Eskiz 5-ci hissə (klauzura)

u gün sizə memarlıqdan fərdi inkşaf üçün lazım olan, belə desək, “memarlıq məşqi” ndən söz açacağam. Hər bir sənət sahəsində olduğu kimi memarlıqda da mütləqdir ki, öz üzərində çalışasan, məşqlər edəsən, daim axtarışda olasan. Yalnız bu yolla nəyəsə nail olmaq mümkündür, ələlxüsus da memarlıqda. Təəssüf ki, müasir təhsil siztemimizdə bu cür məşqlərə demək olar ki, fikir verən yoxdur. Tələbələrə tələbkar olmayan müəllimlərlə yanaşı, müəllimlərə tələbkar olmayan tələbələrin olması hamıya aydındır ki, hal-hazırki təhsilimizin ən başlıca prolemidir. Buna görə də çalışacağam ki, bir çox tələbə və memarların nəzərindən qaçmış, hətta artıq unudulmaq üzrə olan, amma olduqca maraqlı memarlıq çalışmasından söz açım. Buna Klauzura deyilir.

Klauzura latın sözündən gəlir. Latıncadan “klauzula” kimi deyilən söz bizə “klauzura” formasında ruslardan keçib. Hərfi tərcüməsi bir növ “göstərmək” deməkdir. Yəni beyindəki ideyanı açıb göstərmək. Tərifinə isə qeyri-rəsmi olaraq demək olar ki: “Qısa vaxt ərzində həll edilən layihə”. Elə bir layihə ki, 1- 2 saata kağız üzərində həm binanın fasadları, həm perspektiv görünüşləri, planları və baş planı – bir sözlə – eskiz layihə üçün lazım olan hər bir xırdalıqların çəkilməsi.

Bu cür çalışmaları tək layihə lazım olan vaxtlar yox, həm də boş vaxt tapan kimi də cızma-qara etmək lazımdır. İnanın ki, memara boş vaxtlarını daha səmərəli keçirmək üçün ən ideal çıxış yolu klauzura işləməkdir. Bununla insanın beyninə elə ideyalar, elə formalar, elə planlaşdırmalar gəlir ki, nə vaxtsa bu tapıntılar mütləq köməyinizə gələcəkdir.

Gəlin bir yerdə nümunələrlə birlikdə klauzurada əsas nələrə fikir vermək lazımdır ona baxaq:

Aşağıdakı rəsmi tam klauzura adlandırmaq olar. Çünki burada binanın perspektiv görünüşləri, planlaşdırma təsnifatı, fasad görünüşü, binaya əsas giriş – çıxışlar və ən əsası izahat var. Ümumiyyətlə klauzurada fikir veriləsi əsas məsələ onun çəkildiyi kağızda 60% -in qeydlərə ayrılmasıdır. Çünki əsl memarlıqda hər bir elementin, hər bir xəttin mənası var. Bunu kənarda qeyd etməyin üstünlüyü ondadır ki, beyin ikiqat düşünməyə başlayır və layihəni daha da zənginləşdirmək yönümlü işləyir. Yeri gəlmişkən klauzurada insan siluetləri çəkmək məsləhətlidir, beləcə iş daha canlı görünəcək.

Aşağıdakı rəsm artıq “Eskiz (2-ci hissə)” məqaləsindən tanışdır (ümumiyyətlə sırf klauzuraya aidiyyatı olan eskizlərimdən 2-3 -nü bu məqalədə də yerləşdirəcəm ki, klauzurada fikir verilməsi məqamları vurğulayım). Burada əsas rənglə işləməyin üstünlüyünü vurğulamaq istərdim. Rəng və kölgələrlə işlənən hər bir eskizdə forma, məzmun daha yaxşı qavranılır. Və ən əsası klauzurada cəhətləri (xüsusilə şimalı) göstərməyə çalışın. Beləcə sizin qarşınızda daha bir memarlıq problemi dayanacaq – iqlim məsələsi. Belə ki, iqlim memarlığın ayrılmaz tərkib hissəsidir. İqlimə görə memarlıq öz formasını alır. Necə ki, təbiətin özü də iqlimə görə formalaşır, bu memarlığa da bilavasitə təsir edir. Məsələn, dağlar, meşələr, ağaclar, insan irqi, heyvanat aləmi və s. sırf iqlim əsasında öz formasını alırsa, memarlıq da bu səbəblərə görə formalaşmalıdır. Bu barədə gələcək mövzularımın birində daha xırdalıqları ilə söz açacağam.

