Pair Dwell

undan əvvəlki mövzuda haqqında söz açdığım, birlikdə işlədiyimiz Amerikalı memarların vətənlərinə istirahətə getməsi, mənə eksperimentlər etmək üçün fürsət yaratdı və qarşıma çıxan köhnə klauzuralarımdan birini kompyuter qrafikası ilə yığmaq, bir az da əl gəzdirmək qərarına gəldim.

Əvvəlki eskizlər haqda olan məqalələrimdə rastınıza çıxan bu kiçik evə Pair Dwell adını verdim. Mənası “cütlüklərin, sevgililərin yaşayış evi” mənasına gəlir. Evin təyinatı sadəcə iki nəfər sevgilinin, nişanlının və ya ər-arvadın bir yerdə tətil, bal ayı və ya cəmiyyətdən uzaqlaşmaq məqsədli yaşamasına xidmət edir.

Bu elə evlərdəndir ki, bunu hər kəs az büdcə ilə özünə “subay evi” kimi tikdirə bilər. Və ya belə bir ev xarici ölkələrdən gəlmiş cütlüklər üçün kirayə verilməyə olduqca yararlı ola bilər.

“Azbüdcəli” sözünü işlətməyimin səbəbi, evin minimumlarla dizayn olunması olsa da, bu tip evlərin hər bir detalı – mebelləri, işıqlanma avadalıqları, texniki əşyaları, tikinti materialları və s. yalnız ekskluziv olarsa evin mahiyyəti tamamlanmış olar. Azbüdcəli – yəni hər şeyin yaxşısı, amma kiçik ev üçün.

Evin yerləşdiyi yer:

Abşeron yarımadasının şimalında, məsələn, Buzovnada yerləşə bilər. Bir az şərqdə, Dübəndidə də yeləşə bilər. Və yaxud da Bakıda, Bayıl təpəliklərində, Bakı buxtasının Əhmədli hissəsində və s.. Elə yerdə olmalıdır ki, evin iki açıq tərəfi Şərqə və Qərbə baxsın. İki qapalı tərəfsə, Şimala və Cənuba. Amma dəniz (meşə, dağ və ya şəhər. Əsasən dəniz) mənzərəsi görməlidir. Evə daxil olan üzmə hovuzunu “infinity” etməyimin səbəbi də budur. Bu cür hovuzların xarakterik xüsusiyyətlərini bir azdan diqqətinizə çatdıracağam.

Əslində hər bir layihənin öz yeri olmalıdır və əvvəlcədən bina bu yerə uyğun layihələndirilməlidir. Nəyisə layihələndirib, onun bir neçə məkana uyğun gəldiyini demək bir qədər yalnışmış kimi səslənir. Ancaq nəzərə almaq lazımdır ki, bu ev kiçik evdir və ümumi qəbul olunmuş iqlim satandartlarımıza cavab verir ki, bunu da şəhərin bir neçə nöqtəsində əldə etmək olar.

Evin Memarlığı:

Evi minimalizm üslubuna aid etmək olar. Çünki fasadda və interyerdə artıq heç bir dekorativ elementdən istifadə olunmayıb. Hər bir cizgi fuksionalığa, minimallığa və mövzunun fəlsəfəsinə xidmət edir. Evi daxildən heç bir qapı pəncərə ayırmır. Burada divarlar məkanları kəsmək üçün yox, sadəcə məkanları ayıran boşluq yaratmaq üçündür. Və bu ayırıcı divarlar fasadda da özünü göstərərək bir növ daxili saflığını ortaya çıxarır.

Binanın fasadına baxarkən binanın 4 hissədən ibarət olduğunu görə bilərik. Birinci hissə kiçik giriş fünksiyasını daşıyır, ikinci daha böyük olmaqla evin əsas hissəsini, istirahət bölməsini təşkil edir. 2-ci və axırıncı hissə arasında keçid hissə, vanna otağı vardır. Onun hündürlüyü də elə seçilib ki, binanın ən hündür olan ikinci hissəsi ilə ən aşağı hündürlükdə olan 4-cü hissəsi arasında keçid yaratsın. Buranın, yəni binanın 3-cü hissəsinin fasad görünüşündə xüsusi qapalılıq yarada biləcək fasad jalüzündən istifadə olunub. Bu da öz növbəsində iki həcm arasında ayırıcı xüsusiyyət daşıyır.

