Memerlıqda saylar – Tək və Cüt rəqəmin fəlsəfəsi

apon Memarlığı dünyanın bütün Memarlıq ənənələrindən fərqlənən ali Memarlıq məktəbi hesab olunur. Onların fəlsəfəsi özünü həyat tərzlərində, dünyaya, insanlara və təbiətə baxışlarında göstərir. Sözsüz ki, bu xarakterin formalaşmasında Yapon Memarlığının yeri danılmazdır.

Qeyd edim ki, Yaponlar 19-cu əsrə qədər qədim Yapon Memarlıq ənənələrini yüksək səviyyədə qoruyub saxlayıblar. Daha sonra müasir Memarlığın yaranması ilə özlərinə məxsus qədim Memarlığı, müasir Memarlıqla birləşdirərək, dünyanın nadir Memarlıq məktəbini yaradıblar.

Yapon Memarlığı ilə yanaşı onların landşaft dizaynı da dünyanın digər ölkələrindən kəskin şəkildə fərqlənir. Ümumiyyətlə landaft dizaynı özlüyündə hətta Memarlıqdan da dərin fəlsəfəyə dayanır. Yaponları fərqləndirən cəhət isə, bilavasitə təbiətin özü ilə yaradılan gözəlliklər insan əli ilə yaradılmış süni bərbəzəkdən daha çox, illərlə özü-özünə formalaşmış ali təbiət görüntüsü verməsindədir.

Hətta belə bir söz vardır ki, “Yaponlar kimi landşaft dizayn etmək istəyirsənsə, mütləq onlardan kopyala, mümkün deyil ki, yapon olmaya olmaya onlar kimi dizayn edə biləsən… Və əlbəttə onu bil ki, nə qədər kopyalasan da, yenə də onlar kimi alınmayacaq, fərq hiss olunacaq”. Bu sözlər onların necə özünəməxsus yaradıcılığa və dərin fəlsəfəyə sahib olmasına gözəl nümunədir.

Ancaq biz onların müəyyən qayda-qanunlarından istifadə edib, fələsələrindən bəhrələnə bilərik. Bu gün sizə söz açacağım mövzu Memarlıqda Tək və Cüt rəqəmlərin insanda hansı hissləri oyatması haqda olacaq. Sayların özünəməxsus xüsusiyyətlərini daha aydın başa düşmək üçün landşaft dizaynına nəzər salacağıq.

Belə ki, aparılmış təcrübələrə əsaslanaraq qəbul edilmiş qaydaya əsasən, cüt sayda olan obyektlər insana daha konkret görünür, tək sayda olan obyektlər isə daha təbii görünüşlü olur.

Məsələn, bir bina dizayn etdiyinizi düşünün, və onun həyətində 4 ağac yerləşdirin. Bu vizual olaraq təbii görsənməyəcək, sanki, hansısa çərçivə daxilində bunu edirsiniz. Ancaq onu 3 ədəd etməklə daha təbii görünüş əldə etmiş olacaqsınız. Sanki ağacları kimsə əkməyib, təbiət özü onları orada yetişdirib. Yuxarıdakı maketə fikir versəniz görərsiniz ki, evin sol tərəfində 3, sağda isə 4 ağac var. Bu sayların iki tərəfdə yaratdığı fərqlər göz qabağındadır.

Sözsüz ki, təbiət özü də tək və ya cüt saylarla özünü göstərə bilər, amma adətən saylarla məşğul olan insanlar tək rəqəmi sevmir. Bu normaldır, onunla simmetriya yaratmaq çətindir, modul sistemlərinə uyğun gəlməyə bilər və s. Bu səbəbdən cüt rəqəmlər hesablanmış, ölçülüb-biçilmiş hesab edirlir, cüt rəqəmlə işləmək daha asan və rahatdır. Ali təbiət isə heç zaman heç nəyi özünə asanlıq olması üçün hesablamır, mövzumuz sadəcə insan gözünün və beynin qəlbulediciləri və qavraması sirrlərindən bəhs edir. Bir halda ki, landşaft dizaynı edərək təbiətdən bir parça yaratmaq istəyirik, deməli təbiətin qaydaları ilə getsək, vizual olaraq təbiətə daha yaxın görünüş əldə edə bilərik (təbiətin qaydaları dedikdə, insan qavrayışı, görmə və hiss etmə qabiliyyəti nəzərdə tutulur).

Bu barədə araşdırmalar edərkən daha dərinə gedib maraqlı bir neçə nəticəyə gəldim və bunları sizinlə bölüşmək istəyirəm. Bir halda ki, təbiətin bölgü hesablamaları ilə arası yaxşı deyil, tək rəqəmlər vizual olaraq daha təbii görünür, deməli sadə ədədlər nisbətdə ondan da təbii görünəcəkdir. Belə ki, məsələn, 9 rəqəmi tək rəqəmdir, amma onu 1,3 və 9 hissəyə bölmək olur. Və ya 15 rəqəmi, onu da 1,3,5 və 15 hissəyə bölmək olur (burada maraqlı məqam odur ki, bu rəqəmlər tək olduğu kimi, bölündükləri hissələr də tək rəqəmlidir). Amma bir də sadə ədələri fikirləşin. 9-un bizə verdiyi ilə 7-nin verdiyi effekt tam fərqlidir. Və ya 15-in bizə verdiyi ilə 11-verdiyi effekt arasında kiçik də olsa fərq var və bu fərq bizi məqsədimizə bir addım daha yaxınlaşmağımıza kömək edəcək.

Qeyd edim ki, məqalədə dünyanın ən böyük minimalist Memarı – Alberto Campo Baeza ‘nın layihələrindən istifadə etmişəm. Memar tək və ya cüt olmasından asılı olmayaraq ağacları bir xətt üzərində yerləşdirir, həyətdə konkret modula uyğunlaşdırır. Bunun səbəbi binanın memarlığındadır. Konkret xəttlərə sahib olan ev üçün bu cür landşaft uyğundur. Amma tək sayda ağac əkərkən çalışın onu bir xətt üzərində yerləşdirməyin. Eyni zamanda da cüt saydan istifadə etmək istəsəniz onu müəyyən modul əsasında sıra ilə düzərək verəcəyiniz effekti daha da gücləndirmiş olarsınız. Belə ki, ancaq tək və ya cüt rəqəmlərlə yox, eyni zamanda ağacların sıra ilə düzülüb-düzülməməsindən asılı olaraq verəcəyimiz effekti artıra bilirik.

Son nəticə kimi, tək rəqəmlər cüt rəqəmlərə nisbətdə daha təbii görüntü yaradırsa, sadə ədədlər də tək rəqəmlərdən daha təbii görüntü verir, eyni zamanda ağacların (və ya hansısa Memarlıq elementinin) sıra ilə düzülüb-düzülməməsi də “təbiəti layihələndirməyimizdə” təbii görünüş əldə etməyimizə kömək olur.