Eskiz 10-cu hissə (Photoshop Rendering)

əhsil aldığım universitetin tədris proqramının ən maraqlı dərslərindən biri eskiz dərsidir. Eskiz və onun əhəmiyyəti  barədə artıq çox müzakirələrimiz olub. Təsadüfi deyil ki, artıq 10-cu hissəyə çatmışıq. Bu səfər də çalışacağam maraqlı bir üsuldan və onun üstünlüklərindən söz açım.

Mövzunun adından da gördüyünüz kimi söhbət Adpbe Photoshop proqramı vasitəsi ilə çəkilən eskizlərdən gedir. Daha doğrusu yenə əllə çəkirik, amma onların rəng, material və effektlərini sözügedən proqram vasitəsi ilə veririk.

Söz düşmüşkən deyim ki, kimsə bu proqramı istifadə etməyi bacarmırsa, günü bu gün o proqramı kompyuterinə yükləsin və elə bu gün açsın “qurdalamağa”. Ola bilər qurdalamaq sözü bu işin professionallarının bir az xətrinə dəysin, amma inanın ki, bizə lazım olan səviyyə ilə götürsək bu o qədər sadə proqramdır ki, elə qurdalayıb öyrənmək ən yaxşısıdır. Özüm də bu cür öyrəndiyim üçün məsləhət görürəm. Hansısa kursa yazılmaq və s. haqda düşünsəniz bu sizi həvəsdən sala bilər və inanın ki buna o qədər də dəyməz.

Nə isə, keçək mətləbə. Əslində bizə bu fənndə normal eskiz çəkməyi öyrədirdilər. Bir müddət sonra isə əl qabiliyyəti inkşaf olunandan sonra artıq onların dəyərini artırmaq lazım gəldi. Sözün əsl mənasında dəyərini, qiymətini artırmaq. Çünki bu üsuldan istifadə edib müştəriləri razı salmaq və işi bir addım irəli vermək mümkündür.

İlk öncə forqmentini göstərmək istədiyimiz interyer (və ya Memarlıq) layihəsinin eskizini sadə xəttlərlə çəkirik. Sadəcə xəttlər, heç bir kölgə, rəng və ya material olmadan. Daha sonra onu Photoshop proqramına atıb eskizin yaxşı mənada başına oyun açırıq.

Müəllimin təkidli tələbi o idi ki, wacom tipli digital rəssamlığa yarayan planşet alaq. Ancaq tələbə təqaüdü ilə bunu ala bilmədiyim üçün adi kompyuter mausu ilə rəsmləri çəkməyi qərara aldım. Yəni planşet olsa daha yaxşı, amma yoxdursa ürəyinizi buz kimi saxlayın. Onsuz da sinfin tək mausla işləyən tələbəsi hamıdan yüksək qiymət aldı :) Bu hər nə qədər təvazökarlıqdan uzaq olsa da, bilin ki, həvəs və çox çalışmaqla hər şeyi əldə etmək mümkündür.

Həcmlər, obyektlər öz çəkdiyiniz eskizdən artıq gözünüzün önündədir, onları bir-bir seçib rəngləmək, kölgə, həcm vermək öz əlinizdədir. Hətta bir müddət sonra 3D proqramında işləyirmiş kimi teksturalardan istifadə edib onu perspektivdə istədiyiniz kimi səthlərin üzərində yerləşdirə bilərsiniz.

“Bu nəyə görə lazımdır?” sualına müəllimin dili ilə desək: “Təsəvvür edin ki, müştəriniz sizinlə sabah görüşmək və təcili nə isə görmək istəyir. Sizdə isə 3D görüntülər və s. yoxdur. Bu halda ancaq eskiz göstərə bilərsiniz ki, bu da bir o qədər professional çıxış yolu deyil. Eskizin gözəl olması üçün çəkdiyiniz əziyyət və vaxtı bu vasitəyə sərf edərək bir addım daha professional nəticə əldə edə bilərsiniz – 3D render və eskizin arasında yer alan Photoshop Renderlərlə”

Bəli, qəbul etməsək də bəzən real iş həyatında bu cür tələskən müştərilər qarşımıza çıxır. İstənilən halda isə biz Memar adını öz üzərimizdə daşıdığımız üçün məcburuq ki, professional iş görək. Bu yol bizi professionallığa bir addım da yaxınlaşdırır. Özümün belə eskizlərdən xəbərim yox idi, yazdım ki, bilməyənlər də bilsin. Heç nəyə zərəri yoxdur, əksinə xeyiri var. Vaxt edib bu gün nəsə cızma-qara edin. Hətta şad olaram ki, işlərinizi elektron poçtuma göndərəsiniz, bir-iki dostyana məsləhət verə bilərəm. Təhsilimdə öyrəndiklərimi sizinlə bölüşməyə şad olaram