Memarlıqda yaradıcılıq prosesi

Bu səfərki mövzunu Memarlıqda yaradıcılıq prosesinə həsr edirəm. Prosesin necə başa gəlməsindən xarici və yerli təhsilimə, xarici və yerli Memarlıq ofislərində iş təcrübəmə, eyni zamanda şəxsi iş təcrübəmə əsaslanaraq söhbət açacağam. Yaradıcılıq prosesi hər Memar üçün fərqli ola bilər, amma keçdiyim təcrübəyə əsaslanaraq ümumi istiqamətverici fikirlərimi və faktları sizlərlə bölüşəcəyəm. Bu məqalə tələbə və gənc Memarlar üçün daha yararlıdır. Məqaləm universiteti bitirib real Memarlıq sənayesinə düşən insanlar üçün bələdçi rolu oynayır.

Sübhan Manafzadə

Sübhan Manafzadə – flyingfoundations.tumblr.com

Universiteti yeni bitirmiş Memarlara və ya son semestrlərini yaşayan tələbələrə məsləhətim odur ki, nə olur olsun bir şirkətə işə düzəlin. Bunun üçün maaşı bir kənara qoyub əsas hədəfinizi ‘öyrənmək’ edin. Bu yolla siz pulla və ya təhsillə ala bilməyəcəyiniz biliklər əldə edəcəksiniz. Bir çox Memarın da təstiqləyəcəyi kimi Memarlıq sənəti universitetdə öyrədilənlərlə realda baş verənlər arasında böyük fərqləri olan sənətdir. Əgər şirkətlərdə işə düzəlmək problem olarsa inşaatda işə düzəlin. Beləliklə Memarlığın ətini, qanını, canını hiss etmiş olacaqsınız ki, bunu da heç bir təhsil sistemində və ya ofis mühitində öyrənmək olmur.

Deməli Memar olmaq üçün 3 əsas mərhələni keçmək lazım gəlir. Təhsil, ofisdə iş inşaatda olmaq. Bunlardan biri, hətta ikisi də olmaya bilər, amma hər üçü Memarlıq həyatının hər addımında Memara kömək olur.

Memarlıq əsərinin necə yaranması bir yana, o əsərin reallaşması üçün ilk növbədə sifarişçin olmalıdır. Başqa bir çox incəsənət növlərindən fərqli olaraq Memara yaradıcılığını reallaşdırmaq üçün sifarişçi və onun büdcəsi lazımdır.

Özünü tanıtma

İstənilən sahədə müştəri əldə etmək üçün ilk növbədə tanınmalısan. Bunun üçün bir neçə yol var:

Əlaqələr və ya tanışlıqlar. Hansı ki bu tanışlıqlar asan yolla sizin sifarişçi ilə görüşünüzü təmin edə bilər. Primitiv səslənsə də bəzən sifarişlər dost, tanış və ya qohumdan gələ bilər. Başqa tərəfdən sosiallaşmaq da köməyinizə çatır. Kafe, restoran və ya klublardakı tanışlıqlar bəzən işgüzar mahiyyət qazana bilir. Amma bu yolla gələn sifarişlərə çox da bel bağlamayın, çünki belə sifarişlər davamlı deyil.

İnternet: biznes üçün əsrimizin ən şirin nemətlərindən biri. Faktiki qəpik-quruşla populyarlaşmaq mümkündür. Və ya heç bir xərc olmadan, sadəcə çox çalışmaqla internetdə izləyici kütləsi yarada bilərsən. Ən yaxın nümunələrdən biri – tələbə vaxtı açdığım və indi oxuduğunuz bu bloq sayəsində yüzlərlə-minlərlə insana fikirlərimi və gördüyüm işləri çatdıra bildim. Fikrimcə hər yaradıcı insanın bloqu olmalıdır. Bundan başqa sosial şəbəkələrdə səhifə açıb layihələrini bölüşməklə öz işini dünyaya asanlıqla çıxara bilərsən. Bu yollarla sifarişçiləri özünə cəlb etmək sadə və səmərəlidir.

