6-cı prinsip

Əvvəlki yazılarımdan birində sizə Korbuzyenin 5 prinsipi barədə söz açmışdım. Bu yazımda isə bir qədər risk edib Korbuzyenin standart 5 prinsipinə bir əlavə etmək istəyirəm. Bu barədə smestr layihələrimin birini həll edərkən fikirləşmişdim. Fikirləşdim ki, standart, çərçivə daxilində “pilləkən qəfəsi”ni niyə də çərçivədən çıxarmayaq? Düzdür bu əvvəllər iriaşırımlı ictimai binalarda tətbiq edilib. Amma yenə də dar çərçivədə. Elə mənim layihəm də ictimai (xokkey meydanı) layihə idi, orda bu prinsipin cüzi hissəsindən istifadə etdim, amma bunu yüksəkmərtəbəli binalarda da tətbiq etmək olar.

5 prinsip yeni yaranmış beton-karkas konstruksiyasının verdiyi imkanlar sayəsində yarandı. 6-cı prinsip də bu konstruksiyanın imkanları ilə həll edilə bilər. Düzdür yeni texnalogiyalarla, fərqli yollarla da həll etmək olar, amma buna 5 prinsipin yarandığı dövrün gözü ilə baxsaq məncə “sərbəst şəkilli pilləkən qəfəsi” adı ilə bu siyahıya əlavə oluna bilərdi (çünki sözügedən siyahıda sərbəstşəkilli funksional əlaqə, sərbəstşəkilli fasad və s. prinsiplər var idi).

Məncə “qeyri rəsmi” 6-cı prinsip müəyyən binalarda istifadəyə çox yararlı ola bilər. 2-ci kurs otel layihəm pilləvari, maili formada idi. Bu tip binalarda pilləkən qəfəsi yarıya qədər çıxır. Bu sadə həndəsə qanunudur. 2 paralel düz xətt sonsuzluqda birləşir. Oteldə pilləkənim binaya paralel olmadığı üçün yarıda kəsilirdi. Ancaq bu prinsiplə formaya paralel pilləkən qəfəsi binanın son mərtəbəsinə qədər çıxa bilər. Bu həm də təhlükəsizlik baxımından yararlı olardı. Eyni zamanda bu tip pilləkənlərə rels quraşdırılmaqla ağır yükləri, mebelləri maili xəttlə asanlıqla qaldırmaq olar.

Ənənəvi pilləkən qəfəsləri dairəvi formada hərəkətə imkan verirdisə bu prinsiplə qurulmuş pilləkənlər dalğavari və ya xaotik hərəkət edə bilər. Bununla  mürəkkəb, otelə xas (ümumiyyətlə XX-XXI əsrə uyğun) funksiya əldə etmək olar.

Yazımda “6-cı prinsip”i primitiv izah etməyə çalışdım. Lazım gəldikdə onu daha rəngarəng etmək isə sizin fantaziyanızdan asılı olaraq genişlənəcəkdir.

QEYD: bu yazımda nə isə iddia etmək, özümü Korbuzye ilə müqayisə etmək kimi xəyalpərəst fikim yoxdur, sadəcə beynimdən keçən kiçik fikri sizinlə bölüşmək istədim.