The Next Supper

ilanda aldığım təhsilin ilk böyük layihəsi haqda danışmaq istərdim. Bu başı bəlalı layihəm, həm də Avropada işlədiyim ilk professional layihə hesab edilə bilər. Buna görə bu layihənin yeri tam başqadır. Bir çox eksperimentlər, yeniliklər həyata keçirdim və bunları sizinlə bölüşməyə şad olaram.

Əvvəlki layihəmdən artıq sizə tanış olan Milan Suite Hotel-ə yeni layihə təqdim etməli idik. Mövzu binanın 1-ci mərtəbəsində yer alan texniki qarajı restorana çevirmək idi.

Mövzu restoran olsa da, tələbələr burada bu mövzuya uyğun başqa məkanlar da layihələndirə bilərdi. Məsələn, bar, pub, çayxana və s. Mövzumu gecə klubu seçdim. Çünki ətraf ərazini araşdırdıqdan sonra ən yaxın klubun bir neçə km uzaqda olduğunu öyrəndim və düşündüm ki, şəhərin bu hissəsində bu cür klub müştəri sarıdan heç vaxt korluq çəkməyəcək.

Layihə interyer dizaynı olsa da, təhsil proqramına əsasən layihəyə dünyadakı nümunələrdən başlayıb, sonra şəhərsalmaya, daha sonra Memarlığa və sonda interyerə, həttə ondan da sonra dizayna keçməli idik. Bəli, Azərbaycan mühitində işləmiş biri kimi professorların bu cür mərhələlərin hamısını tələb etməsi  əvvəl qəribə gəldi. Lakin, layihənin inkşaf mərhələsində hər şey aydın olur ki, fərqi yoxdur nə dizayn edirsən, mütləq layihəyə qloballıqdan başlayıb, onu get-gedə xırdalamaqla bitirməlisən.

Bu yazımla sizə həm də universitetdə öyrəndiyim professional yaradıcılıq prosesindən danışacağam. Ardıcıllıqları diqqətlə izləsəniz, özünüz də az-çox görəcəksiniz hansı mərhələdən sonra nə gəlməlidir. İlk mərhələ mövzu, sonar isə konsept seçilməlidir. Mövzu gecə klubudur. Bəs konsept nə olmalıdır?

Bir xeyli düşündükdən sonra qərara aldım ki, dairələr çəkim, özümə lazım olan məsələləri hər dairəyə yazım və onların kəsişmə nöqtəsində nə dayanırsa, onu özümə konsept seçim. Aşağıdakı rəsmə fikir verin:

Layihə otelin yerləşdiyi Milanda yer alır. İtaliyaya xas qədim tarixi, incəsənəti və yeməklə əlaqəli nəyisə öz layihəmdə əks etdirməli idim. Bu dairələrin mərkəzində Milanda yer alan və ustad rəssam-Memar Leonardo Da Vinci tərəfindən yaradılmış “The Last Supper” əsəri dayanır. Bəli, bu əsərdə həm Milanın tarixi, həm incəsənətinin şah əsəri, həm də yemək mövzusu var. Üstəlik Oteldə yer alacaq restoran üçün bu mövzu turistləri özünə çəkən maqnit kimidir.

The Last Supperi ziyarət etdikdən sonra gördüm ki, bu bir az qəmgin hekayədir. Tərcümədə Sonuncu Şam Yeməyi mənasına gələn əsərdə müəyyən qədər paradoksluq var. Burada İsanın çarmıxa çəkilməsindən öncəki son şam yeməyi əks olunub. Ancaq fikrimcə dində “son” sözü bir qədər yanlışdır. Bir halda ki, insanlıq var olduqca din də var olacaq, deməli bizim klubun adı “Növbəti Şam Yeməyi” adlana bilər – The Next Supper.

Girişdə böyük portal layihələndirib, oraya düz panel yerləşdirirəm. Üzərində isə şüşə mozaika ilə işlənmiş əsəri yerləşdirirəm. Beləcə əsər daha müasir və abstract olur. Gecə vaxtı arxadan işıqlanır və cəlbediciliyi artır, dəbdəbəli obyektə çevrilir. Kompozisiyaya bir neçə qırmızı kostyumlu “официант” da yerləşdirməklə, şam yeməyinin hər zaman davam edəcəyinə işarə edirəm. Üstəlik kompozisiyanın mozaik işlənməsi katoliklərin narazılığını aradan qaldıra bilər. Özüm də İsanın portretini birbaşa istifadə etmək istəməzdim, burada bizə lazım olan sadəcə əsərin siluetidir.