Binaya qarşıdan baxarkən 2,3 və 4-cü hissənin necə yüksələn xətlə inkşaf etdiyii görürük. 1-ci hissə burada tarazlığı qorumaq üçündür. Əks halda evin 2-ci hissəsi çox ağır baxılar.


Sözügedən həcmləri ayıran başqa bir ünsür isə, təbi daşdan hörülmüş divardır. Bu daş minimalist dizaynda kontras yaradan xüsusi ünsürdür. Dördbucaqlı formada kəsilmiş bu üzlük material məşhur Bakı daşından əldə oluna bilər. Əsas xarakteri kələ-kötür olmasında və bir birindən ideal şəkildə 1,5 sm aralı düzülməsindədir. Bu daş həm şərqin həm də qərbin, gün çıxımı və günbarımı vaxtı kənardan düşən təbii gün işığı ilə olduqca ecazkar kölgələr yaratmağa qadirdir. Bu daş lövhənin bir tərəfi istirahət guşəsinə, digər səthi isə vanna otağına düşür. Vanna otağının bir divarının bu formada çılpaq görünüşü xüsusi estetiklik yaradır. Bundan əlavə bəzi günlər vanna otağında şam işığında xüsusi aura yaratmaq üçün istifadə olunarsa, şam işığının daş divarda oynaması və xüsusi kölgələr yaratması olduqca ecazkar görünəcəkdir.

Binanın 4-cü hissəsinin yerdən qalxmış görüntüsünün fəlsəfəsində, yapon memarlığı dayanır. Yaponlar bildiyimiz kimi dünyanın ən dərin fəlsəfəsinə malik xalqıdır, ələxsus da memarlıq fəlsəfəsində. Onların fikrincə yatağın altında ən az 20 sm boşluq olmalıdır ki, enerji axını daha düzgün təşkil olunsun. Bu fəlsəfədən ilhamlanaraq, evin yataq otağı yerləşən hissəni yerdən bir qədər havaya qaldırdım. Bu həm də, evin digər hissəsinin yerdə oturmasına zidd görünüş verərək tənzimləyici xüsusiyyət daşıyır.

(Məşhur Memar Richard Meier’in sözləri yadıma düşdü. O layihələndirmənin ən çətin işlərindən biri kimi binanı yerlə əlaqələndirməkdə görür. Bunun üçün müxtəlif variantlar var. Ev birbaşa yerdə otura bilər, yerdən qalxmış ola bilər, binadan yerə keçid hissə artırıla bilər, bina yerin boşluğuna girmiş təəssüratlı ola bilər və s.)

Geometriya:

Hər bir memarlıq təbiətin qayda-qanunları ilə hərəkət edərsə, o dünyaya daha yaraşan memarlıq olar. Bunun üçün bina insana, ağaca, bitkilərə ümumiyyətlə təbiətə oxşamalıdır. Bunun üçün Tanrının təbiət üzərində yaratdığı riyazi hesabatların binanın xarakterini təyin edən cizgilərdə olması vacibdir. Bu səbəbdən, təbiətin bütün gözəlliklərində yer alan, həmçinin ideal insanın mütənasibliklərini təyin edən Qızıl Bölgü adlandırdığımız riyazi hesabatı, həmçinin Palladio ritimləri adlandırdığımız musiqi ritmlərinin memarlıqda əksindən istifadə etdim:

Evin bütün fasadlarında yer alan ideal insan bölgüsü – 1,618 nisbəti (Qızıl Bölgülər)

Giriş hissənin – Portalın bu mütənasiblikdə olmasına xüsusi fikir verilməlidir. Çünki içəri daxil olan insan bu mütənasibliyi görəndə, hiss edəndə onun duyğusal aləmi tamamilə dəyişir və səmavi enerji axını daha da güclənir. Adətən məscid, kilsə ümumiyyətlə məbəd layihələrində portalı belə edirlər. Məsələn, Təzə Pir məscidinin portalını, memar Zivər bəy Əhmədbəyov Qızıl Bölgü ilə verib ki, ibadətə gələn insalar daha düzgün enerji mübadiləsi edə bilsinlər.

