Memarlıqda insan amili və uşaqlar üçün müasir guşə

emarlıq – içərisində insan yaşayan maşındır (bu sözlər modern memarlığın atası sayılan Korbuzyeyə məxsusdur). Bu səbəbdən onu elə layihələndirmək lazımdır ki, insan orada ideal həyat tərzinə qovuşa bilsin.

Memarlıq layihəsi verərkən “insan amili” nəzərə alınmalı və onun üçün xüsusi guşələr yaradılmalıdır. Məsələn, kitab oxumağı sevən sakin üçün, səssiz, isti, işıqlı məkan dizayn etmək lazımdır, pionist üçün onu vəcdə gətirə biləcək ilahi cizgilər, rəssam üçün azad şəkildə çəkmək, boyaları yerə dağıda bilmək, yaşayıb yaratmaq üçün emalatxana və s. layihələndirmək lazımdır ki, həmin insanlar orada özlərini dünyanın ən xoşbəxt insanı hiss etsin.

Hər bir insana evi hər yerdən xoş olduğu kimi evin daxilində də müəyyən guşələr fərqli-fərqli insanlar üçün sığınacaq, bütün dərdləri unudub rahatlıq tapacağı yerlər olmalıdır.

Yaşlı, yetişkin insanlar üçün bunu yaratmaq asandır, çünki onlar öz istəklərini bilir, peşəsini, xasiyyətini, arzusunu bilir, buna görə də onlar üçün layihələnidrmək nisbətən asandır. Çətin olan, hər bir sivilisasiyanın dayağı olan uşaqlar üçün məkanların yaradılmasıdır.

İstənilən gələcək uğurlu insanın keçmişində, uşaqlıq illəridə gələcəyi üçün təsirsiz ötüşməyən anlar, hadisələr olur. Bu ona əsas verir ki, uşaqlıq illəri yadda qalan, xoş keçməlidir. Bu səbəbdən uşaqların oynaması, gözəl vaxt keçirməsi, öyrənməsi üçün düzgün, etibarlı, təhlükəsiz dizaynlara ehtiyac var.

XXI əsr memarları bunu yaxşı başa düşür və balacalar üçün belə müasir evciklər yaradırlar. Bunları başa gətirmək olduqca ucuzdur. Hazır şəkildə almaqla yanaşı həm də onları hər bir sakin öz övladı ilə birgə düzəldə bilər. Bu ənənə yüz illərdən bəri mövcud olsa da, bizim əsrdə artıq onlar da ixtisaslaşmış formada meydana çıxır.

Bu evciklər memarlıq baxımından da memara kömək olur – evin layihəsini tamamlamaqda, öz üslubuna uyğun olan evcik layihələndirməklə insana olan qayğını artırmaqda və s.-də. İstənilən üslubda belə evləri layihələndirmək olar, klassikadan tutmuş ultra-müasir üslublara qədər. Evciklər ümumi ansablın kompozisiyasından asılı olaraq seçilsə daha düzgün olar. Və ya köhnə, ağır kompozisiyalı evə sərinlik gətirməsi üçün bədii kontras yaradan formada müasir tipli də ola bilər.

Üstəlik bunlar sadəcə şəkildəkilərlə kifayətlənmirlər, şəkillərə baxıb yüzlərlə fərqli konsept düşünüb yaratmaq olar. Əminəm ki, həyətində belə evciyi olan ailənin övladı öz uşaqlığını daha maraqlı keçirəcəkdir və bu onun gələcək həyatında təsirsiz ötüşməyəcəkdir.

QEYD: Ümid edirəm bu məqalə memar həmkarlarıma ilham mənbəyi olar, insan amili hər zaman, bütün layihələrin açarıdır.