Yaxşı iş. İstənilən halda əgər miqyasından asılı olmayaraq hər gördüyün işə düzgün yanaşırsansa həmin iş başqa iş gətirəcək. İdealist olun və hər işinizi bacardığınız qədər mükəmməl işləyin.

Sifarişçi ilə münasibət

Deyək ki, özünüzü tanıtdınız və bir sifarişçi ilə görüşmək imkanınız oldu. Sifarişçi əlbəttə Memarlıq haqda sizdən az biləcək, amma o da bir insan kimi Memarlıqla əhatələnmiş şəkildə yaşayıb və müəyyən təsəvvürləri var. Onun fikirlərində nə qədər qüsur da olsa bunu bəlli etməyin, fikirlərini sona qədər dinləyin. Axırda öz fikirlərinizi bildirin. Layihə haqda isə bir kəlimə də danışmayın. Sözsüz ki “Memarlıq meyxana deyil ki, onu bədahətən deyəsən”. Bu səbəbdən işləməli olduğunuzu və müəyyən eskizlərdən, axtarışlardan sonra sifariş üçün ən ideal variantı verəcəyinizi bildirin.

Qiymətləndirmə

Məsələnin hər iki tərəf üçün olduqca vacib hissəsi görülən işin maddi tərəfdən qiymətləndirilməsidir. Bəzi hallarda sifarişçilər salamlaşmadan sonra ilk növbədə qiymət tələb edirlər. Qiymətləndirməni aparmaq üçün ən yaxşı yol şifarişin analizindən gedir:

Ölkəmizdə əsasən sifarişin analizi zamanı soruşulmalı olan vacib suallar bunlardır:

– Sifarişçi nə istəyir?

– Ümumi büdcə nə qədərdir?

– Vaxt məhdudiyyəti nə qədərdir?

Birinci məsələ – Sifarişçi nə istəyir. Qeydiyyat dəftəriniz olsun, sifarişçinin istəklərini qeydə alın. Məsələn, ev layihəsi lazımdırsa soruşun ki, bu evdə neçə nəfər yaşayacaq, yaşayanların məşğuliyyəti nələrdir və yaşları neçədir? Deyək ki, 2 uşaqlı gənc ailədir. Avtomatik kiçik siyahı üzə çıxır.

– Mətbəx

– Qonaq otağı

– Əsas yataq otağı

– Minimum 1 uşaq otağı

– S/Q (sanitar qovşağı)

Əlavələri siz soruşun, məsələn, həyət evidirsə hovuz, qaraj, terras, verenda, manqalxana, hətta it-damı istəyirsə hamısını qeydə alın. Ondan sonra bütün otaqların kvadrat metrlərini soruşun. Məsələn, mətbəx 20 kv/m kifayətdirmi? Cavabı dəqiqləşdirib keçin digər bütün otaqların kvadrat metrlərini soruşmağa. Sonda sifarişçinin təxmini hansı həcmdə ev istədiyi üzə çıxacaq. Alınan rəqəmi öz prinsiplərinizə uyğun qiymətə vurun.

2-ci məsələ – Sifarişçinin ümumi büdcəsini soruşmaqdan çəkinməyin. Büdcəni bilmədən layihələndirmək havayı əziyyətdir. Hansı büdcəyə necə layihə çıxacağını hiss etmək üçün isə inşaat təcrübəsi lazımdır. Bunu yavaş-yavaş özünüz öyrənəcəksiniz. Amma maraq olsun deyə internetdə axtarış verib məşhur layihələrin qiymətini tapa bilərsiniz. Təbii ki, ikonik Memarlıq nümunələrinin qiyməti fantastik gələ bilər, amma bu sizdə kifayət qədər təsəvvür formalaşdıracaq. Bundan başqa yerli prorab və ya inşaatçılarla söhbətlər edin. Çəkinmədən bütün xərcləri soruşub öyrənin.