Musiqidə də çox işlənən Palladionun Aktava ritmlərinin fasadda “oynaması” (ön və arxa fasadda eyni proseslər təkrarlanır)

Musiqidən gəlmə Palladionun növbəti tapıntısı – Kvinta ritmləri (ön və arxa fasadda)

Bəşəri simvol sayılan dairənin hədəsi qarşılığı olan Prima ritmləri (ön və arxa fasadda)

Giriş hissə:

Evə girişi xüsusi vurğulamaq lazım idi. Bunu əldə etmək üçün, düşündüm ki, minimalist ağ, düz və iri həcmli divara ən gözəl paslı dəmir üzlük yaraşar. Bu material Azərbaycanda demək olar ki, istifadə olunmur. Amma minimalizmə “can” verən bu material evə həm kəskin kontras, həm də istilik qatır. Bir növ evin “ciy” görünüşünü aradan qaldırır.

Girişin bu cür dizayn olunması isə 2-ci kurs otel layihəmdən gəlir. İlk dəfə o layihədə bu formanı yanğın çıxışlarında istifadə etdikdən sonra qərara gəldim ki, mexaniki xarakter vermək üçün bu dizayn, digər işlərimdə də kömək ola bilər. Xüsusilə materialın paslı olması, üzərində boltların qabarıq çıxıntılı dizayn edilməsi və ümumi formanın dizaynı sanki hansısa köhnə zavod elementinin tam səliqəli və minimal evə birbaşa yapışdırılması, güclü kontras yaratmağa qadirdir.

Evin bu hissəsində yağış sularının axmasını tam çılpaqlığı ilə həll etdim. Belə ki, bu hissədə heç bir yağış sularının axıdılması üçün xüsusi bir şey yoxdur. Çünki paslı dəmirin üzərinə kortəbii şəkildə axan suyun effekti daha saf və ehtiraslı görünür. Buna zarafatla “İslanmışın yağışdan nə qorxusu?” misalını çəkmək olar, onsuzda material paslıdır :) Təbii ki, bu sular paslı dəmirin üzərindən axıb düm ağ divara dəysə çirk əmələ gətirər və birləşmə yerində çatlar yaranar. Bunun qarşısı alınacaq şəkildə su giriş hissənin damından kənarlaşdırılmalıdır.

Materialların bir-biri ilə əlaqələndirilməsi də ən az həcmlərin əlaqələndirilməsi qədər vacib məsələdir. Məsələn, nümunədə də göründüyü kimi paslı materiallı giriş hissəni “ağappaq” divara birbaşa birləşdirsə idim, bu o qədər də uğurlu alınmazdı, bunun yerinə iki həcmi aralı göstərib, gizli əlaqə vasitəsilə bu iki həcmi birləşdirməyim bədii cəhətdən daha gözəl tamamlanmış oldu. Yerlə əlaqəsi isə havaya qaldırılımış olmasıdır ki, bunun səbəbi otla paslı dəmirin bir-birinə yaraşmamasıdır və bu qalxma ümumi mexaniki effekt yaratmaq məqsədilədir.

