Həcmlər və işıqlar

lk dəfə 2013-cü ildə Memar dostlarla kiçik Avropa turu etdik. Bu tur çərçivəsində dünya Memarlığında iz qoymuş Memarların əsərlərini canlı görmək üçün bir çox şəhəri gəzdik. Onlardan biri də İtaliyanın Milan şəhəri idi. Daha əvvəl də barəsində söz açdığım Memarlar üçün gəzməli-görməli yerlərin ünvanları olan saytdan bu şəhər üçün gediləsi yerlərin siyahısını tutduq. Bu siyahıda müəlliflərinin adlarını heç vaxt eşitmədiyimiz və binasına heç bir ədəbiyyatda rast gəlmədiyimiz Giovannu E Paolo kilsəsi də var idi.


Bu kilsə haqda təəssüratlarımı bölüşmək istərdim. Çünki adını eşitməyib, fotosunu görmədiyimiz yer xatirəmizdə qızıl hərflərlə yazıldı. Əslində bu kilsənin Memarları İtaliyada və qismən dünyada məşhur Memarlardır – Luigi FiginiGino Pollini.


Bina 1964-68 –ci illərdə tikilib və Monumentalizm üslubundadır. Bura haqda yazacaq çox şey yoxdur, çünki orada olarkən keçirdiyim hissləri sözlərə çevirsəm bir o qədər effektiv olmaz. Ona görə çalışacağaım detallar barədə məlumat verəm. Amma yaxşı olar ki, gələcəkdə yolunuzu buradan salın və kilsəni öz gözlərinizlə görün.


Bina fasadı tamamilə kərpic materialla işlənib, bəzi yerlərdə beton fraqmentlərə rast gəlirik. İnteryer həllində işıqdan ustalıqla istifadə olunub. Material baxımından isə interyerdə beton və adi boyanmış suvaq dominantlıq edir.


Kilsə Memarlığının əsas tələbi onun maksimum əzəmətliyinin həllidir. Bina insanı vəcdə gətirməlidir, müəyyən qədər qorxu hiss, Tanrı qarşısında acizlik hissi yaratmalıdır ki, orada ibadət zamanı insanın enerji alış-verişi düzgün həll olunsun. Bu baxımdan sözügedən layihə hətta xristian olmayan insanı belə özünə valeh edə bilər.


İnteryerdəki işıqdan söz düşmüşkən ilk olaraq giriş hissənin tavanından söz açmaq istərdim.


Bura üstü bağlı giriş zonasıdır. Üst hissə bağlı olsa da, tavandakı beton elementlər təbii işığın içəri keçməsinə şərait yaradır. Elə bu andan özünün xüsusi məkanda olduğunu hiss etməyə başlayırsan.


Bu detal yağış suyunu içəri keçirməsə də, təbii işığı içəri keçirir. Və yalnız günün müəyyən saatlarında və fəsildən asılı olaraq gün işığının bu cür Memari tərzdə birbaşa içəri düşdüyünü görmək mümkündür.

İçəri daxil olduqda artıq müəyyən işıq oyunlarının içində olduğunun fərqinə varırsan. Məsələn xaç suyunun yer aldığı məkan. Burada çox hündür və dar bir məkan var, bu məkanın düz üstündə də səmayla üzbəüz layihələndirilmiş pəncərə. Bu pəncərənin piramidaşəkilli şüşələri var. Şüşələr göy rənglidir və təbii səma işığını içəriyə gömgöy keçirir. İlk baxışdan insan bunun təbii işıq olduğunu anlamır, bunun süni,  göy rəngli işıqlanma olduğunu düşünürsən. Ancaq diqqətlə baxdıqda Memarların necə sadə və ucuz yolla bu effekti əldə etdiklərini görüb təəccüblənirsən.


Daxili məkanın mütənasibliyini hiss etmək üçün aşağıdakı fotoya diqqəy yetirin. Ümumiyyətlə ibadət binalarının hündürlüyü nə qədər yüksək olarsa ona baxarkən başımızı bir o qədər qaldırırıq, bu isə alnımızda olan yaddaş enerjisi ilə səmadan gələn dünyəvi enerji ilə üz-üzə gəlir. Bizi vəcdə gətirən səbəblərdən biri də budur. Fotodakı yoldaş mənəm, amma dayandığım məkan bir neçə pillə yuxarıdır. Deməli tavan əsas hissədə bundan da hündürdür.


