Kölgə oyunu

undan bir neçə məqalə əvvəl Memarlığı Bəstələmək haqda yazıb, memarlığa bir az fərqli baxışa nəzər saldıq. Bu səfərki məqaləmin də mövzusu bu sislilədən olub, memarlıq duyğusunu artıran vasitələrdən biri haqda olacaq. Söhbət memarlıqda işıq-kölgə oyunundan gedir. Məşhur memar Corbusierin bir sözü yadıma düşdü – “Memarlıq müxtəlif həcmlərin işıq altında müxtəlif oyunlarıdır”. Ümumiyyətlə işıq bizim yaşadığımız həyatın ayrılmaz bir hissəsidir. İnsan yaşamı ilə yanaşı, işıq və kölgə, həm də incəsənətdə olduqca mühim rol oynayır.

Əlaxsus da Memarlıqda işıq və kölgə vasitəsilə kompozisiyaya tamamilə yeni görünüş verə bilərsiniz. Düzgün qurulmamış işıq-kökgə “oyunu” ilə layihələndirdiyiniz bina istənilən effekti verməyəcəkdir. Əksinə, o qədər də cazibədar olmayan layihəni isə işığın gücü ilə olduqca cazibədar etmək mümkündür.

İşıq dedikdə, əlbəttə onun “qardaşı” hesab edilən kölgəni yaddan çıxarmaq lazım deyil. Bu məqalədə istərdim kölgə ilə əldə olunacaq effektə diqqətinizi çəkim.

Əgər işıqla “oynamaq” qərarına gəliriksə, mütləq, cəhətləri nəzərdən keçirmək lazımdır. Layihəyə görə günün haradan çıxıb, harada batmasını əlbəttə layihələndirməmişdən öncə öyrənmək lazımdır.

Cəhətlərin xarakteristik xüsusiyyətləri barədə Mattew Fredrick’in “101 Things I learned in Architecture School” kitabından sitat gətirməklə məlumat vermək istərdim.

“Gün işığının qədəri, dərəcəsi və rəngi kompasın göstərdiyi istiqamətə və gün ərzindəki vaxta görə dəyişir. Şimal yarımkürədə:

– Şimal –a baxan pəncərəyə düşən gün işığı ilin və günün böyük hissəsində kölgəsiz, dağınıq və rəngsiz, açıq boz rəngdə olur (Azərbaycanda şimal daha soyuq hesab edilir, əsasən Şimal-Qərb)

– Şərq dən gələn gün işığının təsiri, ən çox səhərlər hiss edilir. Zəif təsirlidir, yumşaq və uzun kölgələr yaradır. Tünd sarı rəngdə olur.

– Cənub dan gələn gün işığının təsiri güclü gün işığı təsiri ilə özünü göstərir. Rəngləri olduğu kimi canlandırır, güclü və kəskin kölgələr yaradır

– Qərb dən gələn gün işığının təsiri ən çox günortadan sonra və axşamtərəfi özünü göstərir, dolğun qızılı-narıncı rəngdədir. Binaların içərisinə dərinliklə daxil olur və bəzən təsirini güclü şəkildə hiss etdirir”

Cəhətlərin bu xüsusiyyətini hər zaman nəzərdə saxlayın və hər bir layihədə mütləq bunu yada salın. İqlimi nəzərə alınmamış memarlıq, məkana yad memarlıqdır. Keçək kölgədən necə istifadə edə biləcəyimizə baxaq;

Təsəvvür edin ki, evin mətbəxində xüsusi aura yaratmaq istəyirsiniz. Nəzərə alsaq ki, insan günə başlarkən ilk olaraq mətbəxdən başlayır (yataq otağı burada ikinci plana keçir), deməli mətbəxdə insana enerji verən nəsə olmalıdır ki, o evdə yaşayan insan gününü pozitiv enerji ilə davam edə bilsin. Bu səbəbdən evin mətbəxini cəhətlərə görə şərqə baxan hissədə yerləşdiririk, evə şərqin enerji verən günəşini mətbəxin böyük hissəsinə salırıq. Bunun üçün bizə geniş pəncərələr lazımdır.

Yada salmaq istərdim ki, səhər saat 11 -ə qədərki gün işıqları xeyirli hesb edilir və istisi zəif olduğu üçün yandırıcılığı da azdır. Ziyanlı gün şüaları saat 11:30 –dan başalayaraq təxminən 17, 17:30 –a kimi davam edir. Bu saatlarda gün cənubda olduğu üçün evin cənuba baxan hissəsində pəncərələri günəşdən qorunan şəkildə dizayn etmək məsləhətlidir.

Ancaq kölgəsiz gün işığı interyerdə darıqdırıcılıq yarada bilər. Bu səbəbdən təbiətə qarşı olan təlabatımızı işə salmalı və təbiətdən bir parçanı interyerə gətirməliyik. Təbii ki, birbaşa yox. Əgər bizə lazım olan iki ünsürdən biri günəş və onun işığıdırsa, digər ünsür isə ağac və onun kölgəsi ola bilər (bu eyni zamanda təbii pərdə rolunu oynayır, başqa tərəfdən bunu pəncərələrin fonunu ağaclarla bəzəmək kimi də qəbul etmək olar)

İndi rəssam kimi düşünün. Evin interyerinin bir hissəsini tutan bitkilərin kölgəsi hansı formada olsa interyeri tamamlamış olar? Məsələn, tropik ölkədə ev layihələndirirsinizsə, və ya layihəniz bağ evidirsə, yayda, isti fəsillərdə yaşadığınız evdirsə orada palma ağacı, və onun yarpaqlarından çıxan ekzotik kölgələr evə daha çox yaraşar.

Başqa bir interyer təsəvvür edin. Neoklassik layihənin daxilindəki kölgə söyüd ağacının kölgələri ola bilər. Daha incə və romantik. Və ya Minimalist interyerin xatakterinə uyğun olaraq dairəvi kol tipli dekorativ ağacın kölgəsi, Postmodern layihədə enliyarpaqlı ağacın kölgəsi və s. (bu üslubda olan tək interyer yox, eksteryerlərdə də bu “oyun”dan istifadə etmək olar)

Eyni zamanda patio adlandırdığımız yarı-açıq, yarı-qapalı interyerlərdə bu effektdən istifadənin imkanları daha da artır. Burada həm bitkiləri sərgiləmək, həm onlardan canlı səth yaratmaq, həm də kölgəliklər əldə etmək mümükündür.

Bundan əlavə, interyedə bitki ilə verilən duyğusal işlərdən başqa jalüzlə də interyerə xarakterik ab-hava qatmaq olar. Xüsusilə köhnə dəbli, loft üslublu interyerlərdə.

Tək evlərdə və ya binalarda yox, hətta parklarda da bunu nəzərə alıb, qeyri-adi baxış bucaqları yaratmaq lazımdır.

Bütün bunlar interyerə canlılıq qatır və insanın duyğusuna müsbət təsir göstərir. Hər nə qədər qəribə səslənsə də, interyerdə ağac kökgələri ilə döşəməyə, divarlara portret çəkmək mümkündür və bunu biz memarlar etməliyik.

QEYD: internetdə axtarış edərkən aşağıdakı videoya rast gəldim, burdakı kimi qeyri-adi bitkilərdən də istifadə edib fərqli “rəssamlıq kompozisiyaları” əldə etmək olar