Memar Dəzgahı

malatxana, studiya şəraitində işləməyə məcbur olan Memarlar çox vaxt bu şəraitə ofis xaricində, əsasən yaşayış evlərində qovuşa bilmirlər. Məlum məsələdir ki, bir çox Azərbaycan ailələrində xüsusi iş otaqları yoxdur. Bunun səbəbi isə yaşadığımız evlərin Sovet hökümətinin “hədiyyəsi” olmasına görə evlərin minimumlarla layihələndirilməsidir (ümumiyyətlə götürdükdə, iş otağı anlayışı millətimizin həyat tərzinə son zamanlar daxil olmağa başlayır). Bu məqaləmlə sizə, Memarın ehtiyacı olan guşəni yalnız bir masada cəmləşdirməyin nə dərəcədə mümkünlüyü barədə söhbət açacağam və son loft üslubunda dizayn etdiyim “Memar dəzgahı” layihəmi sizinlə bölüşəcəyəm.

Haqqında söz açdığım problemlə özüm də rastlaşdığım üçün Memarlara özəl masa dizaynı fikirləşdim. Elə bir masa ki, orada Memarın iş prosesindəki arzuları reallaşsın və hər şey əlinin altında tam rahat şəraitdə olsun. Memarlıq, işləyərkən fikri cəmləşdirməyi sevir. Bu səbəbdən yaradıcı proses zamanı Memara lazım olan vasitələr – kağız, karandaş, flomaster, xəttkeş və s. Memarın əlinin altında olmalıdır ki, onu axtarmağa sərf edilən vaxtda yaradıcılıq enerjisinin axını dayanmasın, fikir dağılmasın.

Bu masa hər tip insan erqonomikasına malik olan Memarlara xidmət etməlidir. Bunun üçün masanın maililiyinin tənzimlənməsi üçün xüsusi konstruksiya dizaynı həll etdim (1). Bu həm masanı daha dayanıqlı edəcək, həm tənzimləyici funksiyanı daşıyacaq, həm də Memara yorulduğu zaman ayağını qaldırıb nisbətən hündür yerə qoymağa imkan verəcək. Həm texniki, həm estetik həm də rahatlıq məqsədləri üçün.

Bu maililik, karandaş-qələmlə işləyən Memarlara problem çıxara bilər, onlar diyirlənərək yerə düşə bilər. Bu səbəbdən masanın kənarına saxlayıcı rezin element yerləşdirdim (2). Bundan əlavə maili masalarda karandaş, flomaster qablarının aşması problemi olur. Bu masada isə aşmaq təhlükəsi olan karandaş, qələm və s. qablarının əvəzinə xüsusi oyuqlar vardır (3).

İşıq önəmli faktordur. Bu səbəbdən masada 4 yerdə, 3 növ işıq var. Bunlardan ən vacibləri sağ və sol künclərdə yerləşdirilmiş lampalardır ki, onları hər istiqamətdə yumşaq şəkildə hərəkətə gətirmək mümkündür (4). İki tərəfdə lampaların olması həm salaxay, həm də solaxaylara kömək məqsədi ilə yerləşdirilib. Standartlarda, işıq Memar masasının sol tərəfindən gəlməlidir. Bu salaxay Memarlar üçündür. Amma nəzərə alsaq ki, solaxaylar da bundan istifadə edəcək, deməli onların əlinin kölgələri eskizin üzərinə düşməməlidir. Bundan əlavə nə qədər çox işıq, bir o qədər az kölgə deməkdir. Bu səbəbdən işıqları Masada bol etdim və bu işıqların gurluğunun tənzimlənməsi üçün onların hər birinin gücünü artırıb-azaldan tərzdə nəzərdə tutdum ki, işığın bolluğu gözləri xarab etməsin.

Başqa bir işıq, əsas kağız olan yerin altındadır ki, bu da bir düymə ilə kağızı altdan led işıqla işıqlandırmaq deməkdir (5). Bunun bir neçə xeyiri var. Məsələn, kölgələri tamamilə ləğv etmək, çəkilən nəyinsə kopyasını çıxardarkən kağızların üst-üstə qoyub çəkmək, və ya ümumiyyətlə işıqlı eskiz etmək və s.