İnkşaf etmiş ölkələrdə rəsmi Memarlıq idarələrinin ölkə üzrə hesablama proqramları vardır. Bu proqramlarda tikinti sahəsindən tutmuş, layihənin istər iqlim baxımından, istər coğrafi, istər şifarişin tələbi baxımından bütün çətinlik dərəcələri qeyd olunur. Bundan başqa Memar tərəfindən hansı öhdəliklərin öz üzərinə götürməsi bəndləri də qeyd olunur. Təxminən 30-35 bənd doldurulduqdan sonra “ən az bədəl çıxarılır”. Yəni bu layihənin ən az qiyməti nə qədər olmalıdır ki, normal komanda ilə qeyd olunmuş bəndləri reallaşdıra biləsən? Təəssüf ki, ölkəmizdə belə proqram yoxdur, amma bunun qurulması yolunda memarliq.com olaraq müəyyən planlarım var. Ümid edirəm növbəti 1 il ərzində ölkəmiz üçün belə proqram təsis edə biləcəyik.

Üçüncü əsas məsələ – vaxtdır. Çünki Memar sonda öz vaxtını satıb pul qazanan insandır. Vaxt Memar üçün hər şeydir. Bütün ideyaların ərsəyə gəlməsi, axtarış eskizləri, bazarı öyrənmə, nəzarət və s. hamısı vaxta tabedir. Əgər müştəri layihəni tez istəyirsə o zaman Memara ödəniləcək məbləğ artır, çünki qısa zamanda çox iş görülməlidir. İstər komanda şəklində, istərsə də fərdi iş rejimində.

Layihənin nə qədər vaxta ərsəyə gələcəyi sualına cavabı tələsmədən verin. Hətta bunun üçün bir gün fikirləşmək vaxtı tələb edin. Bu vaxt ərzində köhnə işlərinizin nə qədər vaxta başa gəldiyinə baxın. Əlinizin altında olan imkanlara baxın, başqa layihələriniz varsa onların hansı mərhələdə olmalarını nəzərə alıb vaxt təyin edin. Ümumi olaraq çalışın fikrinizdə olan vaxtı 2-ə vurub cavabı verəsiniz. Məsələn, bir evin Memari layihələndirilməsini 1 aya başa gətirə bilərsinizsə 2 ay deyin. Adətən layihələndirmə prosesi təsəvvür olunandan artıq vaxt aparır.

Qiymətləndirmə siyasəti

Haqqında danışdığımız hesablama proqramları olmadığı üçün ölkəmizdə bir çox şirkətin qiymətləndirmə siyasəti kvadrat metr ilə hesablanır. Adətən 100 kvadrata qədər müəyyən məbləğ nəzərdə tutulur, 100-dən 300-ə qədər nisbətən aşağı məbləğ, 300-dən yuxarı isə ondan da aşağı məbləğlə hesablanır. Belə olan halda standart qiymət prinsipi olur. Ödənişlərin isə mərhələli olması daha düzgün yoldur. Bir çox Memarlıq şirkətləri işə başlayan zaman ümumi qonorarın 40%-i ilə başlayıb layihəni təhvil verdikdə yerdə qalan 30%-i alır. Bütün işlər yekunlaşdıqdan sonra isə son 30% ödəmə həyata keçirilir.

İlk başlayanlara isə məsləhətim qiymətin çox olmasına fikir verməyin, tikiləcək hər layihəniz sizi bir addım daha yüksəldəcək. İkinci tərəfdən adətən pulsuz və ya az qonararla razılaşılmış sifarişlər uğursuz yekunlaşa bilər. Belə ki, bir çox insan bu halda işin dəyərsiz olduğunu zənn edir və məsuliyyətsiz yanaşır. Sənətinizi və özünüzü düzgün qiymətləndirməyi bacarın. Endirim və ya havayı işləsəniz belə, ciddiyyətinizi əldən verməyin.