Pilləkənlər:

Yuxarıda sözügedən iki həcmi (giriş hissə ilə əsas hissəni) bir-birindən ayırmağın fəlsəfəsi evin pilləkənlərində də özünü göstərir. Evdə 3 yerdə, 2 növ pilləkəndən istifadə olunub. Birincisi evə daxil olduğumuz pilləkəndir ki, onun materialı qara mat dəmirdəndir və evin giriş hisəsinə birləşmir. Səbəbi məlum olduğu kimi, iki kəskin fərqli material bir-birindən nə qədər ayrı qalsa bir o qədər estetik görünməsindədir. Bundan əlavə, kim bizi məcbur edə bilər ki, bütün həcmlər bir-birindən bərk-bərk yapışsın? Artıq XXI əsrdir, və biz layihədə bir çox xətti biri-birindən ayrı dizayn edə bilərik. Buna müasir texnalogiyalar və konstruksiya imkan verir.

Eynilə bu prinsiplə evdən həyətə düşən pilləkənlər dizayn olunub. Bu pilləkənin də hər pilləsi biri-birindən ayrı olmaqla, evə birləşmədən dizayn edilib. Materialı isə ağ cizgili tünd qara mərmərdir.

İnteryer:

Evin planına nəzər salaq:


Burada,

  1. Giriş (Access)
  2. Mətbəx (Kitchen)
  3. Yemək zonası (Dining Room)
  4. İstirahət zonası (Living Room)
  5. Vanna otağı (Bath Room)
  6. Qarderob zonası (Wardrobe area)
  7. Yataq zonası (Bed Room)

vardır. Fikir versəniz hər məkanı zona olaraq adlandırıram, otaq olaraq yox. Çünki bu ev bir bütündür və onu ayıran hər-hansısa qapı, pəncərə, divar və s. yoxdur. Daxildəki divarlar sadəcə məkan, boşluq (space) yaratmaq üçündür.

Evi layihələndirərkən ustad memar – Mies Van Der Rohe’un minimalizmin şüarı olmuş sözləri ilə hərəkət edirdim. Less is More (Az Çoxdur). Bir müddət evin üzərində işlədikdən sonra başqa böyük memar Robert Venturi’nin sözlərini xatırladım – Less is a Bore (Az Darıxdırıcıdır). Bu səbəbdən evin əsas həcminin hündür olmasından istifadə edərək evə azsahəli 2-ci mərtəbə əlavə etdim. Bunu aşağıdakı eskizdən görə bilərsiniz. Burada kitab oxumaq və iş görmək üçün guşə var. Təbii ki, bu cür istirahət evində bunlar olmasa da olar. Metal konstruksiyadan artırılmış bu hissəni evin satış paketinə daxil olub olmamasını sifarişçi özü müəyyən edir. O zonanı başqa məqsədlər üçün də istifadə etmək mümkündür, məsələn daha qeyri-rəsmi istirahət guşəsi kimi. Buranın üstünlüyü ondadır ki, bura daha hündürdədir və mənzərəyə daha uzaq panorama verir, gün işığını isə sadəcə səhərlər qəbul edir. Digər vaxtlar bura tam kölgəli istirahət məkanı olur və evin hər iki tərəfinə baxır, həm giriş hissəyə, həm də evin mənzərəyə baxan hissəsinə.

Evin divarlarının mühafizəkarlıqdan uzaq olmasına bir nümunə də, vanna otağına və ümumi otağa açılan xüsusi işıq pəncərələridir. Bu pəncərələrin təyinatı, ağır görsənə biləcək həcmlərin havada uçurmuş kimi təəssürat yaratması və işığın interyerə ecazkarcasına daxil olmasına şərayit yaratmasıdır.

Qeyd etdiyim kimi, evin hər bir detalı ekskluziv olaraq seçilməlidir. Aşağıdakı eskizdə hər mebelin fotoşəklini, rəngini, siyahıda isə adını və kodunu görə bilərsiniz (şəklin üzərinə bir dəfə mausla sıxmaqla daha böyük formatda mebelləri, dəqiqliklə görmək mümkündür).


