İxtisas seçimi: Memarlıq

Abituriyentlərin bu ərəfələrdə ixtisas seçiminə başlamalarını nəzərə alıb öz məsləhətimi vermək istəyirəm. Təbii ki, mənim məsləhətim memarlıq ixtisasını seçmələridir, amma bu ixtisasın yaxşı və çətin tərəflərini də əvvəlcədən deməyi özümə borc bilirəm.

Çətinliklər:

  1. Əvvəla yatmağı yaddan çıxarın : ) adətən memar tələbələr, hətta memarların özləri də gecə yuxusuna həsrət qalan ixtisas sahibləri kimi tanınırlar, amma onu da deyim ki, işini sevən memar üçün bu ayrıca ləzzətdir.
  2. Azərbaycan dilində ədəbiyyat tapmaq çətin olacaq. Rus və ya ingilis dilində nə qədər istəsən taparsan, amma Azərbaycan dilli tələbəsənsə bu bir az çətin olacaq.
  3. Layihə işləyərkən çalışın tək olun, yanınıza yaxınlaşan əzizlərinizə kobud davrana bilərsiniz : ) səbəb, adam çox gərgin olur.
  4. Öz üstündə çalışmağa hazır olmalısan, bu elə ixtisasdır ki, müəllimdən çox şey gözləməsən yaxşıdı. Çalışmalısan ki, özün öyrənəsən.
  5. Biraz pul gedəcək. Əllə çəkmək tələb olunsa biraz bahalı vasitələrə ehtiyac olacaq, gərək simiclik etməyəsən, nəticədə iş rahat gedəcək. Məsələn xəttləri çəkmək üçün qələm (rapidoqraf) 50-60 manatdır, layihə çəkmək üçün lövhə 200-250 manatdır və s, amma daha ucuz alternativlər də var.
  6. Mütləq kompüter proqramları öyrənməlisən. İlk üçlük var ki, onları mütləq bilmək lazımdır (Autocad, Archicad, 3dMax)
  7. Qızlara bu ixtisas bir az çətindir, ağır gələ bilər, amma dünya şöhrətli və yerli qadın memarlar da az deyil. Məsələn Zaha Hadid, Əhmədova Fatma, Mustafayeva Aydan, Hacıyeva Yeganə, Məmmədova Gülçöhrə və digər adını çəkə bilmədiklərim.

Üstün tərəfləri:

  1. Bu ixtisas elit ixtisaslar içərisindədir, və birincilərdəndir. Memar olduğunuzu deyəndə hamının sizə qarşı münasibəti bir az yaxşıya doğru dəyişəcək : )
  2. Perspektivləri çoxdur. İş tapmaq problem deyil. Oxuduğum yerdə 3-cü kursdan tələbələr iş tapırlar özlərinə.
  3. Məvacib barədə heç bir narazılıq olmayacaq, ən çox qazanan sənət sahiblərindən biri memarlardır. Hətta dünya şöhrətli elə memarlar var ki, bir layihəyə görə 8-10 milyon dollar qonorar alırlar. Məsələn Santiaqo Kalatrava, Frenk Qehri və s.
  4. İstər-istəməz zövqlü insan olursan, paralel olaraq interyer dizayner kimi də işləyə bilirsən.
  5. Memarlar prezidentlə dostlaşa biləcək nadir sənət sahiblərindəndir : )
  6. Öz ofisin olur, ofislərdə ən az işləyib ən çox qazanan aparıcı işçi ola bilərsən.
  7. Fəza təsəvvürün səni həyata qarşı münasibətdə digərlərinən fərqləndirəcək.
  8. Zehni işlə məşğul olduğun üçün uzunömürlü olursan. Məşhur memarların çoxu 90 yaşını keçiblər.
  9. Memarların çoxu lüks həyat yaşayırlar.
  10. Dizayn memarlıq ofislərində ən üstdə duran ixtisasdır memarlıq.
  11. Dünyanın 7 möcüzəsi memarların yaratdıqlarıdır, memar möcüzələridir.
  12. Özündən sonra iz qoymaq üçün ən yaxşı vasitə memarlıq yaratmaqdır.
  13. Şəhərin, ölkənin hətta qitənin simvolunu yarada bilərsən (Məsələn: Sidney opera teatrı, Dubayda Burj Al Arab oteli, Parisin Eyfel qülləsi və s.)
  14. Və bəşəri sənət sahibi olduğun üçün özünlə fəxr edirsən : ) insan yaranandan bu günə qədər memarlıq aktualdır və heç vaxt öz aktuallığını itirməyəcək.

Əgər siniz də bacı – qardaşınız, dost – tanışınız, oğul – qızınız ixtisas seçməkdə çətinlik çəkirsə ona məsləhət verin bu ixtisası seçsin. Həm zövqlü ixtisası olar həm də gələcəyini təmin etmiş olar.

Universitet kimi bir neçə yerdə memarlıq ixtisası tədris olunur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakıdan kənarda bəzi şəhər universitetlərində və ya texnikomlarda və s.

Məsləhətim özümün də oxuduğum Rəssamlıq Akademiyasındakı memarlıq və dizayn fakultəsidir. Sorğu aparıb öyrəndim ki, akademiyada memarlıq daha müasir və ciddi tədris olunur. Amma hamısından vacibi, tələbə mütləq öz üzərində çox çalışmalıdır.

QEYD:  Siyahıya əlavələr ola bilər. Ola bilsin ki memar kimi siz də məsləhət verə bilərsiniz nəyisə əlavə etməyimə.