Eskiz 8-ci hissə (Urbanizm)

rban sözünün mənası şəhər deməkdir, Memarlıqda Urbanizm elmi isə şəhər mühitinin formalaşdırılması, şəhərdə yenidənqurmanın təşkili və s. kimi qəbul oluna bilər. Şəhərsalma, Memarlığın xüsusi elm sahəsidir və şəhərsalma Memarları, həcm Memarlarından fərqlənir. Buna baxmayaraq hər iki sahənin Memarları arasında sıx əlaqə olur və bu iki sahə biri-birindən ayrılmaz şəkildə işləyir.

Bu məqaləmlə sizə bəzi urbanistik obyektlər və onlara olan təlabatımız haqda söhbət açacağam. Belə ki, XXI əsr ötən əsrdən başalyaraq tam fərqli şəkildə inkşafı, qədimlərdən bu günə qədərki kəmiyyət fərqliliyi artıq dövlət və incəsənət adamlarının diqqətini özünə çəkməyə başladı. Bu o deməkdir ki, nüfuz artır, şəhərlərə kütləvi köçlər başlayır və əhali sıx şəraitdə yaşamağa məhkum olur.

Artıq burada incəsənət adamlarının işinə ehtiyyac yaranır ki, insanlar üçün toplanma məkanları, kütləvi istifadə yerləri, yeni şəhər mərkəzləri formalaşdırılsın. Bu həm də, insanların toplaşma məkanlarını ərazi baxımından parçalayaraq biri-birindən ayırmaq və daha iqtisadi-sosyal baxımdan əlverişli məkanlar əldə etməkdə bizə kömək olur.

Eksizlərdən də gördüyünüz kimi burada əsasən şəhər mərkəzi yarada biləcək xüsusi aksent rolunu oynayan Memari incəsənət obyektləri vardır. Bunların yaradılma məqsədi, şəhər mərkəzinə olan tələbatı ödəmək, az xərclə böyük istifadə yerləri təşkil etmək və s. -dir.

Belə urban-artlar böyük şəhərlərə nisbətən, ölkənin digər şəhərləri üçün daha əlverişli ola bilər. Məsələn, Ağsu şəhər mərkəzinin inkşafı bir yana, mərkəzdən kənarda belə obyektlərin inşaası həm şəhər mühitində bədii kontrast yarada bilər, həm də insanların ikinci toplanma mərkəzinə çevrilər. Yəni inkşaf etmiş şəhərlərlə yanaşı kiçik şəhərlərdə də bu tipli obyektlər istifadəyə yararlıdır.

Belə obyektlər unudulmuş yerlərin istifadəsi baxımından da əlverişlidir. Məsələn, Bakı ətrafı ərazilıərdə sovet vaxtında çox istifadə olunmuş, amma indi baxımsıq qalıb tərk edilmiş yerlərdə yalnız bu tip cəlbedici incəsənətlə insanların diqqətini çəkmək olar. Məsələn, Bakı bulvarı son 5-8 ilə qədər insanların diqqətini çəkmirdi, indi isə şəhər gəzintisinə çıxan hər 3 nəfərdən 1-i demək olar ki, yolunu dəniz kənarı bulvardan salır. Bu o deməkdir ki, ora əvvəlkinə nisbətən insanların tələblərinə daha çox cavab verir. Yeniliklər insanları cəlb edir, istirahət üçün guşələr yaradılıb və ən əsası insanların oraya toplaşması xüsusi “kütlə enerjisi” formalaşdırır. Bu da cəmiyyətin inkşafı baxımından əvəzolunmazdır.

Bu tip mərkəzlərin istifadəsi çoxfunksional ola bilər. Məsələn, yay kinoteatrı kimi, adi teatr tamaşaları üçün, sevgililərin görüş yerləri, dostların toplaşma məkanları kimi və s. Həmçinin burada kiçik mağazalar, park tipli infrastruktur da qurula bilər ki, məkan çoxfunksional olsun, insanalrın təkcə toplaşmaq yox, həm də digər təlabtlarını ödəsin.

Belə yerlərin əsas xüsusiyyəti onun təyinatının sadəcə insanları özünə cəlb etməkdən ibarət olmasıdır. Onların necə istifadə olunması isə insanların öz əlindədir. Hər şəhərin, rayonun və ya qəsəbə sakinlərinin ən çox təlabatı nəyədirsə, bu məkanlar da həmin təlabatın ödənilməsinə xidmət edəcəkdir. Məsələn, Bakıda köhnə 26 komissar bağının monumental abidəsi gənc və enerjili kütləni özünə cəlb edirdi. Hansı ki, həmin gənclər orada velosiped, konki, skeyt sürürdülər, əylənirdilər, vaxtlarını maraqlı keçirirdilər. Eyni zamanda ətrafdakılara da öz pozitiv enerji saçırdılar. Hal-hazırda oranın bütün enerjisi məhv edilmiş vəziyyətdə süni bər-bəzəklə “yeniliklər” qurulub. Həmin gənclərin bu gün harda toplaşması bir çoxlarına məlum deyil. O uşaqların ümumi görünüşü də, şəhərin mərkəzində göz oxşayan pozitivlik yaradırdı, şəhərə müasir görüntü verirdi, şəhər fonunda müasir ab-hava yaradırdı. Onlara baxan digər gənclər də onlar kimi dinamik, əyləncəli həyat arzulayırdılar. Amma indi oranın bütün enerjisi dağıdılıb və illərin canlı enerjisini bərpa etmək çox vaxt tələb edəcək. Həmin uşaqlar üçünsə hələ də avropa səviyyəsində, hər cür şəraiti olan elə bir yer yoxdur. Onların təlabatını ödəmək isə urbanist Memarların borcudur.

