Azərbaycanın ilk Memarlar klubu

emarlıq.com olaraq yay ərzində məqalə yazmağa ara versəm də, yeni təhsil və iş ilindən etirabən yeni məqalələrlə tez-tez görüşəcəyik. Bu qısa fasilədən sonrakı ilk məqalə isə ölkəmiz və dünya üçün əhəmiyyətli günə hərs olunur. Memarlıq günü, ustad Memar Le Corbusier-in doğum günü və Azərbaycanda ilk Memarlar klubunun açılışı.

Bildiyiniz kimi dünyada Memarlıq günü hər il oktyabr ayının ilk bazar ertəsi qeyd edilir. Bu mövzuya əvvəlki məqalədə toxunmuşduq. Eyni zamanda təsadüfən bu il eyni gün ustad Memar Corbusier-in doğum gününə təsadüf etdi. Bir sözlə bayram bayrama qarışdı. Belə əlamətdar günü Azərbaycana aid etmək üçün isə Memarlar klubunun açılışını elə məhz 6 oktyabr tarixinə qərarlaşdırdıq.

Memarlar klubu dünyanın bir çox ölkəsində uzun illərdirki var olan və olduqca səmərəli fəaliyyət xətti ilə inkşaf edən vacib Memarlıq beşiyidir. Təəssüflər olsun ki, min illərlə Memarlıq və 100 illik peşəkar Memarlıq tarixi olan Azərbaycanda belə bir klub heç zaman olmayıb. Belə məkanın yaradılmasını hələ tələbə vaxtlarımdan çox arzulasam da təəssüf ki, bu təşəbbüs heç kəs tərəfindən irəli sürülməyib.

Artıq tələbəlik illərinin bitməsini və universitetlərimizdə olan təhsilin qaneedici olmadığını görüb bu cür Memarlıq evinin yaradılmasının vacib olduğunu düşündüm və əlimdən gələn qədər kiçik də olsa belə bir məkan yaratmağa müvəffəq oldum. Bu xoşbəxtliyin yaranmasında iştirak edən dostlarımın hamısına fürsətdən istifadə edib təşəkkür edirəm. Fotolardan da gördüyünüz kimi, 3 qat bayramın bir gündə olduğu vaxtda ənənəyə sadiq qalıb kiçik şənlik keçirdik və rəsmi olaraq “qeyri-rəsmi Memarlar klubu”nun açılışını həyata keçirdik. Klubun adının isə Memarlıq yox, Memarlar klubu olmasının səbəbi, burada insan amilinin daha qabarıq olmasına işarədir. Memarın yaxşı yetişməsi üçün düzgün mühit və gözəl əhatə mühim rol oynayır. Klubumuzda buna nail olmağa çalışırıq.

Bura İçəri Şəhərdə, Kiçik Qala 5 ünvanında yerləşən emalatxanamdır, amma tək özüm üçün yox, həm də Memarlığı sevən və ona hörmət edən, Memarlığı heç nəyə satmayan dostlarıma qapısı hər zaman açıq olan yerdir. Burada heç olmasa həftədə bir dəfə yığıncaq keçirib Memarlıq haqda kinolara baxa bilərik, təcrübəli Memarları dəvət edib mühazirə dinləyə bilərik və ya sadəcə gəlib kitab oxuya, eskiz çəkə bilərik.

Bu klubun yaranmasında əsas məqsəd, təhsilimizdə Memarların yetişməsi üçün lazım olan boşluğu müəyyən qədər doldurmaqdır. Ümid edirəm bu yolla istedadlı gənc Memarlar və tələbələr bir-biriləri ilə tanış olacaq, fikir mübadiləsi edəcək, mariflənəcək və gələcəyə daha hazır şəkildə Memarlıq yoluna qədəm qoyacaqlar.

Klubda keçirilən tədbirlərdən xəbər tutmaq üçün ya mənimlə birbaşa mobil əlaqə yaradın, ya elektron məktub yazın, ya da facebook səhifəmizi izləməyə davam edin.

Ümid edirəm siz də bizə öz fəaliyyətinizlə dəstək olacaq və lazımi biliklərin bölüşməsində öz töhfənizi verəcəksiniz. Hər birinizi kiçik klubumuzda görməyə şad olaram :)