Digər işıq isə kağızın üst hissəsində yerləşir və kağıza süzülərək işıq salır (6). Bu da həmçinin kölgələri minimuma endirir və fakturalı boyama zamanı həcmləri daha da qabardır.

Bu işıq elementinə bir də sensorlu kamera yerləşdirdim. Belə ki, müasir texnalogiyalarla, kiçik sensor kameralar planşetin üzərinə yerləşdirilir və həmin planşetdə nə çəksən, xüsusi texnalogiya onun elektron versiyasını hazırlayır. Bu isə eskizi bir başa kompyuterə atıb, orada üzərində işləməyə kömək edir. Bu imkandan tək Memarlar yox, interyer, sənaye, geyim, maşın dizaynerləri də istifadə edə bilər.

Dəzgahda müasir texnalogiyalardan biri isə masada iPod dəstəkləyicisinin olmasıdır. Düzdür bunu bir o qədər də vacib amil hesab etmək olmaz. Amma içi mən qarışıq, bir çox Memarlar musiqi ilə eskiz çəkməyi daha çox sevir. Bunu nəzərə alıb masada iPod dəstəkləyici əlavə etdim, və buna, kiçik, gizli Bose səsgücləndiriciləri də əlavə etdim.

Fikirləşə bilərsiniz ki, musiqini başqa yerdə də qoşmaq olar. Amma burada əsas məqsəd hər şeyin əlinin altında olmasıdır. Ümumən isə bu dəzgah Memarların bu masa arxasında işləməyi, başqa sözlə istirahət etmələri məqsədilədir. Adəti üzrə Memarlar işləyərkən həm də eyni vaxtda istirahət edirlərsə, deməli bizim masa işdən başqa həm də istirahəti, rahatlığı və komfortu təşkil etməlidir.

Xəttkeş Memarlıqda ən vacib “əmək aləti”dir. Bu səbəbdən horizontal və vertikal şəkildə yerləşdirilmiş xəttkeşlər vardır ki, onu sağa sola, yuxarı-aşağı çox asanlıqla hərəkət etdirmək mümkündür (7, 8). Eyni zamanda xətkeşi dərəcələrə görə tənzimləmək də mümkündür (9).

Digər növ xətkeşlər isə, məsələn, 45-lik, 30-luq, lekal, transporter və s.-ni masada görünməyən gizli siyirtmələrdə yerləşdirmək mümkündür. Adətən eskiz zamanı bunlardan az istifadə olunduğu üçün onları göz qabağında yerləşdirmək gərəksizdir, əlavə informasiya yaradıb Memarı yormaması üçün.

Eskiz zamanı lazım olan digər önəmli əşyalardan biri isə kalka kağızıdır. Bunu da ümumi rulon kağızın üzərində yerləşdirib, lazım gəldikdə çəkib çıxardaraq üzərində çəkməyə şərait yaratdım (10). Adətən klaka çəkildikdən sonra çırılıb kənarda saxlanıldığı üçün onu rulon halında saxlamağa gərək duymadım.

Masanın əsas ürəyi kağızdır. Memarın sonsuz ideyalarının tükünmək bilməməsindən ilhamlanıb kağızı da tükənməz etdim (11). Belə ki, rulon kağızı masaya yerləşdirdikdən sonra eskiz çəkdikcə, xüsusi dizayn olunmuş dəstəklərlə kağızı fırladırıq və yeni gələn ağ fona yeni-yeni ideyaları köçürürük (12). Bunun bir çox üstünlükləri var. Belə ki, bu masa çəkib götürmək üçün yox, hansısa ideyanı yaratmaq, inkşaf etdirmək üçündür. Deməli burada ağ fon laızmdır ki, dayanmadan yenilənə bilsin. Bu masada kağızın bitmə müddətini uzadırıq. Və rulon bitdikdən sonra da çəkilmiş bütün işlər rulonda qalacaqdır. Bu onların itməməsi baxımından yaxşıdır, eyni zamanda rulon halında eskizlər daha az yer tutur. Adətən Memarlar üçün çəkilmiş eskizləri saxlamaq problem olur, yer baxımından, onların kateqoriyalaşdırılması baxımından və s.

