Eskiz 9-cu hissə (səfər eskizləri)

u gün söhbət açacağım mövzu Memarlar üçün çox gərəkli olub, amma çox zaman unudular və ya müxtəlif bəhanələrlə yerinə yetirilməyən Memarlıq məşğuliyyətindən gedir – Səfər eskizlərindən. Mövzunun adı siğorta adına bənzəsə də əmin olun ki, bu yolla etdiyiniz işlər gələcək Memarlığınızı siğortalayacaq.

Söhbət səfərə gedərkən edilməli olan ən vacib işdən gedir. Olduğunuz şəhərin Memarlığını canınıza çəkmək, onunla üzvi şəkildə birləşmək və enerji mübadiləsi aparmaq. Bu sözlərdən sonra hansısa çətin iş yerinə yetirilməli olduğunu düşünməyin. Söhbət sadəcə eskiz çəkməkdən gedir.

Məsələn, yeni bir şəhərə gəzmək məqsədi ilə getdiyinizi düşünün. Bu səfərin məqsədi Memar üçün birinci növbədə oranın Memarlığını öyrənmək olmalıdır. Bu öz yerində, söz düşmüşkən səfərə gedən Memarların etməli olduqları haqda yazım:

–         Özünüzlə eskiz kitabçası,

–         Eskiz qələmləri, karandaş, flomasterlər götürün,

–         Əvvəlcədən gedəcəyiniş şəhərin Memarlıq nümunələrini araşdırın. Bunun üçün özümün də çox istifadə etdiyim bu saytı məsləhət görürəm. Burada sadəcə şəhərin adını yazırsınız və həmin şəhərdə olan vacib Memarlıq nümunələri haqda qısa məlumat, xəritədə yeri və  ora necə getmək olar o haqda məlumatlar var.

–     Şəhərə düşdüyünüz vaxtdan çalışın 1-1 hamısını gəzəsiniz, vaxt aparan işdi, amma olduğunuz binaları canlı görüb hiss etdikdən sonar buna dəydiyini görəcəksiniz.

–         Və ən əsası həmin binaların eskizini çəkin

Çünki binaya baxmaqla heç nə olmur, bir müddətdən sonra beyindən silinib gedir. Bunun internetdə şəkillərə baxmaqdan fərqi qalmır. Amma düşünün ki, o boyda yolu hansı əziyyətlərlə gedib çıxmısınız ora, niyə də həmin yerdən bir parçanı özünüzlə götürməyəsiniz?

Əgər getdiyiniz bina məşhur Memar tərəfindən layihələndirilibsə, o binanı canlı görmək, göz foksunuzu binanın hər küncündə gəzdirmək, həmin binanı beyninizdə 3D qurur. Bu 3D qavrayışı daha da zəngin etmək üçün eskiz çəksəniz o binalar heç zaman yaddaşınızdan silinməz, ən azından şüuraltı Memarlıq bazanızı möhkəmlədər.

Fərqi yoxdur, hətta məşhur Memar tərəfindən layihələndirilmiş bina olmasa belə, adi bir küçəni, Memarlıq detalını eskiz edə bilərsiniz. Ən əyləncəlisi isə damları eskiz etməkdir. Çünki damlar hər ölkəyə xas özünəməxsus xüsusiyyətlərə malikdir. Bununla da həmin şəhərin ümumi Memarlıq ab-havasını hiss edirsən.

Əmin olun ki, yanından 200 dəfə keçdiyiniz binada belə eskizdən sonra onlarla yeni maraqlı detallar üzə çıxır. Çünki eskiz zamanı baxırsan və düşünürsən, üstə gəl onu kağıza köçürürsən. Bax əsil öyrənmək budur.

Fərqi yoxdur getdiyiniz yer müasir şəhər və ya tarixi yerdir, Avropa şəhəri və ya Azərbaycanın hansısa rayonudur, canınızda bu istək və məhəbbət varsa Memarlıq qabiliyyətinizi artıracaq nə isə tapacaqsınız və eskizini çəkməklə ondan qidalanmış olacaqsınız. Hər kəsə bol səfərlər və səfərlərdən bol-bol eskizlər arzu edirəm

QEYD: dediyim qardaşyana məsləhətə əməl etsəniz səfərdən döndükdə artıq dostlar üçün hədiyyə işiniz də düzəlmiş olar ;)