Burada ilk fotoda Louis Poulsen markasının ən məşhur çilçıraqlarından biri olan Artichoke‘un ağ rəngini görürsünüz. İkinci fotoda Artemide brendinin Tolomeo masa üztü lampasının boz rəngini görürsünüz. 3-cü fotoda dizaynerləri dünya şöhrətli Charles and Ray Eames cütlüyününü Rar Fiberglass stulu yer alır. Müvafiq olaraq;

4 -cü fotoda Donna Chair,

5 -də dünya şöhrətli Memar Le Corbusier’in The Lounge Chair stulunun yataq otağı üçün nəzərdə tutulmuş qara rəngini görürsünüz,

6 – yenə Louis Poulsenə məxsus Floor AJ modeli yer alır,

7 – Panton Chair fiber stulu,

8 – Bose markasının musiqi mərkəzi,

9 – Dünya şöhrətli Memar Mies van der Rohe’un Barcelona Chair Ottoman‘ı,

10 – Louis Poulsenin PH5 modeli,

11, 12 –  Bose markasının heç bir əlavə qurğu olmadan 3D səs yaradan TV buraxılışı,

13 – Tulip Side Table,

14 – Le Corbusierin istirahət guşəsi üçün nəzərdə tutulmuş The Lounge Chair‘in tüklü dəridən olan orijinal modeli,

15 – Döşəmə üçün nəzərdə tutulmuş mərmər modeli, hansı ki, pilləkənlərdə də həmin bu mərmər haqda söz açmışdıq,

16 – XX əsrin ən böyük hekəltəraş-dizayneri olmuş İsamu Noguchi’nin dünya şöhrətli Coffee Table modeli,

17 – Memar Mies van der Rohe’un Barcelona Chair stulu,

18 – Apple şirkətinin Macbook Air masaüstü kompüteri. Görürsünüz ki, bütün bunlar qeyd etdiyim kimi, ekskluziv interyer üçün əvəzolunmaz mebel və texnalogiyalardır.

Yataq otağını qarderobla ayıran bir divar var, hansı ki, o divar yan və üst tərəfdən heç bir başqa divara toxunmur, yerlə əlaqəsi də vizual olaraq havadadır. Bunun səbəbi görünüş baxımından tam yüngül forma əldə etməkdir. Materialı isə ağır xarakterli brut betondur ki, bu da yüngül formalı həcmlə bədii ziddiyyət təşkil edir. Bu divarın təyinatı yataq otağı ilə qarderob hissə arasında ayırıcılıq yaratmaq və üzərində ev kinoteatrı yerləşdirməkdir. Divarla üzbəüz yerləşdirilmiş yataqdan izləmək üçün TV əvəzinə ev kinoteatrı yerləşdirdim ki, daha əyləncəli məkan əldə edim. Buradan TV-ə xüsusi keçid, müxtəlif video oyunları üçün ayrıca çıxış və 3 ölçülü səs avadanlığı quraşdırılmış kinoteatr mövcuddur.


Yataq otağı bu evin ən vacib hissələrindən biridir. Bu səbəbdən ora üçün həm maraqlı ola biləcək, həm də fəlsəfi elemet lazım idi. Bu tələbi tavan pəncərəsi ilə həll etdim – yatağın ölçülərinə uyğun olaraq 2×2 m. olan və düz yatağın üzərində qərarlaşan tavan pəncərəsi. Bu pəncərənin təyinatına, işıqlanma, səmanın, buludların, ayın və ulduzların seyiri, yağış səsini hiss etmə və səmavi enerjinin yatağa birbaşa keçməsi daxildir. Heç bir kəsintisi olmayan belə list şüşəni qarın ağırlığından qorumaq üçün maşınlarda da istifadə olunan xüsusi qızdırıcı xəttlərdən istifadə olunub. Bu yolla qar əridilir və xüsusi kanallarla səthin üzərindən kənarlaşdırırlır.


Detallar:

Evi daha koloritli etmək üçün istirahət zönasında buxarı yerləşdirdim. Bu həm istilik, həm interyerdə və eksteryerdə görünüş baxımından əlavə üstünlüklər verir. Belə ki, sobanın borularını fasadda xüsusi detal kimi işləməklə, bir növ layihənin süjet xəttini tamamlamış olursan.

