Qaraj loft

ünyan modernist Memarlığının daşıyıcı sütunlarından sayılan Le Corbusier Memar tələbələrə məsləhətində deyir: ilk layihələrinizi vaqon, kapsul evlər kimi mövzularda layihələndirin. İnsan yaşayışı üçün lazım olan ən minimal yaşam tərzini hər şeydən əvvəl öyrənin. Bu sözlərdən ilhamlanaraq növbəti layihəmi kiçik bir ailənin ən minimal yaşam tərzinin qurulması mövzusuna həsr etdim və müasir Azərbaycan ailəsinin alternativ yaşam yollarının nə dərəcədə mümkünlüyünü araşdırdım.

Bunun üçün Azərbaycanda çox geniş yayılmış maşın qarajına 2 və ya 3 nəfərdən ibarət olan kiçik ailəni yerləşdirmək qərarına gəldim və belə bir layihə ərsəyə gəldi.

Prototip qarajı məhəlləmizdə yerləşən, daxili ölçüləri 4×6 m olan qarajdan götürdüm. Və buraya mətbəx, istirahət, yemək, hamam, yataq guşələrini əlavə edib normal insanın yaşayışının təşkili problemini həll etməyə çalışdım. Və özlüyümdə əmin oldum ki, doğrudan da bu tip kiçik məkanda normal yaşam qurmaq mümkündür.

Fotoda prototip qarajım olmasa da, buradan mövcud orta səviyyəli Azərbaycanlının istifadə etdiyi qarajlardan bir neçəsini görmək olar. Bir halda ki, bizim yaradacağımız ev loft üslubunda olacaq, yəni köhnəni müasirləşdirərək kontranst Memarlıq yaradırıq, deməli bu tip köhnə və estetikası olmayan qaraj əslində bizə əsil lazım olan qarajdır. Belə yerdə müasir dünyanın təbələrinə cavab verən Memari toxunuş əlbəttə ki, Memar üçün izaholunmaz dərəcədə həzzvericidir. Oradakı hər bir qarışın qədrini bilmək, bir neçə variant işləyib sonunda həm texniki, həm estetik, həm də erqonomik qanunauyğunluğu tapmaq Memar üçün olduqca ilhamvericidir. Gəlin dəyişikliklər və əlavələrdən sonra əldə etdiyimiz plana nəzər salaq:

1 Həyət (Yard)

2 Giriş (Access)

3 Mətbəx Barı (Kitchen bar)

4 Qarderob (Wardrobe)

5 Mətbəx (Kitchen)

6 Yemək masası (Dining-room)

7 İstirahət guşəsi (Living-room)

8 Sanitar qovşağı (Bath room)

9 Kitabxana (Library)

10 Yataq otağı (Bed room)

Planlardan da göründüyü kimi bu evdə otaqlar sadəcə guşələrdən ibarətdir və bir güşə istifadəsinə görə digərlərinin bir hissəsi ola bilər və ya eyni məkan bir neçə məqsəd üçün istifadə oluna bilər. Məsələn, istirahət guşəsini əlavə 1 və ya 2 nəfərin də gecələməsi üçün istifadə etmək olar, yemək masası günün digər vaxtlarında iş masası kimi də istifadə oluna bilər və s.

Fikir verin evin daxilində bir dənə də olsun artıq və ya əskik heç bir şey yoxdur, əksinə ölçüləri kiçik olmasına baxmayaraq normal həyat üçün lazım olanların hamısı yer alıb. Təbii ki, belə bir yaşamı adi, heç bir dəyişikliyə məruz qalmamış qarajda da almaq olar, amma o, bir o qədər də effektiv olmaz. Bu səbəbdən qarajın yuxarı hissəsini çılpaq beton həcmdən ibarət dəmir-beton konstruksiya ilə artıraraq, binaya Memari ruh verdim. Üstəlik bu həcmdə 4 tərəfdən asılmış meydança layihələndirərək oranı yataq otağı guşəsinə çevirdim.

