Eskiz (2-ci hissə)

Əvvəlki yazılarımdan birində eskizlər haqda ümumi məlumat vermişdim, bu yazımda isə öz eskizlərimin nümunəsində bəzi texniki metodlar barədə danışacam. (skanerdən eskizlərin rəng, işıq-kölgə baxımından 50%-i düşməyib, bəzi effektlər, məsələn: buludlar, kölgələr, zəmin və s. olduqca keyfiyyətsiz düşüb, buna görə sizdən üzr istəyirəm.)

Qeyd etdiyim kimi bacarıqlı memarın adi eskizi konkursda bacarıqsız memarın gözaldadan eskizinə hər zaman məğlub olur. Ona görə də eskizlərlə sifarişçini qazanmaq lazımdır ki, öz yaradıcılığını real həyatda göstərə biləsən.

Bunun üçün ilk olaraq bacarıqdan əlavə memara eskiz çəkmək üçün vasitələr lazımdır. Qısa siyahı tərtib etdim:

1. Gel qələmlər – uniPin markası olsa çox yaxşı olar. 3 ölçüdə : 0,05 ; 3 ; 8 . Bunlarla ən incə xətləri eyni zamanda normal və ən qalın xətləri çəkmək olar. Üstəlik bu markanın qələmlərini bir çox dünya və yerli memarların istifadə etdiyini, və razı qaldıqlarını görmüşəm, özüm də çox bəyənirəm (qiyməti 1 azn, A4 mağazasında satılır)

2. Rəngli karandaşlar – alarkən fikir verin yağlı olsun, sınaqdan keçirin ki, ən tünd tondan ən açıq tona kəsintisiz keçə bilirsinizsə alın. Ən yaxşı variantlardan biri də akvarel üçün xüsusi rəngli karandaşlardan istifadədir. Şəhərin bir çox rəssamlıq mağazalarında satılır.

3. Rəngli flomaster – təəssüf ki, memarlıq üçün tam yararlı rəngli flomasterlər Bakıda tapılmır, amma nisbətən işimizə yaraya biləcək markalar tapmaq olar. Şəkildə gördüyünüz markanı xarici ölkələrdən sifariş verə bilərsiniz. Memarlıq üçün ən yaxşısı budur.

4. Qara flomaster – xüsusi ölçülərdə bir neçə ədəd alın, ucu kəsik və şiş kimi olanlardan sizdə olsa yaxşı olar. Xüsusilə gecə görüntüsü verəcəyiniz və ya kölgələri rəngləyəcəyiniz yerlərdə işinizi asanlaşdıracaq.

5. Rəngli qələm – bunlar vasitəsi ilə fon rəngləri, ümumiyyətlə səthləri ştrixləmək olur. Kənardan baxanda ümumi rəng kimi görsənsə də yaxında ştrixlər bilinir, bu effekti daha da artırır. Müəyyən məqamlarda işinizə kömək olacaq.

6. Sadə karandaş, pozan, xətkeş, A4 kağızları, qovluq, müxtəlif fiqurlu xətkeşlər və s. də olsun ki, lazım olduqda istifadə edə biləsiniz.

Təbii ki, bütün bunlarsız adi karndaşla da eskiz çəkə bilərsiniz, özü də necə. Amma bir müddət sonra yeniliklər etmək həvəsi yaranacaq, bax onda bu vasitələrin yeri görünəcək :)

Eskiz çəkməyə yeni başlayanlara məsləhət görərdim ki, perspektiv təsəvvür və təsvir üzərində çalışsınlar. Boş vərəq götürüb, perspektivada kiçik qutular çəkməklə başlamaq olar. Eyni zamanda kölgələri qurmağı da məşq edin, onları perspektiv görünüşdə necə qurmaq lazım olduğunu öyrənin.

Eskizlərdə insanları çəkmək də məsləhətdir. Çünki memarlıq insan olmasa mümkün olmayan anlayışdır. İnsan olmayan eskiz quru, soyuq baxılır mənə görə. Adətən eskizdəki adamları memar öz fərdi qaydası ilə çəkir, bir növ imza kimi. Amma bu bir o qədər də vacib deyil, istənilən şəkildə çəkmək olar.

Eskiz üçün ən çox vacib olan məqam – memarın miqyas anlayışıdır. Çox vaxt eskiz kimi çəkilən layihə qəbul olunur ancaq real miqyasa keçəndə istənilən formanı almaq olmur. Bu səhvi etməyi heç kimə arzu etmirəm. Azərbaycanda xarici memarların ölkəmiz üçün verdikləri proyektlərdə rast gəlinən ən ağlasığmaz səhvin bu olduğuna inanmaq olmur.