Ərazi ilə tanışlıq

Vaxt və qiymət baxımından razılıq əldə olunduqdan sonra sahə ilə tanışlıq lazım gəlir. Binanın yerləşəcəyi sahəyə gedin. Sahədə nəzərə alınmalı məqamlar:

– Şimal hansı tərəfdədir

– Qonşu binalar nə qədər uzaqlıqda və nə qədər hündürlükdədir

– Varsa sahədə olan tikili və ağacları qeydə alın

– Sahəni ölçün

– Sahənin fotoşəkillərini çəkin

Bu informasiyalarla eskiz layihəyə başlamaq mümkündür. Təbii ki, bu texniki bəndlərdir. Olduğunuz məkanın tarixi, insanları, gələcəyi və s. haqda informasiyalar toplayın. Məkan və sifariş haqda hər xırda informasiya yeni ideyalar gətirəcəkdir.

Eskiz Layihə

img173 - копия

Urfan M. – Zira Dwell

Eskiz layihə binanın sahədə yerləşdirilməsi, otaqların yerləşimi və binanın ümumi həcmini özündə əks etdirən mərhələdir. Bu mərhələni iki yerə ayıra bilərik. Layihəni sifarişçiyə təqdim etmək və razılıq əldə etmək üçün eskiz layihə, bir də binanın yerləşəcəyi rayonun icra həkimiyyətinə təqdim etmək üçün eskiz layihə.

Başlayaq 1-ci mərhələdən. Bir çox hallarda gənc Memarlar layihələri birbaşa kompüterdə başlayırlar. Bu o qədər də effektiv olmur, çünki yaradıcılıqdan uzaqdır. Kompüterlə hansısa binayabənzər forma ərsəyə gətirmək heç də Memarlıq demək deyil. Memar kompüterdən pul qazanan sənət sahibi deyil, kompüter sadəcə yekun mərhələdə lazım olur. Yaradıcılıq prosesində isə beyin, göz, ürək və əl lazımdır. Kompüter sadəcə kağız və karandaşın rəqəmsal versiyasıdır. Əsl ideya üçün isə Memari biliklər – dünya təcrübəsini bilmək, nəzəri, tarixi, sosial və incəsənət bilikləri lazımdır.

İlkin olaraq bir kağızda lazım olanları yazıb sahəni cızma-qara etmək olar. Sonra həmin sahəyə giriş-çıxışları, binanın iqlim baxımından istiqaməti və s. nəzərə alınaraq otaqların yeləşimi cızma-qara oluna bilər. Binanın funksionallığı və sirkulyasiyası normal olduqdan sonra təxmini də olsa miqyaslı formada plan çəkilə bilər. Daha sonra hər otağı və ümumilikdə binanın həcmini saf geometrik formada eskiz edərək bina ilə ilk tanışlıq yaranır. Daha sonra ümumi həcmdən xırdalığa, detallara keçmək olar. Qapı, pəncərə, hündürlük fərqləri, pilləkən və s. kimi Memari detallar üzərində iş getdikdən sonra binanın ümumi həcminə geri qayıdıb bütöv kompozisiyanı nəzərdən keçirmək olar. Plan və fasad elementləri paralel işlənərsə proses daha uğurlu davam edər.

Fikir verin, bu məqamda bütün cümlələri qeyri-qəti gələcək zamanda yazıram. Yəni olmalıdır tipli “malı-məli” cümlələrindən istifadə etmirəm. Bu mərhələ hər yaradıcı insanın daxilindən gəldiyi kimi getməlidir (bu cümlədə “malı-məli” tam hüquqlu istifadə olunur). Paylaşdığım isə öz təcrübəmdən getdiyim yoldur. Hansı ki, keçdiyim təcrübədə real işdə özünü doğruldur.

Çalışın plan həllini bitirdiyiniz an, 2-ci variant üzərində fikirləşəsiniz. Onu da bitirdikdən sonra digərinin. Belə olan halda tam əmin olmaq olur ki, sifarişə uyğun ən ideal planlaşdırma hansıdır. Unutmayın ki, Memarlıq yemək kimidir, öz bişmə vaxtı var, qısa zamanda onu bişirsək dadsız olacaq. Binanın tam özünü tutması üçün gərək üzərində oynayasan, iri həcmlərdən tutmuş, millimetrlik dəyişikliklərə qədər.

