Qırmızı Körpü

tən həftə (27 iyul, 2012-ci il) Bakı Müasir İncəsənət Muzeyində növbəti memarlıq kitabı olan Qırmızı Körpü – Müasir Cənubi Qafqaz Memarları kitabının təmtəraqlı təqdimat mərasimi keçirildi.

Kitabın ərsəyə gəlməsində əsas təşəbbüsü, bununla artıq bir neçə kitabın müəllifi olmuş, memar Elçin Əliyev göstərmişdir. Kitabın iki müəllifi vardır- Elçin Əliyev və memarlıq sənətini dərindən araşdıran və yüzlərlə məqalə və kitab müəllifi olan Nino Laghidze. Kitab Azərbaycan və Gürcüstanın müasir memarları və onların layihələrinin cəmini təşkil edən kataloq şəklindədir və 3 cilddən ibarətdir. İki cild memarların işlərini əks etdirir, üçüncü cild isə barəsində danışılan memarların əlaqə vasitələrindən ibarətdir.

Belə kitabların buraxılması olduqca gözəl haldır. Sizin də bildiyiniz kimi müasir dövrdə Azərbaycan dilində memarlıq haqda məlumat qıtlığı yaşayırıq. Bu səbəbdən kitab nəşri ilə məşğul olduğu üçün Elçin bəyə təşəkkür edirəm.

Kitabda onlarla Azərbaycan və Gürcü memarı haqda kiçik məlumat və layihələr təqdim olunmuşdur. Fikrimcə kitabda yer alan bəzi layihələr belə mötəbər kitab üçün artıqdır. Bəzi memar və memarlıq nümunələrini bu kitaba qətiyyən yaraşdırmadım. Bundan əlavə bir çox görkəmli memar haqda da heç bir məlumata rast gəlmək olmur. Gürcü memarlarından kimlərin olub-olmamasını deyə bilməsəm də, Azərbaycanın ən görkəmli memarlarını bu kitabda görmək istəyərdim. Məsələn, Müasir Azərbaycan memarlığının əsas daşıyıcı sütunları hesab etdiyim memar Rəhim Seyfullayev və Nəriman İmaməliyevin layihələrinin kitabda yer almaması, bu cür kitab üçün fikrimcə böyük boşluqdur.

Bundan əlavə, təkcə yaşayan memarlarımız yox, eyni zamanda artıq dünyasını dəyişmiş dahi memarlarımız haqda da kiçik bölmə olmasını gözləyirdim, təəssüf ki, ona da rast gəlmədim. Halbuki, dünyasını dəyişmiş bir çox memarımız var ki, kitabda yer alan memarların böyük əksəriyyətindən qat-qat böyük memarlar idi. Təəssüf ki, onlar haqda heç bir layihə və ya barələrində xatirələr əks olunmayıb. Başa düşmək olar ki, bu kitabda söhbət müasir memarlardan və memarlıqdan gedir, buna baxmayaraq giriş hissə kimi, dövrümüzün mwasir memarlığının təməl daşlarını qoyan keçmiş memarlardan az da olsa söz açılması gözəl olardı.

Bütün bunlar mənim nəzərimdə çatışmazlıqlar olsa da, ümumilikdə kitabın buraxılmasını müsbət hal kimi qiymətləndirirəm və bu tip addımların ardıkəsilməz olmasını Azərbaycan memarlığına diləyirəm.

QEYD: kitabın online versiyasını bu keçiddən əldə edə bilərsiniz