Ustadla görüş

n doqquz aprel Azərbaycan memarlığının daşıyıcı sütunlarından biri sayılan memarımız – mərhum Mikayıl Hüseynovun doğum günü oldu. Ustad haqda əvvəlki mövzularda müəyyən məsələləri müzakirə etmişdik. Memarın həyatı və layihələri haqda, Neft Tenikləri sarayının təhlili və məşhur bağ evinin söküləcəyi təhlükəsi, eyni zamanda həmin evin böyük məktəb olmasına sübut olacaq evin təhlili barədə mövzulara toxunmuşduq.

Bu həftə memarın doğum günü ilə əlaqədar bağ evinin nə vəziyyətdə olmasını araşdırmaq üçün gənc memar dostlarımla həmin bağ evinin yerləşdiyi Bakının Buzovna kəndinə yollandıq. Ancaq getməyimizə peşman olduq. Ürək ağrısı ilə qeyd edirəm ki, Mikayıl Hüseynovun bağ evi tamamilə sökülüb və yerində biyabrçı bir ev tikilib. Heç bir estetik gözəlliyi olmayan eybəcər, o cür şedevrin yerinə keçib.

Əgər evin təhlili ilə tanış olsanız, bu cür yaradıcılıq incisinin sökülməsinin biz memarlar üçün verdiyi ürək ağrısını başa düşərsiniz. Həqiqətən çox təəssüf olunası hadisədir. Ən azından evi restovrasiya edib, memarın arxivlərdə it-bat olan, bir kənara atılan layihələrini bir yerə yığmaq və gənc memar tələbələr üçün həmin evə ekskursiyalar təşkil etmək olardı.

Bu keçiddən evin təhlili ilə tanış ola bilərsiniz. Fikir verin kiçik fasadda gizlənmiş memarlıq incilərinə – geometrik ritmlərə, musiqi ritmlərinə, ilahi bölgülərə və iqlim baxımından binanın mövqeyinə, funksiyasına görə planın ideal həllinə. Şübhəsiz demək olar ki, 1965 –ci ildə tikilmiş bu bağ evi Azərbaycan memarlığının ən dəyərli incilərindən biri idi.

Siz evin xırda detalı sayıla biləcək pilləkənin dizaynlarına fikir verin. 60, 70-ci illər üçün hədsiz müasir və yüksək zövqlü dizayna malik pilləkənlər memarın düvrünü  on illərlə qabaqlamasından xəbər verir.

Birinci dəfə orada 2010 –cu ildə olmuşdum və bu səfər həyatımda silinməz iz qoymuşdu. Ümumiyyətlə memarın dövlət üçün, sahibkarlar üçün layihələndirdiyi binalar başqa, özü üçün layihələndirdiyi ev tamam başqa əhəmiyyət kəsb edir. Orada yaradıcılıqla məşğul olan memarın enerjisi başqa bütün yerlərdən çoxdur və həmin evdə olanda memarın saf yaradıcılıq enerjisini birbaşa hiss edirsən, özü də bu cür memardan. Çox təəssüf ki, bizdən sonra gələn memarlıq nəsli bu enerjidən yararlana bilməyəcək. Fikrimcə evin son dövrlərdə baxımsız qalması və sonda sökülməsi ölkə memarlığı adına böyük ləkədir.

Milyonçu ailəsidə dünyaya gələn memar heç bir zaman ailə həyatı qurmayıb. Memar 1992 –ci ildə, Azərbaycanda siyasi gərginliklər dövründə dünyasını dəyişib. Fikrimcə bu cür qarışıqlıqda evə sahib çıxanların olmaması və hərc-mərcliklər ucbatından son dövrlərdə ev kimsəsiz qalmış və sonda hansısa sahibkara satılmışdır.

Memarla mənəvi görüşümüz bağ evində baş tutmasa da, Fəxri Xiyabanda memarın məzarı üstündə mərhumu yad edə bildik, və ruhuna dualar oxuduq. Son dövrlər layihələrinin sökülməsi memarın ruhunu incitməyə bilməz. Allah ustad memara rəhmət eləsin. İnşAllah bu cür səhvlər bundan sonra təkrarlanmaz.

QEYD: fotolar üçün göstərdiyi köməkliyə və yol yoldaşlığı üçün gənc memar dostlarım Pərviz Poluxzadə Sübhan Manafzadəyə dərin təşəkkürümü bildirirəm.