Eskiz 12-ci hissə (Xatirə eskizləri)

rtıq 12-ci hissəsinə çatdığımız eskizlər silsiləsinin növbəti hissəsidə xatirə eskizlərindən bəhs edəcəyik. Eskiz anlayışı haqda uzun-uzadı danışıb bunun Memarlığı öyrənmək baxımından mühim pillə olduğuna artıq dəfələrlə toxunmuşuq. Bu bir növ Memarlığı öyrənməyə tuşlanmış metoddur. Bəs Memarlıq nəyə tuşlanmış sənətdir?

Həyata. Həyatı quran sənət sahibi, həyatı görməli və onun haqda düşünməlidir. Bəzən səhv gədən yola istiqamətverici, bəzənsə xaosdan çıxış yolunu tapmalıdır. Deməli yeni metodla eskiz çəkərkən hədəfi  Memarlığa yox, Memarlığın tuşlanmış olduğu hədəfə çevirərək, ounla birlikdə inkşaf edirk.

Ustadaların dediyi kimi, ən böyük ideyalar xırda fikirdən gəlir. Xırdalıqlar miqyasca xırda olsalar da əhəmiyyətcə böyük ola bilir. Deməli bu yolda atdığımız ən xırda addım belə gələcəkdə ortaya çıxan hansısa dahiyanə fikrin təməl daşı ola bilər.

Gəlin həyatın xırda anlarına diqqət edək. Hətta heç bir məqsəd olmadan, əyləncə üçün olsa belə. Memara bu yolda həm onun yaradıcılığı həm də həyata fərqli baxış bucağı kömək olur. Amma bu cümlənin ağırlığına aldanıb möhtəşəm nəyisə ərsəyə gətirməli olduğumuzu fikirləşməyək. Dediyim kimi, təməl daşları toplayaq və bir-birinin yanına düzək, nə vaxtsa bunlar bütünlüklə hansısa ideyanın bünövrəsi olacaq.

Daha əvvəlki səfər eskizlərini xatırlayırsınızsa, orada eskizləri bir növ rəsmli gündəliyə bənzətmişdik. Xatirə eskizləri də eyni məna daşıyır. Amma bu tək vizual yox, həm də oxunaqlı eskizlərdir.

Bir çox Memar eskiz qabiliyyətinin olmaması səbəbindən ideyalarını məqalə formasında yazırdı. Olduqca maraqlı texnikadır. Gəlin biz bunu bir az dəyişək və hər iki texnikanı bir yerdə işlədək.

Söhbət, hansısa xüsusi hissi yaşadığınız anda baxdığınız fraqmentin eskizini çəkməkdən və eşitdiyiniz, daddığınız, toxunduğunuz, qoxusunu aldığınız digər obyektləri yazmaqdan gedir. Bir növ yaşadığımız həyatı 5 hissimizlə qavradığımız kimi onları kağıza köçürmək. Burada eskiz tərəfi yalnız görmək hissimizi əks etdirir. Qalan hissləri isə – eşitmək, dadmaq, qoxulamaq, toxunmaq hisslərimizi isə yazırıq.

Bu qayda ilə edilən eskizlər sadəcə bir baxış bucağına sahib olmur, xəyali olaraq 360 dərəcə ətrafı əks etdirir. Bu isə həyatı yaşamaq, hiss etmək, və onu təsvir etmək baxımından yararlıdır. Belə etdikdə hər bir xırda detala fikir verirsən. Hətta keçmiş xatirələrini canlandırıb onları da “oyun”un içinə daxil edirsən, gələcək haqda düşüncələrini bölüşürsən, zaman anlayışını adlayıb, başqa təbəqədə xırda şeylərdən həzz alırsan.

Həyatı öyrənmək, qavramaq baxımından bu üsul olduqca maraqlı və öyrədicidir. Müəyyən vaxtdan sonra onlara baxdıqda və oxuduqda isə artıq həmin ana qayıda, həmin hissləri şüuri şəkildə canlandıra bilirsən. Keçmişdə yaşadığımız bir çox xatirə yaddaşımızdan silinir. Bəzən xatirələrimiz kino fraqmenti kimi yadımızda qalsa da o anda hiss etdiyimiz hisslər çox zaman unudulur. Xatirə eskizləri isə onları qoruyub saxlamaqda kömək olur.

Bu üsul həm də 5 hissin eskiz vasitəsi ilə çatdırılmasına təhrik edir ki, bu da normal eskiz qabiliyyətini çoxşaxəli inkşaf etdirir. Artıq rəng, toxunuş, işıq, yumşaqlıq və s. kimi məvhumlar haqda geniş təsəvvürə malik oluruq.