sakitliyin olması planlaşdırılır. Ən aşağı terras dinc istirahət və aram gəzinti üçündür.

Molokan bağı ətrafında yaşayış evi layihəsi üçün təklif 2005-ci il.

Bu layihə də öz unikallığı ilə seçilir. Burada memar şəhərdə kontras yaratmağı nəzərdə tutmuş və ətradakı binalarla hüdürlük və həcm baxımından uyğunlaşan lakin üslub baxımından tamam seçilən layihə irəli sürür. Bunun sayəsində şəhər mərkəzində ağır, gözü yoran qədim binalar arasında seyr üçün nəfəs, sərinlik gətirən formalı bina lazımdır.

Memar bu işin öhtəsindən də ustalıqla gəlmiş, həm yaşayış üçün rahat məkan əldə etmiş, həm də şəhər mənzərəsini zənginləşdirmişdir. Memar layihədə bütün 5 otaqlı mənzilləri ayrı-ayrı layihələndirərək, 18 növ mənzil planı əldə etmişdir. Ətraf mühiti pozmamaq məqsədilə, müəllif binanın mərtəbələrini 5-dən başlayaraq ən çoxu 8-ə qədər artıraraq onları nisbətən içəri yığmağı təklif etdi.

Baku Electronics-in əsas ofis və satış binası

Son 1-2 ilin layihəsi olan bu nina 10 illərdir cilddən cildə düşürdü. Hər yeni sahib gəldikcə fasad sökülüb yenilənir, lakin istifadə edilmirdi. Son variantı verən Seyfullayev binaya elə incəliklə yanaşmışdır ki, ilk dəfə fasadın xaricilər tərəfindən işləndiyini düşünmüşdüm. Binanın sağ və sol fasadlarındakı şüşə hissənin estetikliyi, arxa fasaddakı özünəməxsus həcm və ən əsası ön fasadın əsararəngiz tərtibatı insanı valeh edir.

Binada işlənmiş materialların keyfiyyəti və yerinə uyğun seçilməsi də diqqətəlayiqdir. Keramik üzlük və keyfiyyətli şüşə binanı daha baxımlı edir. Bənzər olan alkapon və “əyri-üyrü şüşə” materiallardansa memar fasadları yüksək zövqlə, təbii materiallarla layihələndirmişdir.

İnteryer layihələri

Rəhim Seyfullayevin interyer layihələri də özünəməxsus yerə sahibdir. Memarın fikrincə interyer layihələndirərkən 5 vacib şərti nəzərə almaq lazımdır. 1 – Mənzilin məkan həllinin baxımlılığı, 2 – Yekcins və düzgün tapılmış üslub xüsusiyyətləri, 3 – İşıq və rəng çalarlarından maksimum istifadə olunması, 4 – Düzgün seçilmiş tərtibat materialları, 5 – Üsluba uyğun mebel, işıq və s. aksesuarların seçilməsi.

Memar interyer layihələrini əsasən öz həyat yoldaşı Nailə xanımlar birgə işləmişdir. Bir çox interyerləri də gözəl rəssam – Nailə Seyfullayevanın əl işləri bəzəyir.

Bir də sifarişçinin arzu və istəkləri mütləq nəzərə alınmalıdır. Seyfullayevin fikrincə yaşayış layihəsi edərkən ilk növbədə insan – onun vərdiş və istəkləri , fərdi rahatlıq anlayışı nəzərə alınmalıdır. Memarın heç vaxt özünün düşündüyü və bildiyi həyat tərzini kiməsə zorla qəbul etdirmək hüququ yoxdur.

Memarla tanışlığım onun bağ evində oldu. Çox mehriban və səmimi insan olan Rəhim müəllim öz dəyərli fikirləri ilə mənəvi dərs keçdi. Bizə göstərdiyi qonaqpərvərliyə görə memara dərin təşəkkürümü bildirirəm.

Memarın fikrincə…

– Memarlıq yüksəldən, endirən, coşduran, süstləşdirən, qızdıran və üşüdəndir, nəvazişli və iyrəncdir.

– Memar boşluğun sehrbazıdır.

– Memarın başlıca ifadə vasitələri – Forma, işıq, rəng, material və onun fakturasıdır. Təkcə forma obrazı müəyyənləşdirmir, digər ünsürlərlə birlikdə forma özünü göstərir.

– Tikinti materialları cansızdır. Yalnız memar onu canlandırmaq qabiliyyətinə mlikdir.

– Memar interyeri işləyə bilmirsə, o həcmli əsərlər yarada bilməz.

– İnteryer yekcins, geniş, xeyli mürəkkəb və süzülən olmalıdır.

– Memarlıqda başlıca şey nə etdiyini anlamaqdır.

QEYD: Görüşü təşkil etdiyi üçün memar Nəriman İmaməliyevə dərin minnətdarlığımı bildirirəm və göstərdiyi köməkliyə görə xüsusi təşəkkür edirəm.

QEYD 2: məqalədə Rəna Əfəndizadənin “memar – Rəhim Seyfullayev” və Elçin Əliyevin “Müasir Azərbaycan Memarları 2010” kitabından istifadə etmişəm.