David Chipperfield-lə görüş

tən günlərdən birində Memarlığına çox hörmət etdiyim ingilis Memar David Chipperfield-in leksiyasında iştirak edə və Memarla şəxsən tanış ola bildim. İstərdim sizə onun leksiyasından aldığım qeydləri və ümumiyyətlə Memarın yaradıcılığından bəzi məqamları paylaşım.

Qeydlərdən əvvəl Memar haqda keçirdiyim hissləri sizlə bölüşmək istərdim. Memar insanlıq üçün öz həyatını xərcləyən sənət sahibidir. O insan üçün yaşayır və yaradır. Deməli onda insansevərlik olmalıdır. Bu hissi daha öncə bəhs etdiyim Daniel Libeskindlə görüşdə də hiss etmişdim. Daha sonra başqa Memarlarla görüşdə soyuqluq və qeyri-səmimiyyət onların bütün Memarlıq yaradıcılığını gözümdən saldı. Bu cür xarakterlə Memarlıq yaratmağın kökündə, insana olan sevgi yox, eqo dayana bilər. Chipperfield isə yaşça və təcrübəcə çox-çox böyük Memar olsa da özünü sadə aparmağı, uşaq kimi saflığı, insanlarla yaxınlıqdan qorxmaması olduqca xoşuma gəldi. Məhz bu xasiyyətindəndir ki, Memarın yaradıcılığında bunu çox aydın görmək olar. Sadə, düzgün, artıq heç bir şey olmadan və Memarlığın köklərinə hörmətlə layihələndirilmiş binalar.

Yuxarıdakı interyer layihəsində Memar qədimlərdən gələn interyer dizayn həllini super-minimalist həll edərək, qədim və müasir materialların həm rəng həm də tekstura baxımından kontrastını əldə etmişdir.

Yuxarıdakı froqmentdən də sözügedən kontrastı aydın görmək olar. Bu kontrast eqolu kontrast deyil, müəyyən səviyyədə öz həddini bilir və keçmişdən gələn əsəri kölgədə qoymur. Bu tarazlığı əldə edə bilmək üçün Memarın müdrikliyi qarşısında hörmət qat-qat artır.

“Gözəlim sən mənim üçün yaxşı deyilsən, amma mən səni istəyirəm, istəyirəm ki, Memarlar öz əli-öz başı olsun, biz vəziyyətdən asılıyıq. Memarlıq üçün ən yaxşı məkan inkşaf edən məkandır. Şəhər məntiqi olaraq inkşaf edir. Əvvəlcədən düşünülmüş formalarla, Memarlıq obyektdir və şəhərə daha yaxşı görünüşü verməkdə kömək edir. Memarlıq ümumi torpaq üçün təcrübədir, bu günkü “obyekt” yarışmalarının nəticəsində binalar arasındakı məsafə pozulur. Memarlıq brendləşir sanki şəxsi bir şey kimi. Onlar ümumi əsasları unudur, onda biz kömək üçün gəlirik. Memarlar ona inanır ki, ictimaiət üçün nəyəsə kömək edənlərdir. Belə ki, biz binaların hakimiyik, amma “orada” olmadan? Biz necə Memarlığı orada olmadan sevə bilərik?”

Memarın üslubu sadədir, gözəbatanlıqdan uzaqdır, demək olar ki, materialları xam mal kimi istifadə edir və bütün bunlara görə Memarın ofisi lüks Meamrlıq ofisi hesab edilir. Ancaq bununla yanaşı yeni texnalogiya ilə yaradılmış müasir Memarlıq materialları üzrə də uğurlu layihələrə imza atmışdır. Məsələn, aşağıdakı layihə metal üzlük materialı ilə əhatələnmişdir, lakin bu metal gündüzlər adi halda, gecələr isə şəffaflığı ilə diqqət çəkir. Material Memar tərəfindən ilk dəfə bu layihədə istifadə olunmuş və yeni material kimi ədəbiyyata düşmüşdür.

2007-ci ildə nüfuzlu Stirling Memarlıq mükafatına layiq görülmüşdür. Memarın iki layihəsi nominant olsa da Marbach müasir ədəbiyyat muzeyi ilə mükafatı qazanmışdır. Hansı ki, bu bina antik cazibədarlığı ilə müasir minimalizmi özündə birləşdirir.

“Biz rəssam deyilik, bizim başqaları ilə işləməyə ehtiyacımız var”. Bu fikri ilə razılaşmamaq mümkün deyil, Memarlıq kollektiv işidir və gərək kollektivlə işləməyi gözəl bacarasan. Təəssüf ki, ölkəmizdəki Memarlıq ofislərində bu problem yaşanır, bu isə görülən işlərə birbaşa öz təsirini göstərir.