Rəngli kağızlarda eskiz çəkmək də xüsusi effekt verir. Bir çox mağazalarda soyuq, sadə rəngli A4 formatda kağızlar satılır.

Ağaclara fikir verin, ağacları öyrənin. Ümumiyyətlə gərək memarın hər şeydən başı çıxsın. O cümlədən də layihəyə hansı ağacın yaraşacağını bilməlidir ki, eskiz sifarişçiyə daha gözəl görünsün. Boş vaxtlarınızda parka çıxıb ağacları etüd kimi eskiz edə bilərsiniz, bunun da özlüyündə sizə böyük köməyi dəyəcək.  Bir də mütləq fikir verin ki, ağacların miqyası binanın miqyasını “öldürməsin”. Bina ağaca nisbətən kiçik ya da böyük olmasın.

Memarlıqda bir anlayış var – kağız memarlığı. O layihələr, eskizlər müəllifin öz dövrü üçün olmur, adətən gələcək nəsilllərin edə biləcəyi mamarlıqdır. Siz də bununla məşğul olun ki, fantaziyanız inkşaf etsin. Ən çox 20-ci əsr memarlarından “kağız memarlığı” çox yayılmışdı. İndi o layihələrə baxanda bir çox hallarda heç də çətin başa gələn layihələrə bənzəmirlər, çünki o memarlar məhz bizim dövrümüz üçün fantaziyalarının dərinliklərini əks etdirmişdilər.

Eskizlərin hər birini bir vərəqdə çəkin və mütləq onlara aid qeydlər aparın. Mövzunu, üslubu, yenilikləri, ideanı və s.

Çalışın bir A4 vərəqində bir layihənin eskiz variantını tam həll edin. Məsələn təsnifatı hazırlayın, planları çəkin, baş plan və perspektivanı çəkin.. Nə vaxtsa istifadə edə bilərsiniz. Həm də bunlar sizin fantaziyanızı yüksək səviyyədə inkşaf etdirəcək.

İriaşırımlı layihələr çəkərkən əvvəlcə düz xətt çəkib onun üstündə fantaziyadan asılı olaraq istənilən formada iriaşırımlı obyekt layihələndirin. Bu asan variant olsa da özünə məxsus cizgilər tapmaqda çox xeyirlidir.

Ən sevdiyim eskizlər tarixi əks etdirən eskizlərdir. Bunu etmək üçün əvvəlcə memarlıq tarixini yaxşı bilmək sonra isə bir A4 kağızı götürüb əvvəlcə qədim binalara nümunə çəkib, ondan aşağıda isə müasir memarlığa doğru inkşafı əks etdirən binları çəkmək olar. Adətən öz eskizlərimdə 20-ci əsrə xas Azərbaycan memarlığına nümunələr çəkirəm. Bu insanda memarlıq biliklərini və zövqü inkişaf etdirir.

Dini məbədlər çəkə bilərsiniz. Bu eskizlərin xeyiri onda olacaq ki, məbədə xas cizgilər (maksimalizm, vəcdəgətirmə və s.) tətbiq edə biləcəksiniz. Adətən kilsə eskizləri çəkirəm, çünki kislələr modern tərtibata uyğun gəlir, istənilən yeniliyi tətbiq etmək olur.

Konstruksiyaların eskizlərini çəkin, yeni konstruksiyalar fikirləşəndə onu cizgilərlə çatdırmağa çalışın. Bu həm də sizdən layihə istəyən müəllim və ya sifarişçiyə konstruksiyanı izah etməyə kömək edəcək. Eyni zamanda ekosistemlər üzərində də işləməyinizi məsləhət görürəm (təbii ventilyasiya, su təmizləyici qurğular, külək, günəş enerjisi və s.)

Çalışın formalar mövzuya uyğun olsun, məsələn, idman kompleksi layihələri eskiz edərkən, idman formalarından, dinamik cizgilərdən istifadə edin. Ümumiyyətlə ən çox obraza fikir verin.

Gecə görüntüsü eskizdə bir o qədər də vacib deyil, amma bir-iki eskizi həm gündüz həm də gecə variantda çəkməyə cəhd edin, ziyanı yoxdur ki, xeyiri var. Ümumiyyətlə gecə görüntüsü gündüz görüntüsünə nisbətən daha effektli görünür.

Sizin də eskizlər mövzusunda bizimlə bölüşmək istədiyiniz fikirlər varsa buyurun.

QEYD: texniki dəstəyə görə Oksana Mamedovaya təşəkkür edirəm.