Bu artırılmış həcmin forması tamamilə iqlimə uyğunlaşdırılmışdır. Belə ki, yağıntılı iqlimə malik olan ölkəmizdə yağış və qar sularının axması üçün maili dama ehtiyac vardır, buna görə də dama müəyyən maililik verdim. Bu həm də ənənəvi Memarlığımıza müasir nəfəs verməkdir. Bundan başqa ölkəmizin təbii gün işığı ilə işıqlanması baxımından məyyən tələblər vardır ki, bunları həll etmək üçün məhz bu forma və həcmdən istifadə edərək işıqdan istədiklərimi ala bilərdim. Bu haqda bir az sonra…

Plana və fasadlara fikir versəniz pəncərələrin iki tərəfdə çoxluğunu və digər iki tərəfdə heç olmamasını görə bilərsiniz. Səbəb qarajın Bakı iqlimi üçün ideal istiqamətə tuşlanaraq yerləşməsidir. Belə ki, qarajın giriş hissəsi şərqə baxır. Beləliklə mətbəx və yataq otağı girişə baxmalıdır ki, səhərin enerji verən günəşindən qıdalana bilsin. Bundan başqa yay aylarında şərq günəşi qəbul edə-edə səhər yeməyini yeyə biləcəyimiz həyət və bu həyətdə səhər tezdən, gecə yarıya kimi xüsusi vaxtlarda istirahət etmək üçün masa da yerləşdirilmişdir. Eyni zamanda yay aylarında ev həm daxili, həm də xarici məkan kimi istifadə oluna bilər. Bunun üçün qarajın qapısı elə dizayn olunub ki, o ziq-zaq formada yığılaraq, evin bu hissəsinin tamamilə açıq olmasına şərait yaradır. Təsəvvür edin, yayın gün çıxımı birbaşa evə daxil olaraq evdə xüsusi bir canlılıq yaradır. Qaraj qapısı bağlı olduqda da, qapının üstündə yer alan kiçik pəncərələrdən evə işıq və təmiz hava daxil olur. Bu pəncərələr və tam açılmış darvaza tipli qapı eyni zamanda həyətdə yer alan bitki və ağacların kölgəsini içəri salaraq insanı pozitiv interyerlə qovuşdurur.

Evin cənuba və şimala baxan tərəfləri isə tamamilə bağlıdır. Həm qonşu qarajlarla, həm də pəncərəsiz fasadla. Buna səbəb ölkəmizin zərərli cənub günəşi və sərt şimal küləkləridir. Bu yolla evdə yay aylarında əlavə istinin və qış aylarında əlavə soyuğun içəriyə daxil olmasının qarşısını almış oluruq. Qərbə baxan hissədə də pəncərələr yer almışdır. Bu pəncərələrdən biri istirahət guşəsinə düşür, digəri vanna otağına. Ümumiyyətlə hər nə qədər ölkəmizdə vanna otağı pəncərəsiz həll olunsa da, orada görüntünün qarşısını kəsən, lakin işığı içəri keçirən xüsusi elementlərlə daxili həcmi daha canlı və rahat etmək mümkündür. Bu səbəbdən vanna otağına da kiçik pəncərə yerləşdirdim.

Digər pəncərə isə pilləkənin düz çıxış sonluğunda yer alır ki, bu da qərbin qırmızı gün işığını dairəvi pəncərədən keçirəcək və pəncərənin qalxma istiqamətində ellipsşəkilli işıq-kölgə əmələ gətirəcəkdir. Paralel olaraq bu pəncərənin təyinatı, pilləkənlə çıxan insanın duz divarlar birdən-birə qarşılaşmasını əngəlləmək və insanı uzaqlara baxmağa dəvət etməkdir. Sonuncu qərb pəncərəsi də yataq otağında xüsusi olaraq duyğulu, romantik günbatımı işığını interyerə salmaq məqsədi daşıyır. Beləliklə evdə qaranlıq heç bir yer qalmır.

Binanın üst artırılmış hissəsinin forması tək iqlim baxımından yox, həm də interyerdəki boşluğun həlli baxımından uğurlu forma sayıla bilər. Belə ki, yatağın baş tərəfinin, artırılmış hissənin ən hündür tərəfinə tuşlanmış olması, yatan insanın vizual olaraq daha geniş interyerdə yatması fikrinin formalaşması baxımından uğurludur. Şərqin günəşi də bütünlüklə yatağı əhatə edir. Eksteryerdən də, binanın formasına cazibədarlıq və xarizma qatır.

