Fotorqraflar Evi

on bir neçə aydır ki, məqalə yayımlamıram. İlk növbədə belə gecikdiyim üçün daimi oxucularımdan üzr istəyirəm. Bunun səbəbi aylardır diplom layihəm üzərində işlərim və üstə gəl digər işlər. Yazmağa təlabat hədsiz çox olsa da vaxt edə bilmirdim. Amma indi nəhayət ki, diplom layihəmi bitirdim və hətta yüksək qiymətlə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu oldum.

Bu qədər aradan sonra sizlərlə diplom layihəmin müdafiəsini bölüşmək istərdim. Müdafiə üçün yazdığım referatı olduğu kimi aşağıdan başlayaraq oxuya bilərsiniz.

REFERAT:

Layihənin Yerləşdiyi Ərazi Haqda:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 dekabr, 2011 –ci il sərəncamı ilə Bakı Dənizkənarı Bulvarının genişlənməsi nəzərə alınaraq hal-hazırda istifadəsiz qalmış torpaqlarda yaxın gələcək üçün layihə təklifi irəli sürülür. Bu layihə – “Fotoqraflar Evi” mədəniyyət mərkəzidir. Layihəni təklif edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsi, diplomçu – Urfan Məmmədovdur.

Layihənin yerinin seçilməsində ilk növbətə günü-gündən gözəlləşən, böyüyən Bakı üçün yeni mədəniyyət mərkəzlərinə olan təlabat nəzərə alınmışdır. Bakı Dənizkənarı Bulvarının hal-hazırkı ərazisində bir çox mədəniyyət mərkəzləri – Xalça Muzeyi, Muğam Mərkəzi, Muzey Mərkəzi və s. kimi mədəniyyət ocaqlarının olması və insanlar tərəfindən kütləvi istifadəsi, yeni salınacaq Bulvar ərazisində də Mədəniyyət Mərkəzlərinin yaradılmasını vacib edir.

Bundan əlavə gələcək üçün nəzərdə tutulan və hal-hazırda üzərində layihələndirmə işləri aparılan nəhəng layihə – Bakı Ağ Şəhər layihəsi də memarlar tərəfindən hazırlanmaqdadır. Fotoqraflar Evi layihəsinin yerləşdiyi ərazi Nobel Prospektində yerləşməsi nəzərdə tutulur ki, bu da yeni salınacaq Ağ Şəhərə yaxındır. Bu o deməkdir ki, belə çoxfunksional mədəniyyət mərkəzinin həmin ərazidə yerləşməsi yeni mədəniyyət mərkəzinə olan  təlabatı ödəyəcəkdir.

Layihənin Mövzusu Haqda:

Azərbaycan dünya ölkələri sırasında nəhəng ölkələrlə müqayisə onunacaq dərəcədə sürətlə inkişaf etməkdədir. Əlbəttə bu işdə incəsənətin rolu danılmazdır. Azərbaycan, rəssamları, heykəltəraşları, musiqiçiləri və eyni zamanta foto mütəxəssisləri ilə bir çox ölkədən daha dərin köklərə malikdir. Bu səbəbdən həmin incəsənət növləri ilə məşğul olan sənətçilərin tədris və inkişaf ocaqlarının yaradılması inkişaf edən ölkə olaraq Azərbaycanın qarşısına qoyulan ən başlıca prioritetlərdəndir.

Azərbaycan fotoqrafiya tarixi çoxillik irsə sahib olsa da, müasir fotoqraflarımızın sayı günü-gündən artsa da, təəssüf ki, bir çox ölkədə mövcud olan Fotoqrafiya evi ölkəmizdə hələ ki, mövcud deyildir. Bunu nəzərə alıb IV kurs tələbəsi olaraq diplom işimi Fotoqrafiya Evi mövzusunu seçmək qərarına gəldik. Ancaq fikir versəniz görərsiniz ki, bütün dünyadan fərqli olaraq bu mərkəzi “Fotoqrafiya Evi” yox, məhz “Fotoqraflar Evi” adlandırdıq və ilk gündən bu fərqləndirici xüsusiyyəti öz qarşımıza həll olunası ən vacib məsələ kimi seçdik.

Söhbət memarlıqda insan amilindən gedir. İdeyamız yaradılacaq mərkəzdə fotoqrafiyadan daha çox fotoqrafların, sənətçi ruhlu insanların ünsiyyət şəraitini təşkil etmək, onlar üçün yaradıcılıq həvəsi oyadan mühit formalaşdırmaqdan ibarətdir.