Binanın hər detalına ayrı eskiz çəkin ki, formanı özlüyünüzdə tam qavramış olasınız. Hətta təkcə Memarlığını verdiyiniz binanın belə interyer məkanlarını təsvir edin, daxili həcmləri hiss edin, mebel planını hazırlayıb nəzərdə tutduğunuz otaqların necə işlədiyinə baxın. Düzgün layihələndirilmiş Memarlıq layihəsindən sonra interyer dizaynı 50% həll edilmiş olur.

img174

Urfan M. – Zira Dwell

Maket

Ölkəmizdə çox da həvəslə yanaşılmayan maket işləri Memarlıq üçün olduqca vacibdir. Maketləri 2 yerə ayıra bilərik. Memarın özü üçün lazım olan maketlər və sifarişçi üçün lazım olan maketlər. 1-cisi formanı tam dərk etmək baxımından əvəzolunmaz üstünlüyə malikdir. Maketsiz layihələndirilmiş layihələrdə özünüzə qarşı həcm aldatması olacaqdır. Çünki müstəvi üzərində həcmləri tam qavramaq olmur. Halbuki maket vasitəsi ilə real həcmi hiss etmək mümkündür.

ARCH7488a

Urfan M. – Zira Dwell / maket

Sifarişçi üçün hazırlanan maketlər isə adətən dövlət əhəmiyyətli və ya çox büdcəli layihələrdə vacibdir ki, maliyyələşdirici və ya son qərarı verən şəxs yetkin formada layihəni görüb, qavrasın. Maket işi çox vaxt və maliyyə tələb etdiyi üçün az büdcəli layihələrdə maketə ehtiyac olmur, amma gənc Memarlar özləri üçün də olsa hər layihənin nə qədər primitiv olur olsun, maketini hazırlayarsa bu onlara yaradıcılıq prosesində çox kömək olacaqdır.

Təqdimata hazırlıq

Deyək ki, binanın planı və ümumi həcmləri bəlli oldu. İndi növbə onu təqdimat kimi hazırlamaqdadır ki, müştəriyə layihəni tam izah edə biləsən. Bu mərhələdə qrafik dizayner biliklərinə ehtiyac olacaq. Çünki hazırlanan albom nə qədər mükəmməl olarsa, sifarişçi də bir o qədər bu işə həvəsli olacaq.

Binanın ümumi həcmi əl ilə eskiz olunmuş şəkildə təqdim oluna bilər. Planları isə AutoCad (və ya başqa proqram) çizimi ilə təqdim etsəniz gördüyünüz iş daha professional effekt verəcək. Bir növ texniki iş sayılan planı texniki üslubda, daha sənətsal olan fasadı isə əsər formasında təqdim etmək ümumi effekti gücləndirir. Hər iki tərəfdən də dolğun informasiya Memara olan etibarı artırır.

Bunun üçün eskiz qabiliyyətinizi hər gün, hər gün inkişaf etdirin. Xarici Memarların əl işləri ilə tanış olun, videolar izləyin, qaydaları öyrənin, durmadan təcrübə yığın ki, əl ilə  çəkdiyiniz eskizlər əsər olsun, uşaq işi yox. Bu məqamda sifarişçi sizin nə qədər qabiliyyətli olduğunuzu görəcək və xərclədiyi məbləğin boşa getmədiyinə əmin olacaq.