Bir də fikir verin, binaların landşaft memarlığını da klauzurada göstərəsiniz. Bu memarlığan ayrıca tərkib hissəsidir, hər bir layihədə ayrıca həll olunmalıdır. Beləliklə klauzurada landşaftı çəkməklə sizdə memarlığın başqa istiqamətində yaradıcılıq vərdişləri yaranacaqdır.

Bu klauzurada isə kəsiyi çəkərək formadan əldə etdiyim üstünlüyü vurğulamışam. Bu işıq amilidir. Landşaft kimi işıq da memarlığın ayrılmaz tərkib hissəsi olduğu üçün ideyalarınızda onu vurğulamaq yerinə düşərdi.

Aşağıdakı klauzurada isə motel ideyası ilə yanaşı həm də ətraf zonaların planlaşdırılmasını görə bilərsiniz. Avtomagistralın haradan keçməsi, yanğındoldurma məntəqəsi və s.-i vurğulamaq yararlıdır.

Aşağıdakı rəsimlərə fikir versəniz burada heç bir qeyd, planlaşdırma yoxdur. Bu cür klauzuralar 2 saatlıq işin ilk 10 dəqiqəsi üçündür. Belə ki, burada ümumi forma tapılır. Bunun üçün isə funksiyaya yaxın olan həndəsi forma seçilir (aşağıdakı layihə iriaşırımlı stadion olduğu üçün dairəvi həndəsi formanı seçmişəm), və mərhələ-mərhələ əlavələr artırıla-artırıla ümumi forma zənginləşir. Sanki yumşaq materialdan maket düzəldirsiniz və onu istədiyiniz kimi əyə, forma verə bilərsiniz.

Burada isə hündürmərtəbəli bina xarakterinə uyğun olaraq qutudan (və ya silindirdən) başlamaq olar.

Aşağıda daha bir neçə sadə forma ilə ev layihələri.

Aşağıdakı klauzura isə ümumi forma üçün axtarışdır. Qeydiyyatlar, planlar olmasa da, ümumi forma baxımından bu cür axtarışlar kömək olur. Buna bir növ klauzuraya giriş də demək olar.

Burada isə sadəcə fasad və perspektiv görünüş var. Amma şimal da qeyd olunub. Yuxarıda qeyd etdiyim kimi iqlim artıq binanın formalaşmasına kifayət edir.

Klauzura kimi işləməyə ən çox sevdiyim binalar muzey binalarıdır. Çünki, bu cür binalarda istənilən memari eksperimentləri aparmaq olar. Buna səbəb odur ki, muzey memarlığı içində incəsənət əsərlərini sərgilədiyi kimi, binanın özü də incəsənət əsəri kimi sərgilənə bilər. Həm də binanı bir neçə funkisonal hissəyə ayırıb ayrı-ayrılıqda memarlıq həlləri vermək, material sintezləri etmək, fərqli üslübları bir kompozisiyada birləşdirmək baxımından bu cür klauzuralardan çox şey öyrənmək olar.

Burada isə Yapon memarlığından ilham alaraq bəzi nəzəri və fəlsəfi ideyaları cəmləşdirdim. Ümumiyyətlə çalışın hər üsluba, memarlıq məktəbinə, fasad materialına və s.-lərə görə ayrıca eskizlər edəsiniz. Belə olanda beyində bu informasiyalar ömürlük həkk olunacaqdır.

QEYD: məsləhət kimi deyim ki, elə sabahdan gedin bir paçka 500 ədədlik A4 kağızı alın və onun hamısını ilin axırına qədər klauzuralarla doldurun (əlbəttə daha artığı da olar). Bunu etsəniz bir ildən sonrakı vərdişlərinizlə indiki arasında yerlə-göy qədər fərq görəcəksiniz və buna görə mənə təşəkkür edəcəksiniz :)