Rəssam kimi bunu yaxşı başa düşürəm ki, yaratmaq üçün hər nə qədər ideal şəraitin, avadanlıqların və s. olsa da əsl yaradıcı mühitin olmadığı məkandan ideal əsərlərin ərsəyə gəlməsi real deyil. Məhz bu səbəbdən bütün texniki və ictimai zonaların yerləşməsində, əlaqələndirilməsində və s. -də sırf insan amilini nəzərə alaraq layihələndirdim və layihəmin adını “Fotoqraflar Evi” təyin etdik.

Bu qərarı qəbul etməyimə Azərbaycanın ən görkəmli fotoqraf və foto mutəxəsissləri ilə görüşlərimin, eyni zamanda gənc fotoqraflarla söhbətlərim böyük təsiri oldu. Düşünürəm ki, bu mərkəzdə həmin mühiti əldə etməyə qadir olmuşuq. Bunun üçün layihənin planında da nəzərə çarpan “səmimi ünsiyyət məkanları”, təbiətlə insanın sıx əlaqəsinə köklənmiş daxili həyət dizaynı və s. məkanlar da yaratdım.

Layihənin Konsepti Haqda:

Fotoqraflar Evi kompleksi 2 binadan ibarət olub, 3-cü artırılmış hissəyə malikdir. Bu konsepti yaratmaqda məqsədim və ilham qaynağım fotoqrafiya sənəti oldu.

Bildiyimiz kimi fotoqrafiyada 2 tərəf – Subyekt və Obyekt, yəni Fotonu çəkənlə – çəkilən tərəf var. Bu ideyanı başlıca tutaraq layihəni 2 binadan ibarət olmaqla layihələndirdim.

Daxili məkanların planlaşdırılmasında qarşıma iki vacib məsələ qoydum – binanın fotoqraflara məxsus texniki tərəfləri və insanların ixtiyarına verilmiş ictimai tərəf. Binanı iki hissədən ibarət edib, bir hissəni “fotoqraf”, digər hissəni isə “fotoqrafın obyekti” və ya “poza verən insan” adlandırıb, layihənin texniki tərəflərini kompleksin I hissəsində, insanlara məxsus əraziləri isə kompleksin II hissəsində yerləşdirdim. Bu səbəbdən kompleksin I hissəsi daha sərt və dəqiq xarakterli olsa da, II hissə sanki “poza verən”, dinamik xarakteri ilə seçilir.

Bu hissələri obrazlı olaraq I hissəni “kişi” və II hissəni “qadın” adlandıraraq hətta ilahi mövzu – sevgi mövzusundan istifadə etdim. Bir halda ki, bu kompleksdə insan fəaliyyəti və yaradıcılığı yer alacaq, deməli bina özü də insanı əks etdirməldir.


Bu səbəbdən binanın fasad və plan bölgülərində “memarlığın qədim sirrləri” sayılan ilahi bölgülərdən, Tanrının insan və təbiət üzərində yaratdığı ilahi “Qızıl Bölgü”dən istifadə  edərək məqsədimə bir addım daha yaxınlaşdım.

Üstəlik bu iki hissə arasında yerləşən dayaz hovuz da vardır ki, bunun da fəlsəfəsi bu iki hissə, Obyekt və Subtekt, foto çəkən və çəkilən və ya iki sevgili arasına heç kimin girə bilməməsinə işarədir. Bu, “ilahi qüvvələri heç kim ayıra bilməz” deməkdir.

Binanın II hissəsi adlandırdığım bölməsinə birləşik III əlavə çıxarılmış hissə də vardır ki, burada sırf vahiməli məkan formalaşdırmağı qarşıma məqsəd qoymuşdum. Azəbaycanın ən yaralı yeri sayılan Qarabağ müharibələrini layihədə yaddan çıxarmaq olmazdı. Bu səbəbdən sırf Qarabağ dəhşətlərini göz önünə gətirən “Qarabağ Müharibəsi” salonunu dizayn etdim. Bu salona gedən yolu keçid-dəhliz kimi verərək, keçidin divarlarında Qarabağın tarixinə aid xranaloji silsilə fotoların yerləşdirilməsini və dəhlizin sonunda bu tarixin pik nöqtəsi sayılan Qarabağ müharibəsinə dair fotoların əks olunmasını nəzərə aldım və belə bir salon yaradılmasını özümə borc bildim. Bu salonun xüsusi təbii işıqlanması, daxili məkanın mütənasiblikləri və ümumiyyətlə bu hissənin həndəsi formaları ilə, bir Azərbaycanlı olaraq keçirdiyim hissləri fəlsəfi mənada əks etdirməyə çalışdım.