Sifarişçi ilə razılıq

Təqdimatdan sonra sifarişçi bəzi məsələləri dəyişdirmək istəyə bilər. Və ya ümumiyyətlə ideyanı bəyənməyə bilər. Bu halda heç bir üzüntüyə yol verməyin. Çalışın binanın üstün tərəflərindən danışasınız. Elə bil, layihənin Memarı heç siz deyilsiniz, ona dostu kimi məsləhət verin. Dəyişiklik ehtiyacı olarsa yenə vaxt istəyib bəyənilməyən məqamları bir daha gözdən keçirin. Əgər o dəyişikliklər doğrudan da layihəyə müsbət təsir edəcəksə dəyişin. Əgər mənfi təsir edəcəksə çalışın öz fikirnizi müdafiə edəsiniz. Əgər ideyalarınız doğrudan da yararlıdırsa və onu dolğun şəkildə təqdim edə bilirsinizsə heç bir sifarişçi onu dəyişmək istəməz.

Sifarişçi gözündə tam canlandırsın deyə yekun nəticəni 3D proqramlarla hazırlaya bilərsiniz.

zira night4

Urfan M. – Zira Dwell / 3D vizualizasiya

İkinci eskiz layihənin hazırlanması

Sifarişçi ilə razılıq əldə olunandan sonra onu yerli icra hakimiyyətində təsdiqlətmək üçün ikinci eskiz layihə hazırlanır (burada birinci-ikinci sözləri özümüz üçündür, sənəddə sadəcə Eskiz Layihə adı keçir). Bu mərhələdə layihəniz icra hakimiyyətinin tərtib etdiyi standartlara uyğun səhifələrdə yığılır. O səhifələrdə sifarişçi, layihənin baş Memarı, tarix, imza, peçat kimi informasiyalar yer alır. İmza və Peçatdan söz düşmüşkən bu lisenziyası olan Memarlara aiddir. Lisenziya almamış Memarlar imzasız, peçatsız və lisenziyanın nüsxəsi olmadan layihəni icra hakimiyyətinə göndərə bilməz.

Model

Urfan M. – Zira Dwell / Eskiz Layihə

Eskiz layihədə binanın yerləşdiyi sahə, yəni baş plan, mərtəbə planları, kəsimlər, fasadlar, əgər varsa köməkçi binalar – bütün ölçüləri ilə və 3D görüntülər yer alır. Albomdan 3 nüsxə hazırlanır. Bunlardan 2-si icra hakimiyyətinə verilir, 1-i isə sifarişçinin özündə qalır.

İşçi layihənin hazırlanması

Binanın tikintisinə icazə alınan zaman növbəti mərhələ binanın işçi layihəsinin hazırlanması olur. Əvvəlcə icazə məsələsinə aydınlıq gətirək. İcazə Fövqaladə Hallar Nazirliyinin ekspertizasından alınmalıdır, amma bu icazə (standartlardan çıxmamış) fərdi yaşayış evləri üçün lazım deyil, daha çox ictimai binaları ekspertizadan keçirmək və tikinti üçün icazə almaq lazımdır. Fərdi yaşayış evlərinin eskiz layihəsini isə sadəcə xəbərdarlıq məqsədi ilə yerli icra hakimiyyətinə təqdim etmək lazımdır. İcra hakimiyyəti yaşayış evlərinin tikintisi ilə bağlı qanuna əsasən qüsur taparsa bunu bildirir, tapmazsa müəyyən vaxtdan sonra (təhvildən 30 gündən sonra) işin icrasına başlamaq olar.

İşçi layihəyə isə aşağıdakılar daxildir:

Layihə tapşırığı – Eskiz layihədən fərqli olaraq planlar, kəsimlər, fasadlar və detallar bütün ölçüləri ilə hazırlanmalı və hətta millimetrlik ölçülər də aydın şəkildə inşaatçılara verilməlidir ki, heç bir ustanın və ya prorabın icra zamanı hər hansısa sualı olmasın.

Topoqrafiya – Sahənin sərhədləri və relyefinin ölçülməsi. Relyef ölçüldükdən sonra binanın hansı mövqedə yer alması (vertikal planlaşdırma), torpaq sahəsini düzləşdirməyə ehtiyac varsa hardan torpaq götürülüb haraya əlavə olunması və s. məsələlər öz həllini tapmalıdır.

