Gözəlliyin sirri

özəllik əslində mücərrət anlayış kimi qəbul olunur. Ancaq incəsənətə gəldikdə artıq görürsən ki, gözəlliyi əldə etmək üçün müəyyən qayda-qanunlar və hətta riyazi hesablamalar da var. Bu gün qarşıma təsadüfən çıxan gözəllik və onun təhlili barədə söhbət açacağam.

Fotoda gördüyünüz froqment Vyanada qaldığım otelin terrasında təsadüfən qarşıma çıxdı və ilk baxışda qeyri-adi sakitliyi və özünəməxsus gözəlliyi ilə diqqətimi çəkdi. Hətta Memar, rəssam olmayan dostlarım da bu görüntüdən xüsusi həzz aldıqlarını bildirdilər.

Bunun sirri çox maraqlı gəldi, axı burada nə var idi? Bu heç ayrıca kompozisiya olunmuş bina da deyil, bir neçə binanın ümumi görünüşüdür.

Bu suala cavab tapmağın ən yaxşı yolunu eskiz çəkməkdə gördüm, belə ki, eskiz çəkdikcə bu fraqmentdə olanları daha aydın anlamağa başladım. Təbii ki, bu sirrləri öyrənmək olduqca heyranedici oldu.

Belə ki, bu fraqment təsadüfən də olsa, paralel ritmik sistemdədir. Məhz elə buna görə də insan gözünə xoş görünür. Fərqi yoxdur, ona Memar və ya digər peşə sahibi gözündən baxasan, orada olan geometrik “oyunlar” insan gözü tərəfindən rahat oxunur və gözə xoş görünür.

Aşağıdakı təhlilə fikir verək:

Burada biri-birindən fərqli tikilmiş binalar öz aralarında elə harmonik əlaqədədirlər ki, elə bil kimsə bunu qəsdən edib. Məhz buna görə həmin fraqment, hansısa sənət adamı tərəfindən xüsusilə düzəldilmiş effekti verirdi, kino və ya teatr dekorunu xatırladırdı.

Bir binanın pəncərəsinin xətti, digər binanın damının xətti ilə eyni xətt üzərində yerləşir, bu binada olan element, sanki digər binada olan elementlə uyğunlaşsın deyə eyni geometrik bucaqda layihələndirib və s. dəfələrlə təkrarlanan ritmik oyunlar…

Bu tam təsadüfən yaranmış kompozisiyadır, ancaq özlüyündə insan gözündən heç zaman yayınmayan görüntü yaradıb. Bundan ilhamlanaraq bütün layihələri bu səpkidə, geometrik, harmoniya ilə, şeirsəl layihələndirməyinizi məsləhət görürəm. Yalnız bundan sonra layihələriniz hər kəs tərəfindən qəbul olunan gözəlliyə sahib olacaqdır. Və ən əsası belə anlaşılmaz gözəlliklər gördüyünüzdə onun eskizini çəkin, beləcə orada olan gözə görünməz, lakin şüuraltı oxunan sirrləri özlüyünüzdə kəşf etmiş olacaqsınız.