Belə bir ev layihələndiririksə istəsək də istəməsək də evin interyerini minimalist üslubda tərtib etməyə məhkumuq. Əslində bu məhkumluq yox, XXI əsr Memarı üçün bir növ ləzzətdir. Çünki, bu evin konkret məqsədi var, azərbaycanlını yeni həyat tərzi ilə qovuşdurmaq. Bizim cəmiyyətdə isə minimalizm üslubu hələ yavaş-yavaş inkşaf edir. Buna səbəb şərqli olmağımız və canlı, koloritli interyeri üstün tutmağımızdan irəli gəlir. Millətin xarakterini nəzərə alaraq elə minimalizm etməliyik ki, orada yaşayan şərqli insan xoşbəxt olsun. Bu səbəbdən də, hər nə qədər hiper minimalist dizayn etməyə gücümüz çatsa da, orada yaşayan şərqlini nəzərə alaraq interyerə müəyyən istilik, canlılıq qatmağa məcbur oluruq. Amma bu işi düzgün həll etmək lazımdır, Memarlığı, Memari əqidəni unutmadan. Ancaq “işim satılsın getsin” kimi alverçi fikri ilə yox, insanı xoşbəxt etmək kimi ali istək ilə, bir balaca interyerə duz qatmaq lazımdır.

Bu səbəbdən ucuz materiallardan başa gələn, canlı, koloritli xüsusi mebellərdən, detallardan və aksent yarada biləcək işıqlanma, stullar kimi obyektlər istifadə olunmalı idi. Divarları adi ağ rəngdə boya nəzərdə tutdum ki, ev daha geniş görünsün. Təbii ki, buradaki ağ, dümağ olsa idi interyerdə işıq çox olar. Bu səbəbdən evin daxili rəngini ağ boyaya bir az boz və göy çalarları qataraq müəyyən yumşaq ton almaq nəzərdə tutulub. Döşəmə beton olarsa ev daha minimalist görüntü yaradar. Amma iqlim baxımından sərt qışı olan ölkədə bu bir o qədər də uğurlu seçim olmaz. Bu səbəbdən döşəmənin prefabrik qarışıqlı xüsusi döşəmə olması nəzərdə tutulub. Eskizdən də göründüyü kimi, evdə divarlar, döşəmə və tavan əsasən rəngsiz, artırılmış divarlar və mebellər isə xüsusi şuxluğu ilə seçilən rənglərə malikdir. Pilləkən də həmçinin isti görüntü yaratması üçün taxta materialdan olsa da, daxilindən keçən metal karkas sistemi nəzərdə tutulub. Pilləkən burada həm interyerə heykəlvari obyekt kimi görüntü verir, həm də balaca məkanda böyük imkan yaradaraq funksional həll yaradır. Bu tip pilləklənlər artıq interyerlərdə xüsusi aksent kimi istifadə olunsa da, bizim interyerdə bu zərurətdən dizayn edilib. Başqa cür, yuxarı çıxış standartlara uyğun gəlməyən pilləkənlərlə həll olunmalı idi. Bu isə insan yaşamı üçün olduqca səhv addım olardı.

Belə bir ev tək yaşayış üçün yox, eyni zamanda incəsənət adamları üçün emalatxana rolunu da oynaya bilər. Düşünürəm ki, belə evdə yaradıcılıqla məşğul olan hər bir incəsənət adamı, digərlərindən bir addım fərqli yolla inkşaf edə bilər. Hər zaman Memarlıq insanı formalaşdırır. Xüsusilə yaradıcı insanların yaşayacağı, yaradacağı emalatxana da dövrünü qabaqlamış yeniliyə meyilli olarsa, orada yaşayan insana daha geniş perspektivlər vəd edə bilər.

