Memarlıqda heykəllər ( I hissə )

Bundan əvvəlki yazımda insan modullarına uyğun order sistemlərindən söhbəti, bu sütunların  davamçıları olan sütun heykəllərdən və ümumiyyətlə memarlıq obyektlərində işlənən heykəllər barədə davam etmək istiyirəm.

Qeyd edildiyi kimi insan mütənasüblüyü üzərində qurulan sütunlar getdikcə daha da xırdalıqlara qədər insanı əks etdirməsi, sonralar sütunları real insan heykəlləri ilə əvəz olunmasına gətirib çıxardı. Bu heykəllər daşıdığı ağırlığa görə qadın və ya kişi obrazları ilə nümayiş olunurdu.

Bunlar memarlıqda Kariatida (qadın fiquru) və Atlant (kişi fiquru) adlandırılır. Kariatidalara aid yegəna nümunə Afinanın Akropol yüksəkliyindəki Erexteyon məbədində qorunub saxlanılır.

Atlantlar isə nisbətən çox rastlanan konstruktiv elementlərdir. Məsələn Siciliya adasındakı Zevs məbədinin damının yaratdığı ağır yükü atlantlar saxlıyır.

Kompazisiya baxımından atlant və kariatidaların modul ölçülərini yada salmaq yerinə düşərdi. Məsələn həmin Zevs məbədinin atlatları 8 modulluq sistemlə həll olunmuş olsaydı bu, nə güclü Zevsə nə da ağır binanın xarakterinə uyğun gəlməzdi. Amma 6 modul onu daha da əzəmətli edir. Eyni qaydada kariatidalar da 8 modulluq incə sistemlə qurulub (modul anlayışı haqda bundan əvvəlki məqalədə məlumat var, buradan oxuya bilərsiniz).

Güc simvolu olan Zevs məbədindən fərqli olaraq Sankt-Peterburq şəhərindəki Ermitaj muzeyinin yüngül həll olunmuş giriş portalında isə başqa modullarla qurulmuş atlantlar mövcuddur. Nisbətən yüngül yük qaldıran həmən atlantların əzələləri az gərginlikdədir və onlar incə fasada uyğun olaraq 8 modulluq sistemlə həll olunmuşdur.

Heykəl – sütunlar mütləq binanın xarakterinə uyğun olaraq ucaboy, qısaboy, kök, arıq, əzələləri az və ya çox gərgin ola bilərlər. Memar bu xüsusiyyəti ciddi nəzərə almalıdır.

Gələcək yazılarımdan birini Azərbaycandakı heykəl elementlərinə həsr edəcəm ki bu da fikrimcə çox maraqlı olacaq. Çünki Azərbaycanın 20-ci əsr memarlığı bu baxımdan zəngindir.

QEYD: mətni yazarkən K.Ə. Ağabəyovun “Təsviri Sənətdə İnsan Amili” kitabından istifadə etmişəm.