Dünya şöhrətli memar Murat Tabanlıoğlu ilə görüş

Bu həftə (29.04.2011) dünya şöhrətli memar Murat Tabanlıoğlunun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında memar və tələbələrlə görüşü oldu. Memarı ölkəmizə İncəsənət Aləmi cəmiyyətinin yaradıcısı memar Adil Talıbov dəvət etmişdi. Cənab Tabanlıoğlu öz layihələri nümunəsində çağdaş memarlıq haqqında mühazirə keçdi.

İştirakçı kimi deyə bilərəm ki, bu tip tədbirlər tələbələrə o qədər çox şey öyrədir ki, bunu heç bir yerli tədris sistemi əvəz edə bilməz. Başlıca olaraq dünya təcrübəsini birə-bir memarın dilindən eşitmək çox xoşdur. Üstəlik memar digər dünya şöhrətli memarlarla (məs. Norman Foster, Zaha Hadid və s.) sıx əlaqədə, hətta dostluq münasibətindədir.

Memarın iki fikri bu yolda olan biri kimi mənim ürəyimdən xəbər verdi. Tabanlıoğlu gənc memarlara tövsiyyə kimi qeyd etdi ki, hansısa şirkətdə işə düzələrkən layihə verəcəyiniz iş mühiti olsun, başqalarının qulu olmayın. Çox maraqlı fikirdi. Əksər hallarda memarlıq təhsilini bitirmiş gənc memarlar hansısa şirkətdə bacarıqlı-bacarıqsız digər memarların layihələrinin texniki işlərini görməklə məşğul olurlar. Bu isə təbii ki, mamarlıq qabiliyyətini, yaradıcılıq hissini  öldürür.

İkinci fikri də ürəyimdən xəbər verdi. Qeyd etdi ki, iki tip memarlar var – birincilər əsl memarlar, ikincilər isə kommersiya məqsədləri güdən memarlardır ki, onlar dünyada çoxsaylı ofislərdə fəaliyyət göstərməklə memarlığın adına ləkə gətirirlər.

21.10.2009 tarixində almanyalı digər dünya şöhrətli memar Eike Becker-in Bakıya gəlib bizimlə görüşünü heç zaman yaddan çıxarmaq olmaz. Ümid edirəm ki, təşkilatçılar tez-tez bu cür tədbirlər təşkil edərlər.

QEYD: İncəsənət Aləmi cəmiyyətinin prezidenti dostum Azər Adiloğluna görüşü təşkil etdiyinə görə təşəkkürümü bildirirəm.