Başqa nümunə, Bakıda 28 mayda, indiki “28 Mall” TM yerləşən yerdəki köhnə qraffitilər yəqin ki, hər kəsin yadındadır. Orada gənclərin yaradıcılıq enerjisi ümumi şəhərə canlılıq qatırdı, nəinki indiki süni bər-bəzək. Başa düşmək olar ki, hər şəhərdə yeniliklər, dəyişikliklər baş verir və bu çox hallarda köhnə şəhər simvollarını aradan qaldıra bilər. Ancaq bu yeniliklər köhnəni dağıdıb yeni nəyinsə yaradılmasındansa, köhnəni saxlayıb və ya köçürüb yeni nəyinsə yaradılması kimi təzahür etsə daha yetkin şəhər mühitimiz olardı. Nə isə…

Haqqında söz açdığımız obyektlər insanın uzaqdan diqqətini  çəkir və insanları özünə cəlb edir. Burada həm də insan instiktinin işə düşməsi hesabına maraqlı məkan əldə etmək mümkündür. Belə ki, insan instiktində belə bir hiss var – təsəvvür edin ki, düzənlik bir sahədə dayanmısınız, siz burada yad və müvəqqəti olduğunuzu düşünəcəksiniz. Daha sonra ətrafınıza 4 ağac basdırdığınızı fikirləşin, bu zaman öz ərazinizdə olduğunuzu fikirləşəcəksiniz, bundan sonra isə həmin 4 ağacın üstünü nə iləsə örtdüyünüzü təsəvvür edin (parça, yarpaqlı ağac budaqları və s. ilə). Bu zaman isə sizə aid məkanda olduğunuzu düşünəcəksiniz, dörd bir yanı açıq olsa belə. Bu artıq Memarlıqdır.

İnsana xas hisslərdən yararlanaraq bu tipli üstübağlı müasir görünüşlü Memarlıqla, şəhər elementi ilə insanların daha pozitiv mühitdə yaşamasını təşkil etmək olar.

Bu tip məkanları təbiət içərisində qurmaqla həm bədii kontrast əldə etmək, həm də insanları təbiətə toxunmaları üçün yaxşı fürsət yaratmaq deməkdir. Burada ağaclar, süni göllər, təpəciklər yaradıla bilər, piknik üçün guşələr, uzanıb dincəlmək üçün məkanlar qurula bilər.

Bu tip konstruksiyaları hər ölkənin, millətin Memarlıq üslubunda da həll etmək olar. Və ya Şanxay eksposu kimi, yay sərgisi təşkil edib hər ölkənin pavilyonunu öz Memarlıq üslubunda çağdaş cizgilərlə layihələndirmək və insanların diqqətini sərgiyə daha da çəkməkdə yararlı ola bilər.

Başqa bir üstünlük isə məkan çərçivəsinin olmamasındadır. Məsələn, dəniz shilində, çimərlikdə, meşədə, şəhərin mərkəzində, dağlarda, çəmənlikdə – hər yerdə nəsə etmək olar, burada creativlik sonsuzdur və hər məkana, hər mövzuya uyğun nəsə etmək mümkündür.

İstənilən materialdan, rəngdən, fakturadan istifadə etməklə yetkin kompozisiyalar yaradıla bilər. Bunları hətta incəsənət məktəblərinin tələbələri üçün hər hansısa semestr tapşırığı da etmək olar. Bu həm tələbələrin bilik və təcrübəsi baxımından yararlı addım olar, həm də ölkə üçün, insanlar üçün tələbələrin hədiyyəsi. Belə şeylər saf, humanist cəmiyyətin qurulmasında vacib addımdır.

Başqa bir üstünlük barədə düşünək. Məsələn, sizin belə məkanda çəkilmiş fotoşəkilləriniz övladlarınızda olacaq və onlar bura gələndə 30 ilin, 40 ilin, 50 ilin enerjisini hiss edəcəklər. Təkcə öz valideynlərinin yox, burada ilk görüşlərini etmiş yeniyetmələrin, burada oynamış uşaqların, istirahət etmiş qocaların, ilk öpüşlərini yaşamış sevgililərin, ümumilikdə bütün insanların enerjisini hiss edəcəklər. Belə məkanlar insanalrın enerjilərinin qorunub saxlanması baxımından cəmiyyətə əvəzsiz töhfədir.