Memarın müqəddəs borcu

aşadığım müddətdə Milanda əylənmək üçün yüzlərlə seçim olduğunu gördüm, onlardan böyük əksəriyyəti həyat tərzimə uyğun deyil. Amma son dövrlər kəşf etdiyim bir yer var, hansı ki, öz gözəlliyi və sadəliyi ilə Memarı düşündürür. Söhbət Milanın cənubunda yerləşən Colonne adlı məkandan gedir.

Bura qədim kilsənin qarşısında yer alan meydandır. Meydanı əhatələyən sütunlar vardır ki, bu səbəbdən məkan adını Colonne-dən yəni “sütun”dan almışdır. Meydanda bir də tarixi şəxsiyyətin (Statue di Costantino) heykəli yer alır.

Buranı maraqlı edən xüsusiyyət isə odur ki, hər həftə sonu buraya yüzlərlə gənc toplaşır, yerdə oturur, oyunlar oynayır, musiqi ifa edirlər, tanımadıqları insanları öz dost qrupuna əlavə edib dostlaışırlar, bir sözlə, utopik həyat nümayiş etdirirlər.

Burada olarkən hiss edirsən ki, insanın əhvalını qaldıran enerjini hansısa klublarda və ya gecə əyləncələrindən almağa ehtiyyac yoxdur. İnsanların toplaşma yerlərinin olması, gözəl Memarlıq və mühit kifayyət edər ki, özünü xoşbəxt hiss edəsən, problemlərdən və stresdən uzaq olasan. Buna səbəb heç bir qiyməti olmayan insan enerjisinin və düzgün qurulmuş Memarlığın yaratdığı mühitdir.

Bunu paylaşmaqda məqsədim odur ki, bu cür yerlərə təəssüf ki, ölkəmizdə rast gəlmirik. Belə toplaşma məkanları insanlar arasında görünməz əlaqələr yaradır. Bununla insanları, cəmiyyəti daha pozitiv etmək mümkündür. Misal olaraq bizim Bakı bulvarını göstərmək istəyirəm. İnsanlar dənizkənarı pillələrdə oturub nə iləsə məşğul olanda və ya sadəcə dənizi seyr edəndə necə də xoşbəxt görünürlər.

Lazım olan odur ki, insanların istirahət vaxtı üçün evdən kənarda belə yerləri olsun. Ondan sonra əminəm ki, cəmiyyətimizdə çatışmayan xırda problemlər, stress, aqresivlik aradan qalxar.

Memar dostlara isə sözüm odur ki, yaratdığımız mühitlərlə bütün insanları, cəmiyyəti, gələcəyi dəyişə bilərik. Bu dəyişiklik pozitiv və ya neqativ ola bilər. Bu işdə məsuliyyətli olub öhtəmizə düşənləri dərk etməli və canımız bahasına olsa belə insanları xoşbəxt edən məkanlar qurmalıyıq. Bu bizim ali təbiət qarşısında müqəddəs borcumuzdur