İnteryerdə işıqlar təkcə tavandan deyil, həm də kənar hissədən divarlara süzülərək gəlir. Bu əsasən heykəllləri işıqlandırmaq üçündür. Heykələ öndən baxdıqda bu hiss olunmur. Xüsusilə də sağ tərəfdəki fotoda İsanın heykəlinə düşən işığın mənbəyi görünmür, pəncərə daha dərində yer alır. Yan tərəfdən gələn işıq və divarın adi qabarıqlı teksturası emosional olaraq güclü effektə sahibdir. İnteryerdə istifadə olunmuş belə sadə “fənd”lərlə obyekt daha da ilahi dəyər qazanır.


Başqa bir işıq haqda danışmaq istərdim. Tavanda yer alan pəncərələrlə bərabər, asılmış ağır həcmlərdə həm də onları incələşdirən kiçik dörbucaqlı dəliklər də var. Və oradan keçən işığın divarlarda əksi interyerdə ağır həcmlərlə əhatə olunmuş mühitdə əvəzolunmaz incəlik yaradır.


Bu cür işıq həllərindən sonra daxili məkanda öyrəşilməmiş kölgələrlə qarşılaşırsan. Bu isə diqqət yetirməsən belə şüuraltı fərqli məkanda olduğunu hiss etdirir. Daha öncə görmədiyin fəqli baxış bucaqları ilə qarşılaşırsan.


Pəncərələr fasaddan daha çox tavanda işlənmiş olsa da bəzi yerlərdə pəncərə detallarını görmək olar. Bunlar da Memarlar tərəfindən ustalıqla binanın ümumi mütənasibliyinə uyğun şəkildə layihələndirilib və pəncərələr binanın ayrılmaz hissəsinə çevrilib. Bunu başa düşmək üçün fasada baxarkən əlinlə detalların üstünü tutursan və görürsən ki, doğrudan da Memarlar layihəni rəssam kimi işləyib, ümumi kompozisiyanın tarazlığı, həcmlər arasındakı oyun ustalıqla həll olunub.


Sözügedən həcmləri hiss etmək üçün binanın maketinə nəzər salaq. Bu halda binanı əhatəli təsəvvür etmək asanlaşır.


Bu qədər müasir, monumental, beton ağırlıqlı binanın döşəməsinə baxarkən orada Gustav Klimt üslubuna bənzər mərmər parçalarından döşəmə görürük. Dekorativ döşəmə interyerdəki balansı qoruyur, öz qatı rəngləri ilə ağ-boz rənglərdən ayrı düşmür, amma onları yumşaldaraq interyerə istilik qatır. Maraqlı olan isə döşəmənin mərmər, tavanın isə taxta olmasıdır.


İtaliyada yer alan katolik kilsələrin özünə məxsus maraqlı bir xüsusiyyəti var. Ora təkcə ibadətgah deyil, həm də məktəb kimi fəaliyyət göstərir. Üstəlik bu məktəbdə ilahiyyat və ya oxşaf fənnlər yox, bir neçə növdə idman dərsləri keçilir. Təsəvvür edin belə bir kilsənin arxa hissəsində qapalı futbol meydançası var. Binanın arxasında açıq futbol meydançası və içəridə stolüstü oyunlar üçün zal da var. İtalyan kilsələrinin bu xüsusiyyəti olduqca maraqlı gəldi. Bu cəhət dini məkanların humanitliyini bəyan edən xüsusiyyətdir və olduqca bəyəniləndir.


Bina xaricdən baxarkən daha çox boğucu təsir bağışlayır. Çünki fasadda yer alan pəncərələrin azlığı, ancaq bir materialla üzlənmiş olması və s. baxımından. Başqa tərəfdən Memarlar fasadı düppədüz layihələndirməkdənsə, həcmlərin irəli-geri “oynadılması” ilə ağır görünə biləcək fasadda müəyyən incəlik veriblər, işıq-kölgəylə isə ağırlığı “doğramağa” müvəffəq olublar.


Belə binanın eskizini çəkmədən evə qayıda bilməzdim. Bu cür həcmləri çəkmək üçün lazım gəlir ki, əvvəlcə müəyyən qədər fikirləşəsən və binaın modelini beynində həzm etdikdən sonra başlayasan onu kağıza köçürməyə. Yalnız eskizdən sonra beynini bu haqda fikirləşməyə məcbur edirsən, bunun üçün müəyyən vaxt sərf edirsən və sonda binanı tam olaraq dərk etdiyini görürsən.


Beləcə dostlarla təsadüfi tapıntımız olan bu XX əsr Memarlığının şah əsərlərindən biri sayıla biləcək bina böyük təəssüratlar doğurdu. Bir daha qeyd edirəm ki, əgər yolunuz İtaliyadan düşsə çalışın bura baş çəkin və Memarlığın emosiyalara necə təsir etdiyini özünüz müşahidən edin.