“Renaissance Rendering”

Keçən mövzuda render qrafikası haqda söhbət açmışdıq. Yaxşı renderlərin xeyirli və yaradıcılıq cəhətdən kasad renderlərin ziyanlı tərəflərini vurğuladıq. Bir daha qeyd etmək istəyirəm ki, renderlərlə aram o qədər də yaxşı deyil, daha çox əl ilə Memarlıq qrafikasını üstün tuturam. Bu şəxsi yanaşmamdır, bunu məsləhət kimi qəbul etməyin. Amma yenə də renderin zəruriliyi məcbur edir ki, bu sahəni də öyrənəsən. Amma bir qədər fərqli. Bu fərqin yaranma səbəbində isə darıxdırıcı görünən məşğuliyyəti bir qədər maraqlı etmək dayanır.

Untitled-1

Render, layihəni əvvəlcədən görməyə kömək etsə də, dərinə ensək bir neçə başqa məqsədə də qulluq edir. Yəni gördüyün iş render də olsa, əl ilə də çəkilmiş olsa göstərmək istədiyin məqsədə uyğun olmalıdır. Bu günkü söhbət edəcəyimiz mövzu isə məqalənin adından da göründüyü kimi Renaissance Render barədədir. Bəs Renessans render nədir və nə məqsədə qulluq edir?

Fotolarda gördüyünüz layihələrin müəllifi özüməm və hamısı ayrı-ayrılıqda konseptual layihədir. Qısa məlumat verim ki, Memarlıq yaradıcılığımın əsas xəttini təşkil edən – “Azərbaycanlı üçün ideal yaşam tərzini tapmaq” əsas hədəfimdir. Burada bir çox faktorlar var ki, məsələn, ucuz başa gələn olması, rahatlığı, Azərbaycanlının yaşam tərzinə uyğunluğu, ölkəmizin iqlimi və sairələr əsas prioritetlərdir. Bu layihələrdən Qaraj LoftPair Dwell haqda artıq yazmışam. Talıstan DwellCubo haqda isə növbəti məqalələrdə geniş məlumat verəcəyəm.

10997509_10205612233320909_2927580409676098552_o

Konseptual layihələr olduğu üçün onların konkret yerləşdiyi yer yoxdur. Bu səbəbdən renderləri hansısa məkana uyğunlaşdırmaq vacib deyil. Burada renderin əsas məqsədi hissləri çatdırmaqdır. Deməli elə bir variantla render kompozisiyası qurulmalıdır ki, foto həmin hissləri yaşatsın. Hansı ki, burada həyatı hiss etmək, duymaq, insan faktorunu, işığı, kölgəni, rəngi – ümumilikdə mühiti izləyiciyə hiss etdirmək vacibdir.

Düşünürəm ki, bir incəsənəti dolayı yolla izləyiciyə və ya dinləyiciyə çatdırmağın yaxşı yollarından biri başqa incəsənətlərdən istifadə etməkdir. Məsələn, bir şeiri daha ifadəli etmək üçün fonda həzin musiqi dinləsək daha çox hisslərə qapılarıq. Və ya müharibə haqda musiqini daha yaxşı hiss etmək üçün, xüsusi işıq effektlərindən istifadə edilə bilər. Başqa bir yandan hansısa rəssamın işinə baxarkən həmin musiqini dinləsək əsərin bizə təsiri daha çox olar.

renaissance qaraj

Memarlığı daha idafəli etmək üçün rəssamlıqdan istifadə etdim və üz tutdum renessans rəssamlarına. Çünki o dövrün rəssamları həyatı və hissləri daha dolğun çatdırmaq üçün şedevrlər yaradırdılar. Düşünürəm ki, bu üsul həm əyləncəli, həm də özünəməxsus, orijinaldır.

Bunun üçün bir neçə pqroramdan istifadə etdim. Renderəqədərki proqramların fərqi olmasa da bu işdə ən çox Adobe Photoshop proqramından istifadə etdim. Yəni renderi nə ilə edirsiniz edin, foto PNG formatda olsun və onun üzərinə kollajlarla istədiyiniz kompozisiyanı yaradın. Fotolarda yer alan bir layihədə təxminən 15-20 fərqli rəsm əsərindən bəhrələnərək kollaj yığılıb.

taslistan renessanssmall

Aşağıdakı render isə “retro view” musiqi janrının təsiri ilə futuristik kompozisiya olunub. Qeyd etdiyim kimi digər incəsənət növləri insanı istiqamətləndirir. Maraqlısı odur ki, sözügüdən musiqi janrını dinlədikdə futurizmə həvəs oyandı. Baxmayaraq ki, həmin janr 80-ci illərin məhsuludur və o dövrün düşüncəsində futurizmi, gələcək həyatı əks etdirir, yenə də insanda xüsusi hissə doğurur.

tron rendering

QEYD: kollaj etmək istəsəniz və hər hansısa sualınız olarsa müraciət edin, məmnuniyyətlə cavablandırmağa hazıram