Layihənin bir başqa elementi isə evin nömrəsinin iri yazılarla göstərilməsidir. Bunun səbəbi, evin təyinatındadır. Bu ev ilk növbədə “narahat edilməməli” ev olduğu üçün mənzilə aidiyyatı olmayan insanlara uzaqdan informasiya vermək funksiyasını daşıyır. İkinci tərəfdən rəqəmlərin evə verdiyi müasirlik effektdir ki, bu da evə xüsusi duz qatır. Material baxımından giriş hissənin pilləkəni ilə eyni materialdadır – qara-mat dəmir. Gecə rəqəmlərin arxadan gizli işıqlanması da evə xüsusi estetiklik qatır.

Hovuz:

Yuxarıda da qeyd etdiyim kimi evin hovuzu “infinity pool”dur. Bunun mənası ingilis dilindən tərcümədə sonsuz, ucu-bucağı olmayan hovuz deməkdir. İnfinity hovuzlarının təyinatı – dənizə baxan hovuzun bir tərəfi elə dizayn olunmalıdır ki, hovuzu əhatələyən “çərçivə” (hovuz kənarı), dənizə baxan hissədə olmasın. Bu hovuzu dənizlə vizaul olaraq birləşdirməyə kömək edir. Və hovuzda üzərkən, özünü sonsuz dənizdə kimi hiss edirəsən. Hovuzu bu formada yerləşdirmək üçün ərazidə yüngül relyefin olması yaxşıdır.


Bundan əlavə dənizə baxan hissəni çərçivəsiz etməklə yanaşı, layihədə göründüyü  kimi həmin divarı şüşədən etməklə daha ecazkar dizayn əldə etmiş oluruq.

Hövuzun ölçüləri də ümumi evin ölçü və mütənasibliklərinə uyğun həll edilib.

Kompozisiyanın Fəlsəfəsi:

Evin fəlsəfəsinin kökündə yatan fikir onun funksiyasından irəli gəlir. Bir halda ki, bu ev cütlüklər üçün layihələndirlib deməli, ümumi memarlıq fəlsəfəsi də bu mövzuya xidmət etməlidir. Binanın əsas fasadına fikir versəniz, burada iki forma biri-birinin daxilinə keçmişdir. Bu iki formanı obrazlı olaraq kişi və qadın adlandırmaq olar. Onların bir-birilərinə münasibətini əks etdirən cizgilərin mahiyyətini belə izah edərdim:

Bu iki yarım forma bütövlükdə iki ayrı tam kvadratdır. Tam, ideal kvadratın mahiyyəti isə bizə təsviri sənətdə qədimlərdən müasir dövrümüzə qədər hansı ilahi mənanı kəsb etdiyi yəqin ki, aydındır. Məşhur rəssam Kazimir Malevich’in qara kvadrat rəsmini yəqin ki, xatırlayırsınız. Bu əsərin mahiyyəti ondan ibarətdir ki, ideal kvadrat bəşəri simvoldur. Rəssama qədər bunu heç kim bu tərzdə tam çılpaqlığı ilə nümayiş etdirməmişdi.

Tam kvadrat musiqidə prima notunun qarşılığıdır ki, bu da onun eyni zamanda tam dairə mənasını kəsb edir. Bu o deməkdir ki, tam kvadrat (dairə) dünyavi və bəşəri simvoldur. Təbii ki, dünyanın və bəşəriyyətin mərkəzində insan dayanır. Evdə iki kvadrat təsvir olunub. Böyük olan kişinin, nisbətən kiçik olan isə qadının simvolunu əks etdirir. Və bu iki kvadratın bir-birinin içərisinə keçməsi bəşəri hadisənin memarlıqda bədii təzahürüdür.

İki formanı birləşdirən düz xəttli dik divar və bu divarda olan buxarı isə sevgililərin ehtiras və atəşli məhəbbətləridir ki, bu düz forma səmavi enetji anteni rolunu oynayaraq sevgini ilahiləşdirir. Sərt görünüşlü daş divar isə bu iki sevgilinin ayrılmaz olmasına işarədir.