Həmin panel binadan 90 sm aralıqda yerləşir. Beləcə binanın ön tərəfində heç bir əlavə söküntü işinə ehtiyac qalmır. Çünki mövcud binanın fasadını ənənəvi restoran kimi vitrajlarla etmək istəsək, bu xeyli pul itkisinə gətirə bilər. Üstəlik gecə klubu üçün bizə lazım olan sadəcə yaxşı portaldır, onsuz da pəncərələr ön tərəfdə bizə lazım deyil, arxada isə geniş pəncərələr var, bu haqda bir az sonra.

Panelin binadan 90 sm aralı olmasında səbəb isə, oradan sadəcə bir nəfərin keçməsinə nail olmaq məqsədi daşıyır. Belə ki, yapon fəlsəfəsinə görə qrupla hərəkət edərkən şəxsi enerjin onlarınkı ilə qarışır. Bu giriş isə insanı məcbur edir ki, oradan tək keçəsən və o boşluqda özünlə tək qalasan, fəzada təkcə sən və sənin enerjin.

Girişi vizual olaraq daha cəlbedici etmək üçün içəri tərəfdə panel divara və binanın fasadına güzgü yerləşdirməklə, çöldən dar və kiçik görünən girişi, daxildən daha geniş və vizual cəlbedici edirik. Bu həm də insanların məkana girərkən ehtiyac hiss etdikləri güzgü təlabatlarını ödəyir. Üstəlik bu keçiddə tək ola-ola həm də güzgüdə özünü görməyin istər-istəməz insanın ruh halını dəyişir və təzələyir. Özünə etibarı olmayan insanlar daha da özlərini güclü hiss edir, özü kimi olmayanlar isə güzgüdə gözlərini gördükdə utanır. Bütün bunlar insana xas olan hissləri coşdurmaq üçündür. Keçid 1 nəfər üçün 60 sm enində də ola bilər, lakin onun 90 sm enində olması həm də oraya əlil arabalarının rahat keçməsinə şərait yaradır ki, bu da hər layihədə nəzərə alınmalı vacib məsələdir.

Keçidin döşəməsinə qırmızı xalı döşənib, bu dəbdəbəni artırır, üstdə isə qırmızı işıqlar içəriyə daxil olan insanların həyəcan və ehtirasını coşdurur.

Keçək içəriyə. Gəlin bunun üçün plana nəzər salaq:

Burada restoranın binada yer aldığı hissəsini və otelin əsas girişini, eyni zamanda reception hissəsinin restoranla daxili əlaqəsini görə bilərsiniz. Belə ki, restorana 4 giriş vardır. Əsas giriş, arxa həyətdən giriş, mətbəxin girişi və müştərinin tələbi olan reception-dan birbaşa restorana gedən koridor vasitəsilə 4-cü giriş. Aşağıdakı planda isə zonaları daha aydın görə bilərsiniz.

Burada tapşırığa görə 80 nəfərlik restoranın Neufert standartları ilə layihələndirilmiş planını görürsünüz. Giriş dəhlizi restoranın mərkəzinə qədər uzanan tunellə tamamlanır. Bu o deməkdir ki, o tunelin sonunda müştəri artıq özünü məkanın düz ortasında tapır. Bu isə insanın kompleksini azaldır və məkanla əlaqəsini gücləndirir. Koridorla üzbəüz nəhəng pəncərələr yer alır. Pəncərənin arxasındakı kiçik bağçada çılğın yaşıllıqlar dizayn olunub ki, bu da tunel boyu açıqlıq və gözləmədiyin mənzərə təqdim edir. O ki tunelin sonuna çatırsan, həmin an bütün oyunun mərkəzində olduğunu başa düşürsən.

1-    giriş

2-    qarderob və restoranın qəbul məntəqəsi

3-    mövzunun əsas özəyi olan əsərdə yer alan şam yeməyi üçün uzun masalar və bu masaların sonunda buxarı. Bu masalar şam yeməyi üçündür, ancaq günün sonuna doğru masalar yığışdırılır və bu məkan rəqs meydançasına çevrilir.

