Eskiz 11-ci hissə (Roma)

merikalıların yaxşı deyimi var – All roads lead to Rome. Tərcümədə “bütün yollar Romaya aparır” mənasına gələn deyimin cazibədarlığı bu şəhərə getmək üçün ilk bəhanəm oldu. Öncədən araşdırmalarımda da burada çoxsaylı böyük Memarın layihələrinin yer aldığını gördükdə, planımı qətiləşdirdim.

Bu səfərki məqaləmdə Roma səfərimdən danışmaq istəyirəm. Və oraya gedəcək insanlar üçün kiçik “Memar marşrutu” sıralamağı düşünürəm. Əvvəlki məqaləmdə (Eskiz 9-cu hissə- Səfər eskizləri) qeyd etdiyim kimi, hansı şəhərə gedirsiniz gedin, mütləq oranın mühim Memarlıq obyektlərini ziyarət edin və onların eskizlərini çəkin. Bu yazımla da çəkdiyim eskizlərdən nümunələr göstərməyə və təcrübəmi bölüşməyə çalışacağam. Foto onsuz da olur, amma eskiz daha önəmlidir, bunu səfərdə daha yaxşı anlayırsan.

Başqa bir qeydimizdə isə Mimoa saytından istifadənin yararlarından danışmışdıq. Elə bu saytın köməkliyi ilə gediləcək yerləri əvvəlcədən qeyd etdim. İlk olaraq məqalənin birinci fotosundan gördüyünüz kimi Kolizeyə səfər etdim. Əlbəttə ölkənin ən önəmli Memarlıq obyektlərindən biri olduğu üçün, eyni zamanda xranaloji ardıcıllıqda ilk sırada durduğu üçün bura ilk səfər yerim oldu. Memarlıq baxımından əlbəttə möhtəşəmdir, eskizini çəkdikdə isə bunu bir az da başa düşürsən. Xüsusilə tikildiyi əsrləri və dövrünün imkanlarını düşünəndə binanı daha da dəyərləndirirsən. Amma Memarlığı kənara qoysaq, bir insan kimi binanın funksiyasını heç bəyənmədim. Sonunda insanların öldürülüb şouya çevrilməsi fikri tükürpərdicidir.

Nə isə, qladiatorlar qalsın bir kənarda biz də yolumuza davam edək. Ondan sonra yolumu Vatikana saldım. Maraqlısı budur ki, böyük meydana malik Vatikan özü Roma nəzdində ayrıca bir ölkə sayılır və Romadan tamam fərqlənir. Aurası daha xoşdur. Dini yer olduğu üçün demirəm, həm də Memarlıq baxımından insanı sakitləşdirən atmosferə malikdir. Bu haqda bir neçə nəfər turistlə söhbətim olub, onlar da eyni fikirlə razılaşdıqlarını bildiriblər. Meydanın düz mərkəzində Obiliks yeləşir. Bu Memarlıqda dünyanın axıcı enerjisini tənzimləyən antena rolunu oynayır. Bəlkə də bu səbəbdəndir ki, həmin obiliksin altında təxminən yarım günümü keçirdim və Romanın əsas kilsəsi olan bu binanı eskiz etdim.

Bu mistik enerji məni həmin meydana ikinci dəfə apardı. Bu səfər də obiliksin radiusu boyu davam edən sütunlar öz sakit tərzi ilə diqqətimi çəkdi. Sanki burda hər şey vəhtətdədir, ayrılmazdır.

Bu şəhərdə diqqətimi ən çox çəkən Memar Renzo Pianonun mübahisəli layihəsi olan Auditorium Parco della Musica idi. Çünki bina bir çoxlarının xoşuna gəlsə də böyük əksəriyyət binanın eybəcər olmasını və hətta tarakana bənzədiyini deyir. Əlbəttə bu Memar düşüncəsi deyil, amma layihələrə tək Memar gözü ilə yox, həm də adi insan gözü ilə baxmaq yaxşıdır. Axı hər kəs Memar deyil. Bu səbəbdən müqayisəli müşahidə üçün yollandım həmin kompleksə. Təəssüf ki bağlı idi, amma qaydaları pozaraq arxadan, zirzəmi qatı ilə texniki zonaya girdim, ordan da bir xeyli getdikdən sonra özümü kompleksdə, daha sonra isə sarayın səhnəsində tapdım :) Əlbəttə bu qanunsuzdur, belə etmək olmaz, amma binanın sirrini öyrənmək üçün bu riski gözə almaya bilməzdim. Peşman deyiləm, çünki hər detalını gördükdən sonra Memara olan hörmətim təzələndi. Bina haqda ən hörmətə layiq məqam isə onun Memar tərəfindən əlavə 1 il müddətinə gecikdirdirilərək tikilməsi idi. Buna səbəb qazıntılar zamanı ərazidən qədim Romadan qalıqların tapılması idi ki, Memar bu məsələyə görə layihəni 1 il müddətinə dəyişərək, kompleksə həm də tarix muzeyi əlavə edir.