Qarabağ salonu həm Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, həm də o dövrü gələcək nəsillərə çatdıran foto əsərlərin nümayişi baxımından kompleksin yaradılmış xüsusi guşəsi sayılır.

Layihənin Memarlığı Haqda:

Layihə memarlıq baxımından mürəkkəb xarakterlidir və 4 illik ADRA təhsilimin bəhrəsidir. Hər qarışında memarın axtarışları hiss olunan layihə eksperimentlərlə zəngindir.

Layihədə əsas üslüblar Funksionalizm və Konstruktivizmdir. Qısa olaraq bu üslubların tərifini versək “Funksiya ilə yaradılan gözəllik funksionalsitdir”, “Konstruksiya ilə yaradılan gözəllik isə konstruktivdir”. Təbii ki, bu iki üslubun adı gələndə aydın olur ki, söhbət XX əsr memarlıq ənənələrindən gedir, çünki funksiya və ya konstruksiya ilə bütün dövr memarlığında gözəlliklər yaradılmağa başlansa da, funksionalizm və konstruktivizm terminləri XX əsrin törəməsidir və onlar özlüyündə böyük memarlıq məktəbini əks etdirir.

Layihəyə başlamazdan əvvəl bunun ilk olaraq funksional həllinin düzgün yerinə yetirilməsi məsələsini qarşıma həll olunacaq əsas məsələlərdən biri kimi qoydum. Məqsəd həm ictimai, həm də texniki istifadəyə veriləcək məkanların maksimal rahatlığını əldə etmək idi. Bu səbəbdən binada yerləşən otaqların funksiyası və ardıcıllığı maksimal dərəcədə düzgün yerləşdirilməlidir.

Funksionalizmin obrazlı desək qardaşı sayılan konstruktivizmin layihədə tutduğu yer də olduqca önəmlidir. Səbəb layihənin mövzusundadır. Fotoqrafiya dedikdə ilk ağla gələnlərdən biri texniki avadanlıqdır ki, bu xarakteri layihəyə qatmaq üçün yalnız konstruktivizmə müraciət etməklə əldə edə bilərdim.

Birbaşa konstruktivizm elementlərini binanın “Obyekti” sayılan hisəsində bütöv şüşə divarın həllində və onun yükdaşıyıcı konstuksiyasının tamamının binanın fasadına çıxarılmasında görə bilərsiniz. Bu səbəbsiz deyil, məqsəd, interyerdə hamar səth əldə etmək, və çölə çıxarılmış konstruksiyanın içəri daxil olan çılğın kölgələrinin sərgi salonunda yaratdığı ecazkarlıqdır. Və bu estetik tərzdə həll olunaraq binanın “poza verən” hissəsinə xüsusi ehtiras və cazibədarlıq qatır.

Bundan başqa, iki bina arasındakı keçidin dəmir dayaqlar və zəhmli daşıyıcı beton tirlərdən ibarət olması da konstruktivizm elementi kimi diqqəti çəlb edir. Bu keçidin mahiyyəti funksiyadan əlavə, həm də iki bina arasında möhkəm əlaqə yaratmaqdır ki, bu da binanın konseptində yatan fəlsəfi düşüncənin möhkəmlənməsinə kömək edir.

Ümumiyyətlə iki bina arasında keçid layihələndirərkən 2 nəticə əldə etmək mümkündür. Birinci olaraq, layihədəki binaları biri-birindən ayrı göstərmək istəyirsinizsə, keçidin maksimal şəkildə sadə layihələndirmək lazımdır ki, bina vizual olaraq iki ayrı hissədən ibarət görünsün. Bu layihədə isə iki hissə bir yerdə baxılmalı və onlar ayrılmaz görünməlidir. Bu səbəbdən iki bina arasındakı keçidi bir qədər mürəkkəb layihələndirməklə, sanki keçid elementini binanın bir parçası kimi dizayn etdim. Üstəlik binanın qarşısında dayanıb bu keçidə tamaşa etdikdə kompleksin arxa tərəfindəki artırılmış hissə də keçidin tam arxasında dayanaraq bu hissənin boşluq kimi görünməsinin qarşısını alır. Bu da qeyd etdiyim kimi kompozisiyanın bütövlüyünə gətirib çıxarır.