Geologiya – Torpaq qatlarının tədqiqatı. Konstruktor torpaq qatlarını öyrənir və torpağın binanın ağırlığına tab gətirməsi, müəyyən müddət sonra sürüşmə, çökmə kimi hadisələrin olmaması üçün tədbirlər planlaşdırır.

Geologiya rəyi

Baş Plan – Sahədə hansı tikilinin harada yerləşməsi və sahə boyu digər elementlərin baş plan üzrə yerləşməsi.

Binanın konstruksiyası. Bu zaman binanın ümumi həcmi və torpaq nəzərə alınaraq binada yer alacaq konstruktiv elementlərin yerləşdiyi yerlər və ölçüləri müəyyən olunur. Bu halda Memar öz eskiz layihəsi ilə konstruktorun təqdim etdiyi binanın skeletini müqayisə edib estetik və ya funksional cəhətdən problemlər olmadığına əmin olmalıdır.

Elektrik planı (elektrik təchizatı). Elektrik xəttləri interyer layihəsi varsa interyer, landşaft varsa landşaft, eyni zamanda binanın bütün elektrik qovşaqları və xəttlərini göstərilir.

Santexnika. Bütün santexnika xətləri və qovşaqlar göstərilir.

Qaz xəttləri. Binanın funksional zonalaşmasına görə haradan qaz xətti keçəcəksə göstərilir.

Yanğın mühafizə qurğuları. İctimai binadırsa FHN nəzarətindən keçməsi üçün ekspertlərin müəyyən etdiyi standartlara cavab verən yanğın mühafizə qurğuları və xəttlər yer alır.

Şaxtalar. Binadan keçəcək elektrik, su, havalandırma və s. kimi xəttlər üçün nəzərdə tutulmuş şaxtalar yer almalıdır.

Generator. Sahənin hansı hissəsində generator yerləşdirilməsi və idarəetmə paneli göstərilir.

Su çənləri. Hovuz varsa onun üçün ayrı, içməli su və suvarma üçün ayrı çənlərin harada inşası göstərilir.

Kanalizasiya xəttlərinin planı

İzolyasiya planı

Sərəncam. Rayon icra hakimiyyətindən torpağın sahibliyi haqda sərəncam

Eskiz layihənin təstiqi

Məktub. Ekspertizaya təqdim etmək üçün İcra Hakimiyyətindən məktub

Tikintinin təşkili layihəsi

FHN rəyi

Ayrıc aktı

Ümumi izahat toplusu.

Bütün sənədləri müvafiq instansiyalara təqdim etdikdən sonra hamısından müsbət rəylər alınmalıdır (şəhərin qaz, su, elektrik, kanalizasiya və s. qovşaqlarına qoşulmaq üçün rəylər alınmalıdır). Yalnız bundan sonra tikintiyə başlamaq olar.

İşçi layihə yaradıcı insan üçün kifayət qədər darıxdırcı görünə bilər, amma bir layihəni tam başa çatdırmaq üçün sadalanan bəndlər nəzərə alınmalı və layihənin son görünüşünün qorunması üçün bütün bunlar əvvəlcədən Memar nəzarətində icra olunmalıdır.

Nəzarət

İstənilən layihənin Memar-müəllif nəzarəti həmin layihə üçün əvəzolunmazdır. Sifarişçi ilə razılaşma zamanı özü sizdən nəzarət tələb edəcəkdir, etməsə belə siz bunun vacibliyini qeyd edin. Həftədə minumum 1 dəfə Memari nəzarət normal hesab edilə bilər. Bu olmadan usta, prorabın layihəni səhv oxuması və ya yaranan problemlərə asan yolla həll tapıb layihəni dəyişmələri baş verə bilər ki, bu da sizin adınıza xələl gətirəcəkdir. Bu səbəbdən layihə tam başa çatanadək Memari nəzarəti öhdənizə götürün.

Fikrimcə Memar adına yiyələnmək üçün təkcə diplom yox, sıfırdan sonadək bütün bu prosesləri keçmək lazımdır. Yalnız bu halda Memar adına yiyələnmək olar.