Buraya yaxın ikinci gedəcəyim obyekt Memar Zaha Hadidin MAXXI muzeyi idi. Düzü hər zaman Memarın işlərini tənqin etsəm də, başa düşürdüm ki, Memarın 80-ci illərdə layihələndirdiyi konseptual layihələr şəxsən öz yaradıcılığıdır və pis Memar ola bilməz. Muzeyə səfərimdən sonra da buna bir daha əmin oldum. Olduqca dəqiq və səliqəli işdir. Hər detal sanki kiçik obyektmiş kimi ustalıqla həll edilib. Buradakı tikinti səliqəsi yüksək səviyyədə öz həllini tapıb.

Binada ən çox diqqətimi çəkən məqam baş fasadda Memari həcm kimi çıxmış həcmin pəncərəsinə düşən tarixi italyan Memarlığı idi. Bu fantastik mənzərədir. Bilmirəm Memar bunu doğrudan da hesablayıb layihələndirib yoxsa təsadüfən alınıb, amma binanın bu siması valehedicidir.

Bu eskizdə diqqətinizi çəkmək istədiyim bir məqam var. Deməli, biz əgər rəssam yox, Memari eskiz ediriksə bunun məqsədi eskizin sonunda gözəl görünməsi yox, bizə nə isə öyrədə bilməsi vacibdir. Bu səbəbdən, binanın ümumi mütənasibliklərini bir kənara qoyub özümə ən çox maraqlı olan hissəni qabarıq çəkdim. Qalan yerləri isə formalara uyğun olsa da iri, gözə gəlimli etmədim. Çünki məqsəd kiçik eskiz dəftərimdə düzgün mütənasibliklər qurmaq yox, detalı önə çıxarmaq idi. Bu məqamı yadınızda saxlayın. Əgər kiçik dəftərdə böyük obyekt çəkmək istəsəniz və orada ancaq bir detalı vurğulamaq istəsəniz, onu birinci çəkin, daha sonra isə qalan məsələləri əlavə edə bilərsiniz. Məqsəd sizi maraqlandıran detalı çəkmək və onu öyrənmək olsun, rəssamlıq qabiliyyətinizi maksimum istifadə etməyə də bilərsiniz.

Bina və onun qarşısındakı atmosfer o qədər sakitləşdirici idi ki, vaxtımın çoxunu burada keçirdim. Növbəti gedəcəyim yer Memar Richard Meier-in Romanın tarix museyi idi – Ara Pacis. Bu layihə hər zaman motivasiya mənbəyim olub. Minimalizm, eyni zamanda kontrast materialların balansda həlli, binanın vizual istiliyi, həcmlər hər zaman diqqətimi çəkib. Amma binanı canlı gördükdən sonra Memarın yaradıcılığını XX əsr Memarlığı adlandırardım. Burada vertikal və horizontal xəttlərdən başqa heç bir şey yoxdur və bu hər nə qədər cəsarətli də səslənsə, bir az darıxdırıcı gəldi.

MAXXI-də çox vaxt keçirdiyim üçün binanı gecə görməli oldum, amma obyekti Memar gözü ilə gecə vaxtı seyr etmək düzgün deyil. Çünki gecə Memar işini yox, işıqlanma işini görürsən (baxmayaraq ki, eyni əlin məhsuludur). Bu səbəbdən binaya ikinci səfərimi gündüz vaxtı etdim. Təsir eynidir, XX əsr Memarlığıdır, amma yüksək səviyyədə.

İllərdi sevimli olan layihədən gözlədiyim effekti ala bilmədiyim üçün bir az incimişdim, buna görə şəhərin kənarında da olsa Memarın ikinci layihəsinə yollanmalı idim – Church of 2000 kilsəinə. Yol doğrudan da uzaq idi, amma getməyə dəyərdi. Yeganə problem qapıların bağlı olması idi. Yenə də dözməyib hasardan tullandım və kompleksi gəzdim :) Bir daha xatırladıram bunu etmək düzgün deyil, amma belə olacağını heç düşünməmişdim. Siz səfər edərkən müəyyən vaxt axırın və əvvəlcədən planınızı düzgün qurun. Bu layihə Memara qarşı incikliyimi aradan qaldırdı, daha çox kilsə mövzusuna yeni nəfəs gətirməsi və ilahi dizayn olunmuş detalları ilə olduqca xoşuma gəldi. Binanın plan həllinin modul sistemi də ustalıqla həll edilib.

Romada ən çox getmək istədiyim yer isə Qreko kafesi idi. Hansı ki, bu kafe Azərbaycanın görkəmli rəssamı Tahir Salahov tərəfindən 2002-ci ildə çəkilib. Kafe isə 100 yaşı olan antik kafedir və bura rəssamların tez-tez ziyarət etdiyi yerdir. Diqqətimi çəkən isə, eskizi çəkərkən restoran adminstrasiyasının əyləşdiyim yeri mühasirəyə alıb oraya heç kimi buraxmamaları oldu. Burada yaradıcılıqla məşğul olan insanlara xüsusi diqqət ayrılırmış.

Ümumiyyətlə Romaya getməyinizi Memar dost kimi məsləhət görürəm. Gediş çətin deyil, birbaşa reyslə və ya daha ucuz variantla başqa yoldan getmək olar. Amma mütləq gedin. Burada qədim şəhər, ipperiya paytaxtı, eyni zamanda müasirliyi görmək olur. Şəhər “Memarlıq qatları”nı özündə saxlayan obyekt kimi əla nümunədir.