Əgər çəkilmiş hansısa eskizi götürmək istəsək onun bir neçə yolu var: ya onu kalka ilə cızma-qara edib götürəcəyik, ya kağızı altdan işıqlandırıb üzərində kopya edəcəyik, ya da sensor vasitəsilə kompyuterin yaddaşına həkk olunmuş eskizi printerdən çıxardacağıq. Başqa vaxtlarda isə tez nəyisə çəkib götürmək istəsək, əlbəttə adi A4, A3 götürüb masanın üzərində yenə də işəmək olar, fırlanan rulon kağızın üzərində işləmək vacib deyil, o sadəcə fondu, üzərində istədiyin qədər çəkə biləcəyin fon.

Başqa bir problem isə karandaşla işlədiyimiz vaxt, onu pozduğumuz zaman pozanın qalıqlarının kağız üzərində yığılıb qalmasıdır. Bunlar həttə elə çox olur ki, tez-tez qalıqları yığıb zibilliyə atmalı olursan, ancaq burada kağızın düz altında xüsusi oyuq vardır ki, qalıqları əlinlə siyirib oraya tökə biləsən (13). Həmin oyuğun içərisinə yerləşdirilmiş qab asanlıqla çıxır. Pozan qalıqları, karandaş qırıntıları və s. oraya yığılıb artdıqca asanlıqla onu çıxarıb təmizləmək olar.

Karandaşla işləyərkən laızm olan əşytalardan biri də karandaş yonandır. Bu prosesi daha sürətli və rahat etmək üçün masaya xüsusi elektron karandaş yonan dəlik yerləşdirilib.

Masa konstruktiv baxımdan ideal işlənməlidir. Ağac və metal hissələrin ağırlığı nisbətən çox olmalıdır ki, masa laxlamasın və aşmasın.

Bundan əlavə masaya xüsusi dizayn olunmuş və hər boyda olan insanın rahatlığı üçün tənzimlənə bilən stul da əlavə etdim. Hər ikisinin dizaynı bir-birinə yaxındır və əsasən XIX-XX əsr klassik üslubunda layihələndirilib ki, daha duyğulu olsun, insanı özünə çəksin. Masanın konstruktiv və estetik cizgiləri, eyni zamanda rəngləri də elə seçilmişdir ki, ümumi dizayn daha yetkin və istiqanlı olsun. Bunun üçün masanın səs dizaynı da xüsui işlənməlidir. Məsələn, rulonun dəstəklərini çevirdikdə mexanikanın səsinin gəlməsi, masanın tənzimləyəndə konstruktiv səslərin eşidilməsi də insana pozitiv hislər bağışlayır.

Bu masanı dəzgah adlandırmaqda məqsəd isə odur ki, məsələn digər sənət sahiblərinin – dərzilərin evdə öz tikiş maşınları olur, pionistlərin pianoları, rəssamların malbertləri və s. Memearların isə belə müasir tələblərə cavab verən dəzgahı yoxdur. Bu səbəbdən hər Memar üçün evdə öz şəxsi guşəsini yarada biləcək dəzgaha ehtiyyac var. Bu tələbatın yaranması isə son dövrlər kompyuterləşmiş dünyada Memarların əsil yaradıcı Memarlıq məşğuliyyətlərindən uzaq düşmələridir. Belə bir sual yarana bilər ki, nəyə görə bu cür texnaloji inkşaf dövründə son vaxtlar yaranmış konseptual elektronik masalardan istifadə etməyək, məhz bu masadan istifadə edək? Mənim fikrimcə və bir çox Memarların da təstiqləyəcəyi kimi, hər nə qədər elektron, toxunuşla işləyən cihazlar çıxsa da, real kağız və karandaşın yerini heç nə vermir. Bundan əlavə əlbəttə bəzi elektron əşyaları dəstəkləyən elementlər dizaynımızı daha da funksional və komfortlu edir.

Sonda isə demək istəyirəm ki, bu məqalə sadəcə eskiz formada olan ideyanın, arzunun məhsuludur. Bir insani varlıq kimi oturub-durduğumuz mühitin, ətraf aləmin bizə erqonomik uyğunlaşmasına ehtiyacımız var ki, Memar olaraq bunu nəinki tək özümüz üçün, bütün sənət sahibləri üçün yaratmalıyıq, bütün insanlar üçün özlərini xoşbəxt hiss edəcəkləri məkanlar, guşələr qurmalıyıq. Bizim Memarlıq qarşısındakı ali məqsədimiz bu olmalıdır