“Bizim yaratdığımız məkanda siz yaşayırsınız. Sadəcə foto üçün yox, material olaraq, işığın necə içəri girməsini göstərmək üçün. Bunlar çox vacibdir”. Bir dəfə Memarın ən yaxın şəriki olan Alexander Schwarz Bakıya gəlmişdi və öz ofsiləri, işləri barədə söhbət edirdi. Onun da David kimi vurğuladığı bir məsələ var idi – Müasir Memarlıq artıq çox zaman fotoqrafiya üçün işləyir. Bir çoxları binanın fotogenikliyi üçün həcmlər layihələndirir, amma əsas vacib olanı – funksionallığı ikinci plana atır. Doğrudan da, müasir dünyanın inkşafı və populyarlığa can atma, Memarlığın simasını dəyişir, bundan uzaq durmaq, hətta qaçmaq lazımdır.

Aşağıdakı layihəsində Memar olduqca effektiv monumental fasad əldə etmişdir. Onun sözlərinə görə “Əslində burada pilləkənlərin üzərində yağışın qarşısını almaq üçün hər-hansısa element ola bilərdi, amma mən etmədim. Əgər yağış yağacaqsa gərək sən də qaçasan”. Bu sözlər onu göstərir ki, hətta müəyyən funksional qaydaları pozsa da, Memar insanı təbiətə toxundurmaqdan qorxmur və bunu eqoistcəsinə yox, sadəcə əbədi Memarlıq naminə edir, Memarlığın əzəmətini qoruyaraq kiçik “görməzlik” edir.

–      “Bizim Memarlığa qiymət verməyimizdən obraz yaranır.

–      Binaları elə layihələndiririk ki, işığın içəridən keçməsinə imkan yaradırıq. Bu Memarlığın ləzzətidir.

–      Memarlığın komponentləri, materiallıq və boşluqda məkan yaratmaq haqda düzgün ideyadan ibarətdir, dekorasiya və kompozisiyadan daha artıqdır.

–      Memarlıq necə ictimai ola bilər və şəhərə nə təklif edə bilər? Yığmaq, insanları toplamaq haqda ideyalar üzərində düşünürük. Biz elə yerlərə getmək istəyirik ki, orda insan çox olsun, evdə oturmaq istəmirik. Kollektiv olmaq istəyirik.Bunun üçün öz Memarlığımızla fərqli təbəqədən insanların gəzə biləcəyi obraz, simvol yaratmalıyıq. Elə bir yer ki, insanlar ümumi yerdə görüşür, kollektiv məkan hissi yaranır. Hər kəs göz önündədir, hər kəs bir-birini görə və tanış ola bilər.

–      Bunun üçün bəzi məqamlar var:

  1. Memarlığın fiziki gücü,
  2. Kollektivin yaratdığı güc,
  3. Ətraf mühitlə səsləşən tarix

–      Müqəddəs sual – Bina nəyə bənzəməlidir? Niyə məhz belə olmalıdır? Biz tipalogiya, forma, tarix və kontekst haqda düşünməliyik.

–      Milan, Milan qalası çox-çox fotogenikdi. Onu, bütün həcmini necə məhv edə bilərsən? Qorumaq və həmçinin yenisini tikmək lazımdır.

–      Məsələn, Berlin, konstruktiv prosesi təqlid edir, amma dekorasiyadan uzaqdır.

–      İndiki bəzi binaları dağıtmaq daha Memaridir”

Memarın son sözü əsil “müasir Bakı Memarlığına” şamil olunası fikirdir. Təbii ki, çoxluğu təşkil edən fəlsəfəsiz, estetikliyi olmayan və ancaq kommersiya məqsədi daşıyam “Memarlıq”ları nəzərdə tuturam.

Görüşün sonunda xatirə fotosu çəkdirmək üçün imkanımız da oldu. Memar bu halda belə zarafatından qalmır və kameraya müxtəlif gülməli pozalar verirdi :) Qeyd etdiyim kimi, ruhu cavan Memardır.

Görüşün sonunda Memara məni çox maraqlandıran sualı verdim. Hansı ki, ona Memar kimi pərəstiş edirsən və olduqca maraqlıdır ki, bəs onun pərəstiş etdiyi Memar kimdir? Cavab Alvaro Siza oldu, Memarlığın daşıyıcı sütunlarından biri. Ümid edirəm gələcəkdə onunla da görüş qismət olar. Əgər baş tutsa söz verirəm ki, ondan öyrəndiklərimi də sizinlə bölüşəcəyəm :)

QEYD: Memarın bütün layihələri ilə onun rəsmi web səhifəsindən tanış ola bilərsiniz