Binanın eyvan hissəsini saxlayan maili dəmir konstruksiya və daşıyıcı tirlər də, konstruktivizmə gözəl nümunə ola bilər. Binanın giriş portalı və interyeri üçün nəzərdə tutulmuş bəzi elementləri də nəzərə alsaq binanın yetkin konstruktivist bina adlandırmaq olar.

Kompleksə bir bağlı, bir açıq və bir həm bağlı, həm də açıq olmaqla 3 restoran yerləşir. Bu restoran-kafelər bulvarın tələbinə uyğun ölçü və normalara uyğun hazırlanmışdır.

Sərgi salonları da kiçik, orta və böyük olmaqla 3 ədəddir. Eyni zamanda kompleksə açıq hava sərgi salonu, Qalereya, Foto aparat muzeyi, Tarix muzeyi və “Qarabağ” salonu da daxildir ki, bu da kompleksin özündə bir çox vacib məkanı cəmləşdirməsi deməkdir.

Eyni zamanda kompleksin tərkibinə əhatəli kitabxana da daxildir ki, bu da Bakı şəhərinin bu hissəsində kitabxanaya olan ehtiyacı ödəmək iqtidarındadır.

Kompleksin zirzəmi mərtəbəsi sırf texniki zonalarla əhatələndiyi üçün böyük atriumla ab-havası yumşaldılmış, təbii işıq və təbiətin özü ilə zənginləşdirilmişdir. Daxili həyətdə müxtəlif bitki və ağaclar nəzərdə tutulmuşdur. Üstəlik planın axışqanlığı və insanların təbiətlə birbaşa təmasda olması, ona toxunması üçün daxili həyətin içərisindən təbii daş döşənmiş yollar da keçir. Bu da insan amilinin nəzərə alınması, insanları zirzəmi şəraitində belə təbiətlə bir yerdə yerləşdirməyin mümükünlüyü deməkdir.

Kompleksdə istifadə olunan fasad materialları müasir dövrün ən çox istifadə olunan və memarlıq baxımından layihənin xarakterini tamamlayan xüsusiyyətlərinə görə seçilir. Burada, ağ konstruktiv parlaq metal, qara mat metal, qırmızı metal, qara taxta, ağ taxta, səthi beton, brut beton, kələ-kötür fakturalı beton, şüşə və s. müasir materiallar işlənmişdir. Bütün bu materiallar layihənin xarakteri, çatdırmaq istədiyi ideya, iqlim, gecə görüntüsü və s. nəzərə alınmaqla, yüksək həssaslıqla seçilib. Buradakı bir çox materiallar Azərbaycan üçün yenilikdir və bəziləri ilk dəfə məhz bu layihədə istifadə olunur.

Kompleksdə yer alan iki binaya 10 ədəd giriş və çıxışların olması funksionallıq və təhlükəsizlik baxımından istifadəyə böyük üstünlük verir. Layihənin yerləşdiyi ərazinin landşaft dizaynı da XX əsrin nəhəng memarlıq məktəbi sayılan Bauhaus və onun qabaqcıllarından olan Mondrian bədii təcrübəsindən istifadə olunaraq estetiklik və funksionallıq baxımından istifadəyə tam yararlıdır.

Fotoqraflar Evi layihəsinin istər memarlıq baxımından, istərsə də qarşısına qoyduğu öhdəliklər baxımından Azərbaycanın hal-hazırki inkişaf yolunda lazım ola biləcək mühitin yaradılmasında əvəzsiz xidmətlər göstərəcəyi şübhəsizdir.

Bununla da Diplom layihəmi uğurla başa vurub layihədən 10 və təqdimatdan da 10 alaraq, indiyə qədər ki bütün memarlıq qiymətlərimi 10 etməyə nail oldum və qırmızı diplomla qiymətləndirildim :-)

QEYD: bütün memar həmkarlarıma işlərində uğur arzu edirəm, xüsusilə həyatda bir dəfə layihələndirilən diplom işilərində