4-    cütlüklər və ya kiçik qruplar üçün yarı gizlin masalar

5-    Lounge area – yemək sonrası əyləşib bir qədər içkindən həzz almaq və siqar çəkmək yeri. Buranı “relation zone” yəni münasibət guşəsi adlandırıram. Çünki klub oteldə yer alır, deməli klubun əsas müştəriləri xarici turistlər olacaq. Onlar isə yeni tanışlıqlara çox meyilli olur. Ona görə bu hissədə hamının bir-birini görə biləcəyi və tanış olacağı guşə yaratdım. Düzbucaqlı formasında olan guşə divanla əhatələnib və mərkəzdə güzgüdən içki masası var. Bu masanın mərkəzində isə uzun dekorativ buxarı yer alır. Hansı ki, bu süni kamindir və masanın üzərində kiçik alov yaradaraq insanların üzünə aşağıdan hərəkətli alov işığı verir. Bu isə insanları daha da cazibədar göstərir. Üstəlik içkini hər əlinə aldıqda fondakı alov bakalındakı içkinin rəngini üzə çıxarır və heçnədən göz oxşayan dizayn obyektinə çevrilir. Masanın güzgü olması isə, insanların bir-birinə baxmasa da digərlərini görməsinə şərait yaradır.

6-    Bar bir pillə yüksəkdə yerləşir və orada oturanlara bütün məkanı görməyə şərait yaradır.

7-    Açıq havada zonası. Bura kiçik bağça kimi fəaliyyət göstərə bilər. Bu hissə açıq, ön tərəf bağlı olduğu üçün, özünü içəridə olduğun zaman şəhərdən qopub fərqli yerdə kimi hiss edə bilərsən.

Layihənin mövzusu gecə klubu olsa da bura əsasən turistlərin bütün gün gəzib, sonra şam yeməyi yeyə biləcəyi və gecəni yeni dostlarla keçirib, dincələ biləcəyi məqsədi ilə yaradılıb.

Dizayn işinə gəldikdə isə bir neçə xüsusi məqamları vurğulamaq istərdim. Bura İtalyan incəsənətini ön plana çıxaracağı üçün divarlarda barelyeflər və ya rəsmlər yer almalı idi. Bu həm də ehtirası coşduracaq tərzdə, müəyyən qədər müasirliyi və sadəliyi ilə həm də dövrümüzə uyğun olmalıdır. Bu xətti əsas götürərək, buranı Art Restaurant, Club and Bar adlandırıram. Yəni məkanımızın əsas özəyini incəsənət təşkil edir.

Tavanın dizaynı üçün İtalyan Memarlığına xas olan kvadrat boşluqlar düşündüm, onlar üst tərəfdən bütöv işıqla işıqlanır. Bu kvadratların kənar hissələrində yenə barelyef – güllü dekorlar yer alır. Yaranan işıq kölgə visual baxımdan daha “duzlu” olur.

Bu işıqların idarə sistemi isə ən son texnologiyalarla əmələ gətirilə bilər. Sadəcə iPad-a yüklənmiş xüsusi tətbiqetmə ilə, bir toxunuşla interyerin işıq həllini dəyişmək mümkündür. Onsuz da alçaq tavanlı yer üçün hansısa asılqan işıq istifadə oluna bilməzdi. Üstəlik tavanın kompozisiyası əsərdəki tavana və tarixi italyan Memarlığına uyğun gəlir. Bu cür texnaloji yeniliklə isə hər gün üçün fərqli işıqlanma yaradıla bilər və ya musiqinin ritminə görə rəqs meydançasında dəyişkən işıqlanma qurula bilər və s.

Bar üçün çox ucuz və sadə həlldən istifadə etdim. Şüşə paneli çatlamış formada dekor kimi istifadə edib arxadan işıqlandırdım. Gözünüzü yumun və təsəvvür edin, işıq bu çatlardan keçib necə bahalı görüntü yarada bilər. Hanbuki bunu yaratmaq üçün qəpik-qruş lazımdır.

Beləcə layihənin bir neçə həftəsi keçdi və müştəriyə ilk təqdimatı etməli olduq. Mövzu müəllim və tələbələrin olduqca xoşuna gəlsə də, müştəri qorxdu və şokda olduğunu bildirdi :) Hətta  bütün tələbələrin təqdimetməsi bitdikdən sonra belə mənə yaxınlaşıb dedi ki – “Mən hələ də şokdayam”. Bu şokun səbəbi isə aydın məsələdir, İsa obrazını belə bir layihədə istifadə etmək katoliklərlə skandal yarada bilərmiş. Ancaq müştəri düşünmür ki, Milanın ən uğurlu gecə klublarından biri qədim kilsədə yer alır. Mənim konseptim bunun yanında qat-qat humanistdir və dinə hörmət edir, onun bizimlə yaşayacaq və davam edəcək hekayəsini bəyan edir. Əsas odur Avropada ilk işimdə xeyli yeni eksperimentlər həyata keçirdim, çox şey öyrəndim və müştərinin hansısa hisslərini yerindən oynadan tək layihənin müəllifi oldum, bu da bir işdir :)