Evin fasad materiallarına nəzər salsaq görərik ki, kiçik obyekt olmasına baxmayaraq 3 növ fərqli fasad materialı var və bunlar heç də biri birinə zid deyil. İlk olaraq evin özünü təşkil edən ağ fasadı əldə etmək üçün səthin kiçik qabarıqlarına diqqətinizi çəkmək istəyirəm. Adi mala ilə suvağın kortəbii işlənməsi və onun düm ağ boya ilə rənglənməsi, işıq-kölgə baxımından uğurlu mövqe tutan şəhərimizdə koloritlik yaratmaq qüvvəsinə malikdir. Üstəlik bu tip kortəbii üzlüklü Memarlıq heç vaxt stabil olmayıb, günəşin hər dəqiqə yerini dəyişməsi ilə, özü də dəyişkən olacaqdır. Bu isə evi daha canlı, daha rəngarənk edir. Binanın artırılmış hissəsi yüksək keyfiyyətlə işlənməyi tələb edən səthi betondur. Bu beton kənarda xüsusi qəlibdə tökülərək binaya bərkidilə bilər. Beton hissənin hazırlanması zamanı mütləqdir ki, istilik və su izolyasiyası nəzərə alınsın. Üçüncü fasad material isə, pilləkən yolunu təşkil edən Memari həcmdir ki, onu da şux, bir az şit qırmızı rəngdə təsəvvür edirəm. Bu rəng hətta bir az çəhrayıya çalan olmalıdır ki, beton və ağ suvaqlı fasada can versin, nəfəs versin, boğuculuğu aradan qaldırsın və bina öz şuxluğunu, cazibədarlığını nümayiş etdirə bilsin. Memarlıqda buna “binanın duzu” da deyirlər.

Qaraj qapısı boz rənglə rənglənmiş qara metaldan olmalıdır. Bunun da öz daxili izolyasiyası nəzərə alınmalıdır. Həyət hissəsinin döşəməsi beton plitələrlə nəzərdə tutulub.

Bir anlıq belə evlərin kütləvi istifadə üçün olduğunu düşünün. Burada iqtisadi baxımdan çox gəlir əldə etmək mümkündür. Bakının simvolu olma potensiyalına malik konpleks yaratmaq olar. Burada turistlər üçün ucuz evlər kirayə verilə bilər, tələbə yataqxanası kimi istifadə oluna bilər və ya incəsənət adamlarına bağışlanaraq, emalatxanalar küçəsi kimi istifadə oluna bilər. Buraya həm adi insanların marağı böyük olar, həm də turistləri cəlb etmək mümkündür. Memarlıq baxımından da bunu etmək asan və maraqlıdır. Hər evin artırılmış elementini başqa rəngdə layihələndirməklə həm fərqli insanların zövqlərinə görə onların istəklərini təmin etmək olar, həm də kənardan evlərə baxarkən cəlbedici ayrıcılıq əldə etmək olar.

Sonda isə bitkilərdən söhbər açmaq istərdim ki, istənilən Memarlıq yaradılarkən, dünyanın ən qədim və həyat verən canlılarını yaddan çıxarmaq olmaz.  Söhbət bitkilərdən gedir. Onlar o qədər ali və müdrikdilər ki, onlarla həm qlobal problemlərin qarşısını almaq olar, həm də onları Memarlıqda istifadə edərək, funksional elementə çevirmək olar. Burada bitkilərin əsas məqsədi, ayrıcılıq yaratmaq, təbii hasar rolunu oynamaq və interyerə öz kölgələri ilə daha canlı aura qatmaq məqsədlidir. Qapının yan rətəflərində yer alan işıqların gecə vaxtı işıqlandırması üçün dipçəklərdə yerləşdirilmiş, nisbətən hündür və xırda yarpaqlı kol tipli bitki, təbii çəpər üçün yer almış enliyarpaqlı bitkilər və s. Memar tərəfindən xüsusi sevgi ilə seçilərsə, daha düzgün layihə ərsəyə gələr. Düzdür, bitkilərlə çox məşğul olduqda Memarlıq yaddan çıxa da bilər :) amma istənilən halda bir Memar kimi təbiəti hər zaman düşünmək bizim vəzifə borcumuzdur, nəinki Memar kimi, bir insan kimi də biz təbiətə çox şeylər borcluyuq.

QEYD: hələ gerçəkləmşməmiş, arzu formasında olan layihəni vizuallaşdırmaq üçün köməyini əsirgəməyən dostum və həmkarım Rafael Quliyevə dərin təşəkkürümü bildirirəm